Məhkəmə qərarları › İş №3(078)-458/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-458/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-458/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 1 uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyata olmaqla Naxçıvan şəhəri, Atabəylər ev 1, mənzil 36 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 29 sentyabr 2023-cü il tarixli, 016230 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X13 tərəfindən tərtib olunmuş 29 sentyabr 2023-cü il tarixli, 016230 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin inzibati binasının giriş qapısında xidmət aparan polis əməkdaşları ilə mübahisə edərək uca səslə səs-küy salaraq onlara qarşı aqressiv hərəkətlər edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünün 7 il polis əməkdaşı işlədiyini, heç vaxt heç bir polisə orada işlədiyi üçün hörmətsizlik etməyəcəyini, 28 sentyabr 2023-cü il tarixində Naxçıvan Şəhər Polis İdarəsinə getdiyini, arxa qapıdan içəri girdiyini, girişdə bir polis əməkdaşının boş stolda oturub telefonla oynadığını, ona məlumat vermək lazım olduğunu bilmədiyi üçün növbətçi hissəyə doğru getdiyini, orada kimin yanına getmək istədiyini dəyəcəyini, gedərkən həmin stulda əyləşən polis əməkdaşının arxadan səslənərək “ə, hara gedirsən?” dediyini, Onun da “mən ə deyiləm” deyə cavab verdiyini, ona “mən burda neyniyirəm” deyə sual verdiyini. Özünün də “nəbilim, oturub telefonla oynayırsan” dediyini, bu sözdən sonra “ə, gəl çıx çölə” dediyini, “tərbiyəsizlik eləmə, mən ə deyiləm” deyə cavab verdiyini, polis əməkdaşının ona “tərbiyəsiz sənin özünsən” deyəndə onun da “ə sənin özünsən” dediyini, polis əməkdaşının oturduğu yerdən duraraq “mən sənə göstərəcəm mən kiməm, paltarımı çıxardım səninlə söhbət edək” dediyini, daha sonra polis əməkdaşlarının gəldiyini, gələnlərdən birinin də Bahadur Maxsudov olduğunu, əllərini çiyninə ataraq “gəl bu tərəfə” dediyini, özünün heç bir tabesizlik etmədiyini, görüntülərdən də aydın olaraq göründüyünü, arxadan çağırdıqlarında da yanlarına getdiyini, çıxıb başqa yerə getmədiyini, ya da hər hansısa əl-qol hərəkəti etmədiyini, həmin şöbədə işlədiyi üçün girişin arxa qapıdan olduğunu bildiyini, həmin vaxt idarədə səs-küy olduğu üçün şəxslərin onların yanına gəldiklərini, özünün polis idarəsinə getdiyi vaxt nahar fasiləsi vaxtı olduğunu, qarşısındakı polis əməkdaşı yüksək səslə danışdığı üçün qıcıqlanıb özünün də səs tonunu qaldırdığını, video görüntüdə qoluna girən şəxsin dostu Ələddin olduğunu, onun səsini qaldırdığı üçün özünün qoluna girdiyini, Bahadur Maxsudovun onu içəridə saxladığını, daha sonra çölə özünün heç bir təkid olmadan çıxdığını, sonra çöldə gözləyəndə həmin polis əməkdaşının çölə çıxaraq “sizə mən kiməm göstərəcəm” tipli sözlər dediyini, dünən saat 2-dən 10-a qədər şöbədə qaldığını, bu gün də saat 9-dan idarəyə çağırıldığını, növbətçi hissənin polis əməkdaşının olduğu yerdə olduğunu bilmədiyini, başqa heç bir hərəkət etmədiyini bildirərək əməlindən peşman olduğunu bildirərək onun bağışlanması barədə qərar qəbul edilməsini xahiş etdi. X4 məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə günorta saatlarında idarəyə gəldiyini, çöldə olanda səs-küy eşitdiyini, içəridən mübahisə səslərinin gəldiyini, lakin heç bir nalayiq ifadələr eşitmədiyini, sadəcə ucadan danışıq səslərinin gəldiyini, içəri girən zaman polis əməkdaşı ilə vətəndaşın mübahisə etdiyini gördüyünü, vətəndaşdan nə məsələ olduğunu soruşan zaman onun çox aqressiv olduğunu, ona sakit olmasını dediyini, polis əməkdaşının Nurlana qeydiyyatdan keçməlisiz deyən zaman şəxsin polis əməkdaşına “sən kimsən get işinlə məşğul ol, ə deyiləm mən, tərbiyəsiz” kimi ifadələr işlətdiyini, onu sakitləşdirməyə çalışanda polis əməkdaşının üzərinə hücum etməyə çalışdığını, dostunun Nurlanı sakitləşdirdiyini, çölə könüllü şəkildə deyil, təkidləri ilə çıxdığını, lakin onu zorla çölə çıxarmadıqlarını, sonra vətəndaşın növbətçi hissədə qeydiyyatdan keçmədiyi üçün polis əməkdaşının onu çağıranda ona qarşı kobudluq etdiyinin məlum olduğunu, daha sonra vətəndaşı növbətçi hissəyə təhvil verdiklərini bildirdi. X11 məhkəmə iclasında verdiyi izahatında 28 sentyabr 2023-cü il tarixdə polis əməkdaşı Yadigar Budaqovun saat 13:00-da yemək yeməyə getdiyini, özünün işi olduğu üçün ondan tez gəlməsini istədiyini, Yadigarın da ona zəng vurarsan nə vaxt desən gələrəm dediyini, saat 13:53-də Nurlanın Polis İdarəsinə girib, özünün oturduğu masadan keçib getdiyini, bu zaman “yoldaş vətəndaş, hara gedirsiz, mən burda niyə oturmuşam?” deyə səsləndiyini, Şəxs isə “ə deyiləm mən” dediyini, daha sonra şəxsə “zəhmət olmasa çölə çıxın” deyəndə şəxsin ona “ə sənin özünsən, tərbiyəsiz” dediyini, bu zaman oturduğu masadan qalxdığını, şəxsin də onun üzərinə yeridiyini, daha sonra polis əməkdaşlarının gəldiyini, lakin şəxsin heç kimi saymadığını, ucadan səs-küy salaraq ona tərbiyəsiz deməyə davam etdiyini, onu polis əməkdaşlarının çölə çıxardıqlarını, Yadigar X1, şəxsə “ə” ya da digər heç bir ağır söz demədiyini, hətta şəxsin ona daha sonra “səni bir də görsəm, salam verməyəcəm” dediyini, özünün artıq 18 ildir ki, polis əməkdaşı olduğunu, heç vaxt heç bir vətəndaşa qarşı pis rəftar etmədiyini, ancaq Nurlanın səhv anlaşılmaya görə səs-küy salıb ona qarşı hörmətsizlik etdiyini bildirdi. X3 məhkəmə iclasında verdiyi izahatında hadisə olan gün Ceyhun İmanovla birgə postda olduğu üçün özünün də orada olduğunu, hadisəni gördüyünü, koridorda durduğunu, Bahadur Maxsudovda orada olarkən şəxsin Ceyhun İmanovun üzərinə yeridiyini, daha sonra Bahadur Maxsudovla şəxsi qolundan tutaraq çölə çıxardıqlarını, növbətçi hissəyə təhvil verdiklərini, bir ara Polis İdarəsinin giriş hissəsi boş qala bilməz deyə oraya getdiyini, əvvəlcə izahatında səhvən koridorda olduğunu dediyini, həmin vaxt sanitar qovşağın qapısının ağzında olduğunu, ona görə video görüntüdə görünmədiyini, şəxsin onlara heç bir müqavimət göstərmədiyini, iş yoldaşlarının üstünə gəldiyi üçün qolundan tutaraq “zəhmət olmasa çıx çölə” dediklərini bildirdi. X7 məhkəmə iclasında verdiyi izahatında Polis İdarəsinə gəldikdə Ələddinin çöldə, Nurlanın isə içəridə olduğunu, özünün ora hadisələr olduqdan sonra gəldiyini, Nurlanın Polis İdarəsinə daxil olduğunu görmədiyini, Ceyhun adlı polis əməkdaşı ilə Nurlanın arasında olan mübahisəyə şahidlik etmədiyini, X16 verdiyi sualları eşitmədiyini, Nurlanın idarədən könüllü olaraq çıxdığını, polis zabitinin onların yanına gələrək Nurlanla kobud şəkildə danışdığını başqa heç nə bilmədiyini bildirdi. X5 məhkəmə iclasında verdiyi izahatında 28 sentyabr 2023-cü il tarixdə Nurlanla bir yerdə olduqlarını, daha sonra Nurlanın qardaşını Polis İdarəsinə çağırdıqları üçün bu işlə bağlı Polis İdarəsinə getdiklərini, arxa qapıya çatdıqda özünün çöldə dayandığını, Nurlanın isə idarəyə girdiyini, 1 dəqiqə keçməmiş içəridən mübahisə səslərinin gəldiyini, özünün də içəri girdiyini, polis əməkdaşının Nurlana “ə gəl çıx çölə” dediyini, Nurlanın da “ə deyiləm mən” deyə cavab verdiyini, daha sonra Bahadur Maxsudovun içəri gəldiyini, səs-küyün səbəbini soruşduğunu, onu çölə çıxardığını, Nurlanı isə içəridə saxladığını, Nurlanın çölə çıxma anını görmədiyini, özünün Nurlanın qoluna əsəbi olduğu üçün hər ehtimala qarşı girdiyini, onun başqa heç bir reaksiya vermədiyini, polis əməkdaşının uca səslə danışdığı üçün Nurlanın da uca səslə danışdığını, içəridə hansı danışıqların olduğunu bilmədiyini, kamera görüntülərində qırmızı üst geyimdə olan şəxsin özünün olduğunu, Nurlanın özünün də vaxtı ilə polis əməkdaşı olduğu üçün artıq nəsə hərəkət etməyəcəyini, heç bir təhqir eşitmədiyini, polisin danışıq tərzinin düzgün olmadığını, çöldə həmin polis əməkdaşının onlara “siz gözləyin mən göstərəcəm sizə kim olduğumu” kimi sözlər dediyini saat 10-a kimi orada gözlədiklərini bildirdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil izahatında Polis İdarəsində Ceyhun İmanovun oturduğu masanın növbətçi hissə olduğunu, bunu 1 həftə ərzində orada olmayanların bilmədiyini, çünki yeni olan bir şey olduğunu, Şəxs yerində başqa şəxs olsa, onun da belə bir hadisə ilə qarşılacağını, polisin etik davranış kodeksinə Ceyhun İmanov tərəfindən riayət edilmədiyini, Şəxs tərəfindən heç bir artıq hərəkət olmadığını, onun polis əməkdaşlarına tabesizlik etmədiyini, şahid ifadələrindən, işin araşdırmasından Şəxs hərəkətlərində ictimai qaydanın pozulması və polis əməkdaşlarına tabe olmamaq kimi halların olmadığının məlum olduğunu bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 13:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, şahidlər X18, X9 və X10 izahatları, iş materiallarına əlavə edilmiş video görüntü, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, X12 məhkəmə iclasında ziddiyyətli izahat verdiyindən onun izahatı sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbinə əsaslanan məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə araşdıran məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməli kimi qəbul etmək olmaz. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Aparılan məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin hər hansı bir qanuni tələbinə tabe olmaması öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddə ilə təqsirliliyini təsdiq edən hər hansı bir sübut protokola əlavə edilməmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs polis İdarəsində səs-küy salsa da polis əməkdaşlarının idarəni tərk etməsini bildirmələrindən sonra İdarədən çıxmışdır, onlara hər hansı bir tabesizlik göstərməmişdir. Onun polis əməkdaşlarının səs-küy salmasını dayandırmasını bildirmələrindən sonra yenə də səs-küyü davam etdirməsi isə onun tərəfindən törədilən xırda xuliqanlıq əməlinin davam etdirilməsi kimi qimətləndirilməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Bu səbəbdən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini, onun əməlində olan məsuliyyəti yüngülləşdirici halları, həmçinin məsuliyyəti ağırlaşdıran halların olmamasını və işin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, ona 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X20 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar