Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-476/2025 22.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (xxxxxxx) subay, orta təhsilli, bərbər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tətib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.
2. İnzibati xəta haqqında protokollara əsasən X5 xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhər Heydər Əliyev prospektində ictimai yerdə səs-küy salmış, nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır.
3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X7 bildirmişdir ki, vətəndaş mobil telefonla danışarkən aqressiv idi. Nalayiq ifadələr işlədirdi. Ona yaxınlaşmış və ictimai yer olduğunu demişdir. Ətrafda vətəndaşların olduğunu buna görə də nalayiq ifadələr işlətməməsi bildirilmişdir. Vətəndaş ona qarşı da aqressiv olmuş və onun tələblərinə əməl etməmişdir. Avtopatrul gəlmiş və vətəndaş maşına dəvət edilmişdir. Lakin o etirazını bildirmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında bildirdi ki, bu gün saat 10-11 radələrində 9 mərtəbənin arxa tərəfində telefon ilə borc barəsində danışarkən nalayiq ifadələr işlətmişdir. Polis isə ona nalayiq ifadələr işlətmə demişdir. Cavab olaraq polisə mənim məsələmdir mən bilərəm deyə cavab vermişdir. Hadisə zamanı ətrafında adam yox idi. Həmçinin normal səslə danışmışdır. Özünü təqsirli hesab etmişdir. Daha yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Samir müəllim onları çağırıb bildirmişdir ki, Heydər Əliyev prospektində 9 mərtəbənin arxasında vətəndaş telefonda nalayiq ifadələr işlədir. İctimai asayişi pozur. Vətəndaş borcla bağlı danışdığını bildirmişdir. Avtopatrula yaxınlaşması deyiləndə cavab olaraq mən niyə gəlirəm demişdir.
6. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X6 şəxsin telefonla danışan zaman nalayiq ifadələr işlətdiyini bildirmişdir. Vətəndaş avtopatrulla Şəhər Polis İdarəsinə gətirilmişdir. Onlara da aqressiv cavablar vermişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir.
8. Belə ki, iş materiallarında olan raportlardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat təxminən 10:30 radələrində Naxçıvan Şəhər H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin əsəbi halda mobil telefonla danışarkən, uca səslə səs-küy salaraq nalayiq ifadələr işlətdiyini müşahidə etmiş, həmin şəxsə yaxınlaşaraq ətrafda vətəndaşların olduğunu bildirərək, hərəkətlərinə son qoymasını tələb etmişdir. Həmin şəxs qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam edərək, aqresivliyini nümayiş etdirmişdir. Tərəflərindən əraziyə avtopatrul dəvət olunmuş, şəxsə avtopatrula minməyini bildirsəkdə o bizə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamış kobudçuluq göstərmişdir.
9. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhər H.Əliyev prospektində ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.
10. Beləliklə, X2 polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
12. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
13. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
14. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
15. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
16. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
17. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
18. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
19. Həmin Məcəllənin 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
20. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
21. Məhkəmə araşdırması zamanı X1 peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi qiymətlədirilir.
22. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.
23. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir.
24. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov