Məhkəmə qərarları › İş №3(078)-480/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-480/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-480/2024 13.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Şərur rayonu, Təzəkənd kəndində doğulmuş, FİN xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç uşaq atası, orta təhsilli, "xxxx" MMC və "xxxx" MMC-nin direktoru, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 13 dekabr 2024-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X10 tərəfindən tərtib olunmuş 12 dekabr 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan MR DİN DYPİ-dən daxil olmuş məktub əsasında materiallarla tanış olmuş, əməkdaşların izahatları alınmış, videogörüntülərə baxılmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhərindən şirkətə maşın alıb. Prosedur belədir ki, maşın yoxlanır. Sonra rəisin yanına gedilir. Dövlət rüsumu 80 manatdır. Ona deyildi ki, 400 manat ödəməlidir. O da deyib ki, 150 manat ödəyə bilər. 70 manatı da götürün. Ona deyiblər ki, qalx rəisin yanına. O, qanunlara tabe insandır. Vergiləri vaxtında ödəyir. O, polis idarəsində rüşvət vermədiyi üçün hazırda bura gətirilib. Heç bir səs-küy olmayıb. 20.8 manatlıq şokalad alıb şirinlik kimi aparıb. Onu da götürmədilər. Sistem işləmədiyi üçün gedib. Günortadan sonra yenidən gedib. Dedilər ki, rəisin qəbuluna çıx. Ağlına başqa şey gəlməyib. Çünki o, 150 manat vermək istədiyində ona “götür qoy cibinə, lazım deyil” deyiblər. Ona görə də o məsələni bitmiş bilib. Polis məmuru ona 400 manat ödəməyi təkid edib. Ona deyilib ki, bu rüşvət deyil, qanunidir. O da rüşvət ödəmək istəmədiyini dediyi üçün onu şöbəyə aparıblar. Qanuni ödənişləri edib. Sadəcə ondan rüşvət tələb edilib. Videoda görünən görüntüdə əvvəldə şəriyinə zəng edib ki, gəlib maşını aparsın. Sonra da Korrupsiya İdarəsinin qaynar xəttinə zəng edir, lakin zəngə cavab verən olmayıb. O, “şirinlik” olaraq 70 manat təklif edib, lakin qəbul etməyiblər. Ona dedilər ki, “rəis bayaq hirslənmişdi. Deyir getməsin. Bir də qəbul edəcək”. İşinin qanuni aparırsa niyə onu rəis qəbul etməlidir? O polis əməkdaşına qarşı nalayiq ifadə işlətməyib, hörmətsizlik etməyib. Şahidin ifadəsi ilə razı deyil. Rəis ona deyib ki, “ Biz sizə dəfələrlə hörmət etmişik. Niyə işimizi pozursuz? Niyə 400 manat rüsumu ödəmirsiz? O, qəbula yazılmayıb. Polis əməkdaşı onu “rəis səni görmək istəyir” deyərək içəri aparıb. Əgər ondan rüşvət istəməyiblərsə, niyə o, rüşvətxor deyib. Ondan 400 manat istədilər. 150 manat verdiyi üçün qəbul etmədilər. Rəisin qəbuluna yazılmayıb. Əgər qanuni ödəniş edirsə, rəisi niyə görməlidir. Post patrul əməkdaşları onu idarənin çayxanasından götürüblər. Çünki ona deyilib ki, “rəis deyir ki, hirsli olmuşam. Otursun qəbul edəcəm”. Anar müəllim ona dedi ki, 400 manat verməlisən. O da cavabında 150 manat verə bilərəm deyib. Anar müəllim də qəbul etməyib. Ümumiyyətlə kobud hərəkəti olmayıb. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin Culfa rayon müayinə mərkəzinin kiçik inspektoru polis kiçik serjantıdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Şəxs ona kobud səslə rəisin yanına getmək istədiyini deyib. O, vətəndaşa sakit olmasını dedikdə o rüşvətxorlar deyərək binanı tərk etdi. Saat 15 radələrində yenidən geri qayıdıb eyni tərzlə polisə qarşı tabesizlik edib. Məhkəmədə şahid qismində izahat verən X3 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin kadrlar qrupunun inspektoru polis mayorudur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində növbətçi hissəyə zəng olub. Vətəndaş qəbula girmək istədiyi üçün rəisə məruzə etmiş və sonra qəbula aparmışdır. Vətəndaş dedi ki, rüşvət istəyirlər. Rəis ona “Kim istəyir? Əgər sənədlərin əlindədirsə, almısansa kim rüşvət istəyir?” deyə soruşmuşdur. Vətəndaş yenə də rüşvətxorlar deyib etiraz etdi. Şəxs həyətə çıxdı və post patrula müraciət edilib. Məhkəmədə şahid qismində izahat verən X1 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin DYPİ-nin avtonəqliyyat vasitələrinin axtarışı qrupunun baş inspektorudur. xx.xx.2024-cü il tarixdə 11:30 radələrində vətəndaş avtonəqliyyat vasitəsinin qeydiyyatı ilə bağlı müraciət edib. Dedi ki, rüsumu ödəyim. Ona deyildi ki, rüsumu ödəyib, qəbzi gətirməlisən. Bundan vətəndaş əsəbləşdi. Sonra ödəmə terminalında ödəmə etdi. Əvvəlcə səhv ödəniş etdi. Sonra günortadan sonra yenidən qayıtdı. Onlara rüşvətxor dedi. O, artıq pul verirdi ki, onun əvəzindən ödəniş aparılsın. Niyə onlara rüşvətxor deyildiyini bilmir. Yəqin ki, ona köməklik edilmədiyi üçün edib. Sonra rəislə danışmaq istədi. Rəis onu qəbul etdiyində yenə də kobudluq etdi. Vətəndaş istədiyi terminaldan ödəniş edə bilər. İdarəyə sadəcə çek təqdim edilməlidir. Məhkəmədə şahid qismində izahat verən X11 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin növbətçi hissənin rəisi polis mayorudur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında şəxs rəisin qəbuluna keçdi. Bir az keçmiş yüksək səslə qışqıraraq nalayiq sözlər dedi. Rüşvətxorlar deyə ucadan səs salaraq qaydanı pozdu. Məhkəmədə şahid qismində izahat verən X8 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin DYPİ-nə bilavasitə tabe olan QİTBŞ kiçik inspektordur. Elə qohumluğu yoxdur. Qayınatasının dayısı nəvəsi olmalıdır. xx.xx.2024-cü il tarixdə 11:30 radələrində avtonəqliyyat vasitəsinin qeydiyyatı üçün müraciət edib. Sistemdə pozuntu olduğu üçün ona günortadan sonra gəlməsi bildirilmişdir. Vətəndaş rəisin qəbulunda oldu. Səs-küy saldı. Kobud sözlər dedi. Rüşvətxorlar dedi. Buna görə də ona göstəriş verildi ki, saxlanılsın. Növbətçi hissəyə təhvil verilib. O, bütün polis şöbəsini təhqir edib. Məhkəmədə şahid qismində izahat verən X2 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin DYPİ-nin avtonəqliyyat vasitələrinin axtarışı qrupunun baş inspektorudur. xx.xx.2024-cü il tarixdə saat 11:30-da şəxs növbətçi hissəyə yaxınlaşaraq rəisi görmək istədiyini dedi. Əsəbi və uca tonla danışırdı. Ondan hansı rəisin rüşvət istədiyini soruşduqda cavab vermədi. Sadəcə rüşvətxorlar deyib səs-küy salırdı. Ona rəis tədbirdədir deyilib. Məhkəmədə şahid qismində izahat verən X6 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin Baş dövlət avtomobil müfəttişi polis kapitanıdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında şəxs əlində şiriniyyat içəri girib onlara təklif etsə də almayıblar. 150 manat verdi ki, rüsumu ödəyin, qalanı da sizindir. Ona izah edilib ki, özün ödəyib çeki gətir. O da əsəbləşib rüşvətxorlar deyib getdi. Həmin dövrdə də sistemdə nasazlıq yaranmışdı. Vətəndaş da səs-küy saldı. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 12 dekabr 2024-cü il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi polis polkovnik-leytenantı X1 tərəfindən verilən raportda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:30 radələrində vətəndaş Şəxs avtomaşın sənədləşməsi ilə bağlı İdarənin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət etmişdir. Həmin vaxt o, xidməti otağında rüsumlarla bağlı yüksək səslə qışqırıb narazılığını bildirərək iş rejimini pozub onu və həmin vaxt xidməti otağında olan QİTBŞ-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Anar İsmayılovu təhqir edərək “rüşvətxor” və “vətənə xəyanətkar” adlandırmışdır. Sonradan o, ödəmə terminalı vasitəsi ilə müvafiq ödənişləri etmiş, sistemdə yaranmış texniki nasazlıqla əlaqədar yubantı olduğundan sənədləşmə aparılmadan çıxıb getmişdir. Həmin gün saat 15.30 radələrində vətəndaş Şəxs yenidən DYPİ-yə gələrək sənədləşməni yekunlaşdırıb nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanını götürdükdən sonra səhər baş vermiş hadisə ilə əlaqədar idarənin kadr qrupunun inspektoru, polis mayoru Nicat Xəlilovla birlikdə idarənin rəisi tərəfindən qəbul olunmuşdur. Bir neçə dəqiqədən sonra xidməti otağında olarkən vətəndaş Şəxs idarə daxilində narazı halda polis əməkdaşlarını təhdid və təhqir edərək idarəni tərk etmək istədiyini görmüş, DYPİ-nin kadr qrupunun inspektoru, polis mayoru Nicat Xəlilov, Növbətçi hissəsinin rəisi, polis mayoru Əli Əliyev, idarənin avtonəqliyyat vasitələrinin axtarışı qrupunun baş inspektoru, polis mayoru Taleh Alışarov, QİTBŞ-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Anar İsmayılov, QİTBŞ-nin kiçik inspektoru, polis baş serjantı Əyyub Qəmbərov və QİTBŞ-nin Culfa rayon müayinə mərkəzinin kiçik inspektoru, polis kiçik serjantı Ramazan Qasımov vətəndaşı sakitliyə dəvət etsələr də o yenə öz bildiyini etməkdə davam edib idarəni tərk edərkən polisin qanuni tələbinə tabe olmayıb əməkdaşlara qarşı kobudluq edərək tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən hallar məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələri ilə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. İnzibati xəta törədən şəxsə istinad edilən hər bir hüquq pozuntusu araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi həmin hüquq pozuntusunun mövcud olub-olmamasını, onu törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin pozuntuya görə təqsirləndirilən şəxsə ədalətli tənbeh tədbiri təyin edilməsi başlıca meyardır. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da hüquq pozuntusu törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbeh tədbirinin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində İnzibati Xətalar Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə ilk öncə inzibati xəta törətmiş şəxsə istinad edilən xırda xuliqanlıq əməlinə (İXM-in 510-cü maddəsi) münasibətdə aşağıdakıları qeyd edir. İXM-in 510-cü maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Cinayət qanunvericiliyində olduğu kimi, inzibati xətalar qanunvericiliyində də xırda xuliqanlıq, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalar ictimai qaydanın, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları əməllərdir. Xuliqanlıq əməlinin obyektiv cəhətdən dispozisiyasında şəxsin hərəkətləri üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı pozmalıdır; İkincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; Üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməməlidir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti maneə yaradır və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq əməlinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu inzibati xətanın subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu xətanın motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hazırki inzibati xəta haqqında materiallara əlavə edilən sənədlər və eyni zamanda şahidlərin ifadələri inzibati xəta törətmiş şəxsin əməlində İXM-in 510-cu maddəsinin tərkibinin olması sübuta yetirilmir. Şahidlər şəxsin avtomobilini saxlamış üç polis əməkdaşlarıdır. Kənar müşahidəçinin olması, ətrafdakılar üçün narahatçılıq yaranması ilə bağlı heç bir sübut mövcud deyil. Təqdim edilən videogörüntülərin əks olunduğu CD baxış keçirilmiş və həmin Cd də ictimai qaydanın pozulmasını təsdiq edən heç bir səs və hərəkətlər olmadığı müəyyən edilir. Bu halda həmin şahidlər maraqlı şəxslər hesab edilir, ona görə ki, protokol tərtib edən orqan və şahidlər polis əməkdaşlarıdır və onların şəxsin ictimai qaydanı pozması barədə ifadələrinin bununla bağlı birbaşa sübut olmadığı halda heç bir hüquqi əhəmiyyəti yoxdur. Eyni zamanda İXM-in 535.1-ci maddəsinin dispozisiyasında bu xətanın mövcud olması üçün başlıca şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamadır. Yəni birincisi polis işçisinin tələbi qanuni olmalı, ikinci halda isə şəxs polis işçisinin həmin qanuni tələbinə qəsdən tabesizlik göstərməlidir. İşin araşdırılmış hallarından görünür ki, inzibati xəta törətmiş şəxsin əməlində polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən birbaşa sübut yoxdur. Təqdim edilən kamera görüntülərində də şəxsin polis əməkdaşlarına tabesizlik göstərməsi sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin mahiyyətindən aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 13 dekabr 2024-cü il tarixli ******* nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 53.1.2, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar