Məhkəmə qərarları › İş №3(078)-477/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-477/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-477/2023 12.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə xx.xx.1998-ci ildə Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, Hava Limanında baqaj işçisi işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 10 oktyabr 2023-cü il tarixli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 23 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 23 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:12 radələrində idarə etdiyi “Tofaş Şahin” minik markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən X3 idarə etdiyi ** AF *** dövlət nömrə nişanlı, “Toyota Carola” markalı avtonəqliyyat vasitəsinin arxa buferinə ziyan vurmuşdur və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə, saat 15:50 radələrində “Koroğlu” heykəlinin yanında işıqforda gözləyən zaman ** AF *** dövlət nömrə nişanlı avtomobilə öz avtomobilinin əyləci tutmadığı üçün arxa tərəfdən zərbə vurduğunu, nəticədə hər iki avtomobilə maddi ziyan dəydiyini, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməlinin qanuna zidd əməl olduğunu bildiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında "xxxx" MMC-də 2022-ci ildən etibarən işlədiyini, "xxxx" MMC-nin adından məhkəmə və digər orqanlarda iştirak etmək hüququnun olduğunu, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər Əziz Əliyev küçəsində yol nəqliyyat hadisəsindən xəbərinin olduğunu, onlara dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında xx.xx.2023-cü il saat 15:50-də idarə etdiyi ** AF *** dövlət nömrə nişanlı, “Toyota Carola” markalı avtonəqliyyat vasitəsi ilə “Koroğlu” heykəlinin yanında işıqforda dayanarkən ** BH *** dövlət nömrə nişanlı, “Tofaş” markalı avtomobilin tormozu tutmadığı üçün onun idarə etdiyi avtomobili arxadan vurduğunu, nəticədə avtomobilin arxa hissəsinin yararsız vəziyyətə düşdüyünü, idarə etdiyi avtomobilin işlədiyi "xxxx" MMC-nə məxsus olduğunu bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 19 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər Əziz Əliyev küçəsində baş vermiş yol qəzasında "xxxx" MMC-yə məxsus ** AF *** dövlət qeydiyyat nişanlı, “Toyota Carola” markalı xidməti avtomobilə ziyan dəymiş, dəymiş ziyanın tamamı qəza törədən vətəndaş Şəxs tərəfindən ödənilmişdir və hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Babək rayonu, Nehrəm qəsəbə kənd sakini Şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və Şəxs sürücülük vəsiqəsinin olmadığı məlum olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, ** AF *** dövlət nömrə nişanlı, “Toyota Carola” markalı avtonəqliyyat vasitəsinin arxa buferinə, ** BH *** dövlət nömrə nişanlı, “Tofaş Şahin” minik markalı avtomobilin isə qabaq farasına ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında protokol”dan görünür ki, “Toyota” markalı, “Carola” tipli, minik modeli, ** AF *** dövlət qeydiyyat nişanlı, RKLBB9HE7E5018788 VİN olan avtonəqliyyat vasitəsinin arxa hissəsinə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında protokol”dan görünür ki, “Tofaş” markalı, “Şahin” tipli, minik modeli, ** BH *** dövlət qeydiyyat nişanlı, NM4131B********** VİN olan avtonəqliyyat vasitəsinin ön hissəsinə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində cərrah və terapevt müayinəsindən keçmiş və onda “paktiki sağlam” diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 071174 nömrəli qaiməfakturadan görünür ki, mübahisəli avtomobilə dəymiş zərərin məbləği 100 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsi nəticəsində Şəxs alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilməmiş və müayinənin nəticəsi 0.000 promildir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilməsi nəticəsində X4 alkoqol şərxoşluğu vəziyyəti müəyyən edilməmiş və müayinənin nəticəsi 0.000 promildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə, saat 16:12 radələrində idarə etdiyi “Tofaş Şahin” minik markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən X3 idarə etdiyi ** AF *** dövlət nömrə nişanlı, “Toyota Carola” markalı avtonəqliyyat vasitəsinin arxa buferinə ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar