Məhkəmə qərarları › İş №3(078)-475/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-475/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-475/2023 10.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyən, ailəli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan X6 09 oktyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, 10 avqust 2023-cü il tarixdə həyat yoldaşı Şəxs ona çığıra-çığıra təpiklə arxadan vurduğunu bildirmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 10 oktyabr 2023-cü il tarixdə 016547 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 10 avqust 2023-cü il tarixdə, saat 21:20 radələrində evə gəldiyini, 12 avqust 2023-cü il tarixdə övladı X2 doğum günü olacağı üçün ondan doğum günündə hara gedəcəklərini soruşduğunu, ona “hara istəyirsənsə, ora aparım” dediyini, həmin vaxt X3 “mən də tort sifariş vermişəm” dediyini, yoldaşına “mənim xəbərim olmadan niyə tort sifariş vermisən” dediyini, yoldaşının da ona “mən sənə niyə deməliyəm ki, sənin kimi ata olmaz olsun” dediyini, onun dediyi söz ona xoş gəlmədiyi üçün aralarında mübahisə başladığını, həmin vaxt yoldaşının ona təhqiramiz ifadələr işlətdiyini, əsəbləşib onun ayağından təpiklə vurduğunu, təkrar olaraq yenə çığırmağa və onu təhqir etməyə başladığını, ucadan onun üstünə çığırıb evdən çıxdığını, etdiyi əməldən peşman olduğunu, yüngül tənbeh verilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6, 10 avqust 2023-cü il tarixdə, saat 21:20 radələrində evdə olduğunu, həyat yoldaşının evə gəldiyini, yemək yedikdən sonra söhbət əsnasında 12 avqust 2023-cü il tarixdə övladı X2 doğum günü olacağı üçün həyat yoldaşından onları hara aparacağını soruşduğunu, onun da ona “hara istəsəz ora gedərik” dediyini, ad günü üçün tort sifariş verdiyini dediyini, Turalın hiddətlənərək “mənə deməmiş niyə tort sifariş vermisən” dediyini, ona hər il tort sifariş verdiyini dediyini, sonra mübahisənin böyüməyə başladığını, yoldaşının onu təhqir etdiyini, onu təpiklə arxadan vurduğunu, mübahisə gedən zaman saçını ütü fenlə fenlədiyini, Turalın feni və onun telefonunun adapterini tulladığını, işıqları söndürdüyünü, gecə qaranlıq olduğu üçün övladının qorxaraq ağlamağa başladığını, anasına zəng etdiyini, anasının gəldiyini, anasının da yanında qışqıraraq onun üstünə gəldiyini, yataq otağına keçib qapını bağladığını, Tural qapını açmaq istəyən zaman anasının qoymadığını, sonra qışqıra-qışqıra qapını çırpıb getdiyini, mübahisənin qızışdığını, Turalın valideyinlərinin gəldiyini, qaynatasının onu təhqir etdiyini, polisə zəng edib çağırdığını, bu halın illər ərzində bir neçə dəfə olduğunu, artıq bu hala düşməkdən yorulduğunu, Turalla barışmadıqlarını, onu bağışlamadığını, şikayətçi olduğunu, ona inzibati qaydada həbs verilməsini bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 1075 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində sağ sağrı nahiyyəsində qançır aşkar edildi. Qançır küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə yumruq və ya təpik zərbəsinin sağrı nahiyyəsinə təsirindən yaranmağa xarakterikdir. Xəsarətlərin müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 10 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 10:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. İşdə cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar