Məhkəmə qərarları › İş №3(078)-448/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-448/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-448/2024 17.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ-nin nümayəndəsi Nümayəndə2 və Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs (VÖEN **********) “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ-də aparılmış araşdırma nəticəsində Mərkəzin 20 nəfər işçisinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” edilmədiyi müəyyən olunmuşdur. Bununla da “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 tərəfindən “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ barəsində İXMin 469.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında icraat aparılan “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ-nin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında bildirmişdir ki, o, 2017-ci ildən müəssisənin rəhbəridir. 2017-ci ildə Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamı ilə Mərkəz PHŞ-ə çevrildi. Buna görə də Maliyyə Nazirliyi tərəfindən maliyyə ödənişləri kəsildi. “Uşaq stomotoloji Mərkəzi” “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ-nə birləşdirilmişdir. 11 nəfər işçi onlara verilsə də, həmin işçilər Uşaq Xəstəxanasında olurlar. Həmin vaxt 4 həkim ərizə yazaraq işdən çıxdı. Digər işçilərə isə maliyyə vəsaiti olmadığına görə işçilərin sığortası, digər xərcləri ödənilməyib. Bu gün də problem aradan qalxmayıb. Çünki qeyd etdiyi kimi maliyyə vəsaiti ayrılmır. 4 həkim var. Onların işlədiyi dövriyə ilə 13 işçiyə əməkhaqqı verilir. Ancaq digər 11 nəfərə maliyyə vəsaiti çatmır. Onlar sanitar, tibb bacısı və 4 həkimdir. Həkimlər demək olar ki, işləmir. Əvvəlcə Maliyyə Nazirliyi tərəfindən qarşılanıb. Xəstə ilə işləyən həkim deyillər. İşləyən 4 həkim 20-yə yaxın işçinin əməkhaqqısını çatdıra bilməz. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edib. Dotasiya ayrılmasını xahiş edib. Ancaq müraciətinə cavab verilməyib. “Uşaq stomotoloji Mərkəzi” onlara birləşdirilənə qədər heç bir problem olmayıb. Mərkəz özü öz ehtiyaclarını qarşılayıb. 11 nəfər onlara birəşdiriləndən sonra vəziyyət dəyişib. Həm həmin işçilər orada yerləşdirilməyib, olduqları yerə kassa nəzarət aparatı qoyulması mümkün deyil. Mərkəzin özündə də yer yoxdur. Başqa binaya köçməli idilər. Lakin tender baş tutmadığı üçün iş dayandı. 11 nəfər uşaq xəstəxanasında yerləşdirilsə də, sənədləri, əmrləri onlardadır. Qeyd etdiyi kimi maliyyə vəsaiti əvvəlcə uşaq xəstəxanası tərəfindən qarşılanırdı, ancaq onlar maliyyə vəsaiti ayrılmadığı üçün nəinki sığorta, əməkhaqqıları da ödənilə bilmir. 11 nəfərin 9 nəfəri Universitet tərəfindən verilən rezidentlərdir ki, onların da maliyyə vəsaiti universitet tərəfindən ödənilir. Həmin şəxslər universitetdə müəllim kimi fəaliyyət göstərir. Diş həkimi olduqlarına görə əmrlər Mərkəzdə işlənib. Əmək Müfəttişliyi tərəfindən işçilərin sığorta olunmamasına görə 1500 manat cərimə yazılıb. Məktub yeni gəlib. Qərar qüvvəyə minmədiyi üçün cərimə hələ ödənilməyib. Məhkəmə baxış iclasında Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə1 verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ-də 07 oktyabr 2024-cü il tarixdə araşdırılma aparılmışdır. 20 nəfər işçinin sığortalanması təmin edilməyib. Mərkəzin nümayəndəsi 11 nəfər işçinin olduğunu qeyd etsə də, araşdırılma zamanı işçilərin sayının 20 olduğu müəyyən edilib. “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozmuşdur. Bu barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş 3-2/3-29/2024 tarixli məktuba əsasən “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində çalışan əməkdaşların əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 108-ci maddəsinə uyğun olaraq iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzün günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmadığı müəyyən edilmişdir. 1 nəfər işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsi gecişdirilərək ödənilmişdir. Struktur dəyişikliyi ilə bağlı 16 nəfər işçinin əmək müqaviləsinə dəyişiklik edilməsi əvəzinə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi, lakin razılıq ərizələrinin alınmamışdır. İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlar və biliyin yoxlanılması təşkil olunmamışdır. 20 nəfər işçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaları təmin edilməmişdir. 11 nəfər işçinin 2 aylıq əmək haqqılarının (avqust-sentyabr) ödənilməsi təmin edilməyib. Şəxsi işlərə baxış keçirilərkən keçmiş dövrlərdə işə götürülən işçilərlə yazılı əmək müqaviləsi forması tərtib edilməmişdir. (12 avqust 2024-cü il tarixədək) “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 18.3 cü maddəsinə uyğun olaraq 25 ştat vahidi “Əmək və məşğulluq” altsistemində vakansiya bankına daxil edilməmişdir. “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 3-17-9-5/2-1707/2024 nömrəli , xx.xx.2024-cü il tarixli məktubuna verilmiş cavabda qeyd edilmişdir ki, bayram günləri ilə bağlı bizə qısaldılmış iş vaxtı haqqında heç bir məlumat verilməyib. İşçinin son haqqı- hesabı ilə bağlı yubanmalar olmuşdur. Bunun səbəbi isə biz dövlət büdcəsindən maliyyələşmədiyimizə görə hesabda kifayət qədər məbləğ olmadığına görə bu gecikmə yaranmışdır. Struktur dəyişikliyinə görə işçilərin işlərinə xitam verilib yenidən onlarla müqavilə bağlanmışdır və razılıq ərizəsi barədə bizim məlumatımız yoxdur. İSB üzrə işçilərin icbari sığorta haqlarının təmin edilməməsinin səbəbi yeni işçilərin və rezidentlərin bizə daxil olmasına görə yaranmışdır və bu nöqsanda aradan qaldırılmışdır. Mərkəz publik hüquqi şəxs statuslu olduğuu üçün özü-özün maliyyələşdirir. Bunun üçün büdcədə yetərli vəsait olmadığından mərkəzin işçilərinin əmək haqqılarında yubanbmalar olmuşdur. Bunlardan 3 nəfəri başqa müəssisələrdə işlə təmin olunmuşdur. Əvvəlki ayların əmək haqqlarının ödənilməsi üçün isə vəsaitin ayrılması aidiyyəti qurumlara bildirilmişdir. Vəsait ayrılan zaman digər aylarında əmək haqqları ödəniləcəkdir. İşçilərlə elektron əmək müqaviləsi bağladığımıza görə yazılı müqavilə bağlanmamışdır. xx.xx.2024-cü il tarixdən etibarən yazılı əmək müqaviləsi ləğv edilmişdir. Struktur dəyişikliyi olduğuna üçün vakant vəzifələr yeni iş yeri üçün nəzərdə tutulduğuna görə sistemə daxil edilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də həmin qurum sözügedən maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs (VÖEN **********) “Naxçıvan MR Ağız və Diş Sağlamlıq Mərkəzi” PHŞ Azərbaycan Respublikası İnzibati Xətalar 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar