Məhkəmə qərarları › İş №3(078)-448/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-448/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-448/2025 09.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ordubad rayonu, Aşağı Aza kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 2 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan şəhəri,X15, ev 33 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İşin halları:

1. Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində 09 oktyabr 2025ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir.

2. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Yəhyayev X8 Şəhər Məhkəməsinin 2(078)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra sənədinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir.

3. Məhkəmədə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya göndərilmişdir. Qalıq borc 2489 manat təşkil edir. Tələbkar tam şəkildə ödəniş edilməsini xahiş etmişdir. Aylıq aliment miqdarı 340 manat müəyyən edilmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında borclunun aylıq ödənişlər etdiyinini bildirərərk, borcun tam şəkildə ödənilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında, 2 ildir demək olar hər ay ödəniş etdiyini, bəzən 250-270 manat, bəzən isə 500-600 manat ödəniş etdiyini, borcların ilk ayların qalıqları olduğunu, Sentyabr ayının 30-u 201 manat ödəniş etdiyini, 2000 manata yaxın borcunun olduğunu,işi yaxşı olsa aylıq 400 manat ödəniş edəcəyini bildirərək, protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

6. İş materiallarına əlavə olunmuş 12 mart 2024-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-427/2024-cü il saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 01 fevral 2024-cü il tarixdən hesablanmaqla, 04 sentyabr 2009-cu il təvəllüdlü X4 və 02 avqust 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə isə iki uşaq üçün 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir.

7. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-427/2024 saylı, 12 mart 2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır.

8. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.

9. İş materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə xəbərdarlıq göndərilmişdir.

10. Məhkəmə tərəfindən tələb edilmiş və məhkəmə iclasında tədqiq olunmuş İcra işinin materiallarından müəyyən olunur ki, borclu tərəfindən tələbkar Zərərçəkmiş şəxs 19 aprel 2024-cü il tarixdə 380 manat, 31 may 2024-cü il tarixdə 150 manat, 30 iyun 2024-cü il tarixdə 160 manat, 31 iyul 2024-cü il tarixdə 270 manat, 05 avqust 2024-cü il tarixdə 60 manat, 27 avqust 2024-cü il tarixdə 200 manat , 11 sentyabr 2024-cü il tarixdə 100 manat, 22 sentyabr 2024-cü il tarixdə 100 manat, 30 sentyabr 2024-cü il tarixdə 500 manat, 20 oktyabr 2024-cü il tarixdə 250 manat, 29 oktyabr 2024-cü il tarixdə 200 manat, 22 noyabr 2024-cü il tarixdə 150 manat, 30 noyabr 2024-cü il tarixdə 100 manat, 20 dekabr 2024-cü il tarixdə 200 manat, 26 yanvar 2025-ci il tarixdə 500 manat,26 fevral 2025-ci il tarixdə 45 və 255 manat, 30 mart 2025-ci il tarixdə 200 manat, 28 aprel 2025-ci il tarixdə 250 manat, 29 may 2025-ci il tarixdə 300 manat, 30 iyun 2025-ci il tarixdə 200 manat, 31 iyul 2025-ci il tarixdə 250 manat, 31 avqust 2025-ci il tarixdə 201 və 30 sentyabr 2025-ci il tarixdə 190 manat ödəniş edilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

11. Məhkəmə hesab edir ki, Şəxs icra sənədini üzrsüz səbəbdən icrа etməməsi və İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulаn inzibаti xətаnı törətməsinin sübutа yetməmişdir.

12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

13. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

14. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

15. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

17. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

18. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirilməməlidir.

21. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin icra sənədlərini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, Elektron Məhkəmə Sistemindən Şəxs məlumatları üzrə axtarış zamanı pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur.

22. Həmçinin məhkəmə araşdırması zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır.

23. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur.

24. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.

25. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi borclu tərəfindən 19 aprel 2024-cü il tarixdə 380 manat, 31 may 2024-cü il tarixdə 150 manat, 30 iyun 2024-cü il tarixdə 160 manat, 31 iyul 2024-cü il tarixdə 270 manat, 05 avqust 2024-cü il tarixdə 60 manat, 27 avqust 2024-cü il tarixdə 200 manat , 11 sentyabr 2024-cü il tarixdə 100 manat, 22 sentyabr 2024-cü il tarixdə 100 manat, 30 sentyabr 2024-cü il tarixdə 500 manat, 20 oktyabr 2024-cü il tarixdə 250 manat, 29 oktyabr 2024-cü il tarixdə 200 manat, 22 noyabr 2024-cü il tarixdə 150 manat, 30 noyabr 2024-cü il tarixdə 100 manat, 20 dekabr 2024-cü il tarixdə 200 manat, 26 yanvar 2025-ci il tarixdə 500 manat,26 fevral 2025-ci il tarixdə 45 və 255 manat, 30 mart 2025-ci il tarixdə 200 manat, 28 aprel 2025-ci il tarixdə 250 manat, 29 may 2025-ci il tarixdə 300 manat, 30 iyun 2025-ci il tarixdə 200 manat, 31 iyul 2025-ci il tarixdə 250 manat, 31 avqust 2025-ci il tarixdə 201 və 30 sentyabr 2025-ci il tarixdə 190 manat ödəniş edildiyi müəyyən edilmiş, bu fakt zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmiş, eyni zamanda tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir.

27. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri).

30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

32. Həmin Məcəllənin 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

33. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq

qəraraaldı:

Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar