Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-459/2024 24.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, ali təhsilli, Qızılaypara cəmiyyətində kargüzar işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan MR Xəstəxanasından daxil olmuş məlumat əsasında aydın olmuşdur ki, Zərərçəkmiş şəxs sağ qaşın üst nahiyyəsinin, təpə nahiyyəsinin kəsilmiş yarası xəsarəti ilə daxil olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edib bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəlinqaya şadlıq sarayından çıxandan sonra naməlum tanımadığı avtomobil onu vurub xəsarət yetirmişdir, həmin sürücünün müyyən edilməsini xahiş etmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat Naxçıvan Şəhər Polis İdarəsinin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitab”ında HKpi-883/24 nömrəli ilə qeydə alınmış, araşdırılma aparılaraq xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hadisə baş verib. Zərərçəkəni xəstəxanaya aparmışdır. O, həkim müayinəsindən keçmişdir. Xərci də qarşılamışdır. Qanunauyğun qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, şikayəti var. Bakıda yaşayır. Ailədə 5 nəfər var. Yoldaşı işləmir. 3 uşağı da məktəbə gedir. Özü də işsizdir. 3 aydır ki, işləmir. Qarşı tərəf onunla maraqlanmamışdır. Şikayət ediləndən sonra maraqlanmışlar. Qarşı tərəf sadəcə 1500 manat pul ödəmişdir. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs əməli işdə olan xx.xx.2024-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində sürücü Şəxs idarə etdiyi Hyundai Sonata minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə hərəkətdə olarkən yolu keçən Zərərçəkmiş şəxs vurmuş, Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmış, lakin hadisə barədə polis məlumat verməmişdir. Həmçinin məlum olmuşdur ki, Zərərçəkmiş şəxs toyda araq içmişdir, xəstəxanada polis əməkdaşlarına yıxıldığını bildirmişdir. Hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi 29 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində gecə vaxtı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Gəlinqaya şadlıq sarayının qarşısında piyada keçidi olmayan yerdə, yaşayış məntəqəsində baş vermişdir. Həmin hadisə yeri küçə işıqları ilə işıqlandırılmışdır. Yolun hərəkət hissəsi düzdür, asfaltbeton və qurudur. Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Gəlinqaya şadlıq sarayının qarşısında piyada keçidi yoxdur. Yol örtüyünün hər iki istiqamət üçün yolun ümumi eni 22,10 metrdir, avtomobilin hərəkət etdiyi yolun hissəsinin eni 10,25 metr, hərəkət zolağının eni isə 3,15 metrdir. Naxçıvan şəhəri Ə.Əliyev küçəsindəki yolun hərəkət zolaqlarının sayı 6-dır. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün qoşa xətt çəkilmişdir. Ə.Əliyev küçəsində Gəlinqaya şadlıq sarayının qarşısında piyada keçidi yoxdur. Həmçinin yol hərəkət hissəsində üfüqi nişanlama xətləri mövcuddur. Hərəkət hissəsinə sağdan köbə daşlan, səki və yol ayrıcı birləşir ki, köbə daşlarının hündürlüyü 2,5 sm, səkinin uzunluğu isə 1,6 metrdir. Soldan da yolun kənarlarında köbə daşlan, avtobus dayanacağı və səki var. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun sağında Gəlinqaya şadlıq sarayı yerləşir. Yolun solunda isə, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb və binalar yerləşir. Yol Naxçıvan şəhər küçə işıqları vasitəsilə işıqlandırılır. Sürücü yerindən gün işığında görünüş məsafəsi 50-60 metrdir. Piyadanın vurulma yeri və ya yerləri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları - piyadanın vurulması Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Gəlinqaya şadlıq sarayının qarşısındakı piyada keçidi olmayan yerdə Hyundai Sonata minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağında, orta zolaqda baş vermişdir ki, piyada sağdan sola hərəkət edib keçərkən 4,10 metr məsafə qət etmiş və ondan sonra avtomobil onu vurmuşdur. Piyadanın vurulma yerindən piyadanın düşdüyü yerə qədər məsafə 3,20 metr, piyadanın vurulma yerindən sol tərəfdəki işıq dirəyinə qədər məsafə isə 17,45 metr, həmin işıq dirəyindən piyadanın düşdüyü yerə qədər məsafə isə 18,30 metrdir. Piyadanın düşdüyü yerdən sağ tərəfdəki yol ayrıcısının yol küncünə qədər məsafə isə 4,50 metrdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri - düzünədir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu - Hyundai Sonata minik markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil piyadanı vurandan sonra hərəkət edib yolun sağ tərəfində yol ayrıcını keçib dayanmışdır ki, piyadanın vurulma yerindən avtomobilin dayandığı yerə qədər məsafə 14,20 metr, avtomobilin qabaq sağ təkərindən düz xətt üzrə sağ tərəfdəki bardürə qədər məsafə 1,40 metr, arxa sağ təkərdən eyni xətt üzrə məsafə isə 1,45 metrdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara, ağaclara, tikililərə toxunmamışdır. Tormoz izi yoxdur. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci (zərərcəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış materialın Naxçıvan ŞPİ-nin DYPB-yə göndərilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə hesab edirəm ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-459/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-459/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver