Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-478/2025 23.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (xxxxxxx) subay, ali təhsilli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4 və 343-1.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: İşin halları:
1. Naxçıvan Şəhər Məhkəməsinə 23 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 18 oktyabr 2025ci il tarixli 3-13-43-6/2-28824/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4 və 343-1.5-ci maddələri ilə təqsirləndirilməsinə dair 06 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur.
2. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4 və 343-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir.
3. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin inspektoru, polis baş serjantı X4 protokolu müdafiə edərək izahatında bildirdi ki, hadisə zamanı şəxs nəqliyyat vasitəsini göstərilən tarixdə yüksək sürətlə idarə etmişdir. Şəxs tərəflərindən saxlanılmış və ilkin baxışda sərxoş vəziyyətdə olduğunu kəskin iyi gəlməyindən bilmişdir. Heç bir tabesizlik göstərməmiş və Narkoloji testə getmişdir. Şəxs Sadəcə orada həkim-narkoloqun gəlməsini tələb etmiş, sonra müayinədən keçəcəyini demişdir. Lakin, həkim-nakoloq olmamış, tibb bacısı isə səlahiyyətli olması barədə sənədi təqdim etməmişdir. Belə olan halda, müayinə aktında şəxs testdə keçirilməmiş və etirazını qeyd etmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildiridi ki, 2023-cü ilin iyun ayında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt barəsində İnzibati Xətalar Məcəlləsinin 343.4 və 343.1.5-ci maddələri ilə inzibati protokol tərtib olunmalı idi. Lakin 23 iyun tarixli protokol üçün ayın 6-sı zənglə dəvət olunmuş və həmin vaxt yatdığı üçün telefona cavab verməmişdir. Hadisə vaxtı barəsində protokol tərtib olunmalı idi. Lakin bu günədək yəni 1 ay keçməsinə baxmayaraq protokol ona təqdim olunmamışdır. X6 Məcəlləsinin 90.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir. Zəruri hallarda 24 saata protokol tərtib olunmalıdır. Çünki orada həbs nəzərdə tutulduğu üçün şəxs dərhal məhkəməyə çıxarılmalı idi. Göründüyü kimi 23 iyuldan bu günədək müddət çox keçmişdir. Bu qanunun açıq şəkildə pozulmasıdır. Hadisə zamanı tibbi müayinənin keçirilməsini istəmiş, lakin tibb bacısının müayinəni keçirməsini istəməmiş narkoloji həkimin olmasını bildirmişdir. Sadəcə qanuna uyğun olaraq ixtisaslı həkim tərəfindən yoxlamanın aparılmasını istəmişdir. Oraya narkoloji həkim gəlsin deməyi qanuna tam uyğundur və bu imtina sayılmır. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
Sübutların tədqiqi:
5. İş materiallarında olan 305 nömrəli xx.xx.2025-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə Aktından görünür ki, Cabbarlı X3 ŞPİ tərəfindən xx.xx.2025-ci il tarixdə saat 21:00-da Sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün göndərilmiş, əsas isə şəxsin ağzından alkoqol iyinin gəlməsi göstərilmiş, şəxs alkoqol və narkotik sərxoşluğun müayinələrindən imtina etmiş və aktın qeyd hissəsində ixtisaslı nakoloq-həkim olmadığına görə, tibb bacısı da sənədini təqdim etmədiyinə görə testən keçirilmədiyini və etiraz etdiyini bildirmişdir.
6. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP7320652 nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4 və 343-1.5-ci maddələri ilə protokol tərtib edilmiş, həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat yazaraq bildirmişdir ki, protokolla tanış olmuş, amma razı deyil. Çünki hadisədən 15 gün keçib. Protokol xx.xx.2025-də yazılıb. Rəsmi bildiriş almayıb.
7. İş materiallarında olan 06 və 08 avqust 2025-ci il tarixli arayışlardan görünür ki, Cabbarlı X3 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sürücülük hüququndan məhrum edilmişdir.
Tətbiq edilən hüquq:
8. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
9. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
10. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1); İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir(8.2); İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir(8.3).
11. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
12. Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
13. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
14. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
15. Maddə 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
16. Maddə 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.
17. Maddə101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.
18. Maddə 102.1. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 300.1-ci, 302-ci, 304-cü, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.
19. Maddə 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir.
20. Maddə 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.
21. Maddə 343.4. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə– beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
22. Maddə 343-1.5. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə– səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi:
23. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir.
24. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk növbədə şəxsin təqsirləndirildiyi İXM-nin 343.4 və 343.1.5-ci maddələrinin mahiyyəti aydınlaşdırılmalı, şəxsin həmin maddələrlə hansı hallarda inzibati məsuliyyətə cəlb edilə bilməsi müəyyən edilməlidir.
25. Qeyd edilən maddələrdən görünür ki, həmin maddələrlə şəxsin məsuliyyətə cəlb edilməsi üçün şəxs Alkoqoldan istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən və ya Narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməlidir. Qeyd edilən imtina obyektiv deyil, subyektiv səbəblərdən irəli gəlməlidir.
26. Məhkəmə iclasında iş materialları və protokol tərtib edən şəxsin izahatı ilə müəyyən olunmuşdur ki, Şəxs könüllü şəkildə tibbi müayinədək keçmək üçün polis əməkdaşı ilə birlikdə getmiş və tibbi müayinə zamanın müayinə aparacaq həkimin həkimnarkoloq olmasını tələb etmiş lakin, həkim narkoloq olmadığına görə müayinənin apaılmasına etiraz etdiyini Aktda qeyd etmişdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən, Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir.
28. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.
29. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.
30. Qeyd olunanlardan da göründüyü kimi şəxsin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir.
31. Lakin, Şəxs tibb müəssisəsinə aparılan zaman müəssisədə həkim-narkoloq və yaxud feldşer-narkoloq olmamışdır. Belə olan halda, şəxsin tibbi müayinədən imtinası subyektiv deyil, obyektiv səbəblərdən baş vermişdir.
32. Məhkəmə həmçinin, qeyd edir ki, iş materiallaından göründüyü kimi Şəxs xx.xx.2025-ci il tarixdə tibb müəssisəsinə aparılsa da, onun barəsində protokol xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur.
33. Halbu ki, X1 inzibati xətanın törədilməsi faktı aşkar edildikdən sonra protokolun tərtib olunmasının müddətləri dəqiq və birmənalı olaraq təsbit edilmişdir. Belə ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra protokol tərtib olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda isə bu müddət 2 gün müəyyən olunmuşdur. Digər bir hal isə, inzibati araşdırma aparılması zərurətindən qaynaqlanan, iş mürrəkkəbliyi ilə əlaqədar olan 1 aylıq müddətdir ki, həmin müddət vəsatət əsasında yuxarı vəzifəli şəxs tərəfindən 1 ayadək artırıla bilər.
34. Eyni zamanda məhkəmə qeyd edir ki, X1 inzibati xətanın aşkar edilməsindən sonra inzibati araşdırmanın aparılması qaydası da dəqiq müəyyən edilmiş, həmin araşdırma aparılması üçün vəzifəli şəxs tərəfindən qərardad qəbul edildiyi təsbit edilmişdir. Lakin, Şəxs barəsində inzibati araşdırma barədə hər hansı qərardad qəbul edilmədiyi müəyyən edilmişdir.
35. Məhkəmə həmçinin qeyd edir ki, inzibati hüquq pozuntusu Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında “avtonom cinayət” hesab edilir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bununla bağlı qərarında formalaşmış hüquqi mövqeyə görə X1 müəyyən edilməyən hallar üzrə cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan normalar tətbiq edilir.
36. Məhkəmə qeyd edir ki, protokol geri qaytarıldıqdan sonra qeyd edilən heç bir nöqsan tamamlanmadan yenidən məhkəməyə baxılması üçün göndərilmişdir. Belə olan halda məhkəmə protokolun geri qaytarılması barədə deyil, iş üzrə tərtib edilən protokol üzrə zəruri sənədlərin toplanması zaman baxımından inzibati xəta tərkibinin yaranmasını istisna edilməsi kimi qiymətləndirilməklə iş üzrə icraata xitam verilməlidir.
37. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldım:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4 və 343-1.5-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (gün) müddətdində birbaşa və ya Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov