Məhkəmə qərarları › İş №3(078)-487/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-487/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-487/2025 27.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 4 uşaq atası, orta təhsilli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tətib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.

2. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarına qarşı qeyri-etik ifadələr işlədərək təhqir etmiş və polisin qanuni tələbinə tabe olmamışdır.

3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı X5 bildirmişdir ki, 27 oktyabra keçən gecə Araz restoranındakı hadisə ilə bağlı 102-ə məlumat daxil olmuşdur. Hadisə yerinə əməliyyat və istintaq qurumu getmişdir. Bu zaman hadisə yerində olan Şəxs nalayiq ifadələr işlətmiş və polisə müqavimət göstərmişdir. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarını təhqir etmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin gün ailəsi ilə toyda olmuşdur. Ailəsini evə aparmış sonra yenidən qayıtmışdır. Bu zaman orada dava olduğunu görmüşdür. Onları uzaqlaşdırmaq üçün oraya yaxınlaşmışdır. Sonra polis əməkdaşları gəlmişdir. Həmin vaxt içkili olmuşdur. İçkinin təsirindən nə dediyini və nə etdiyini bilməmişdir. Polislərdən də üzr istəmişdir. 4 uşağı fəhləliklə saxlayır, həmçinin evdə xəstə uşağı da vardır. Buna görə də yüngül inzibati cəza verilməsini xahiş etmişdir.

5. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X4 bildirmişdir ki, hadisə 25-dən 26na keçən gecə 102 xidmətinə Araz restoranında hadisənin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin gün sahə rəisi Yusifli Fərman, əməliyyat müvəkkili hadisə yerinə getmişdir. Ondan əvvəl Post Patrul işçiləri oraya getmişdir, çünki toy olduğundan çox adam olur. Sonra əməkdaşlarla danışmış və bildirmişdirlər ki sözlü mübahisədir. Birazdan vətəndaşlar bölməyə gətiriləcəkdir. Hadisə zamanı Şəxs polis əməkdaşlarına maneə yaratmamış sadəcə təhqiredici ifadələr işlətmişdir. Polis əməkdaşları ictimai asayişi qorumaq məqsədi ilə təhqiredici ifadələr işlətməməsini bildirmişdirlər. Sadəcə şəxs sərxoş vəziyyətdə olduğundan, təhqiredici ifadə işlətmə deyilən zaman yenə də işlətmişdir. Hər hansı bir zorakılıq, polisi döymə olmamışdır. Bölməyə gətirilmiş yenə təhqiramiz ifadələrinə davam etmişdir. Sadəcə sərxoş olduğundan özü də nə dediyini bilməmişdir. Sonra birinci bölmənin rəisinə daha sonra isə yuxarı orqanın növbətçi hissəsinə məruzə etmiş və şəxsin narko-testdən keçməli olduğunu bildirmişdir. Daha sonra qanuni şəkildə narko-testə aparılmış və 2.67 promil içkili çıxmışdır. Sonra yenidən bölməyə gəldiyi zaman təhqiredici ifadələrinə davam etmişdir.

6. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, 102 zəng xidmətinə məlumat daxil olmuşdur. Hadisə yerinə yaxınlamışdır. Həmin vaxt başqa mübahisə var idi. O zaman Şəxs səs-küy salmışdır. Çünki çox içkili idi. Nalayiq ifadələr işlətmişdir. Sonra onu bölməyə dəvət etmişdirlər.

7. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X3 bildirmişdir ki, 26-dan 27-nə keçən gecə saat 1-ə işləmiş 102 xidmətinə zəng gəlmişdir. Əməliyyat müvəkkili olan Əli müəllim onları hadisə yerinə yönləndirmişdir. 7-8 dəqiqə keçdikdən sonra oraya çatmışdırlar. Oraya çatdıqları zaman Şəxs nalayiq ifadələr işlətmişdir. O zaman hamı toydan çıxdığı üçün ətrafda xanımlar və uşaqlarda var idi. Bu zaman ona qanun çərçivəsində izah etmişdirlər ki, nalayiq ifadələr işlətmək olmaz. Görmüşdürlər ki, polisin qanuni tələblərinə əməl etmir. Buna görə də 1-ci Polis Bölməsinə gətirmişdirlər.

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim edilmiş videoyazıya baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir.

9. Belə ki, iş materiallarında olan raportlardan görünür ki, Şəxs Araz Restoranında mübahisə zamanı hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərərək, onlara qarşı təhqiramiz ifadələr işlətmişdir. 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən vətəndaş Şəxs ictimai yerdə səs-küy salmamasını, nalayiq ifadələr işlətməməsini bildirmişdir. Vətəndaş Şəxs polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidmətdə olan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozmuşdur. Vətəndaş Şəxs tərəflərindən 1-ci Polis Bölməsinə gətirilmişdir.

10. İş materiallarında olan video-görüntüdən görünür ki, Şəxs polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidmətdə olan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini pozmuşdur.

11. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarına qarşı qeyri-etik ifadələr işlədərək təhqir etmiş və polisin qanuni tələbinə tabe olmamışdır.

12. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

14. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

15. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

16. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

17. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

18. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

19. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

20. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

21. Həmin Məcəllənin 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

22. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

23. Məhkəmə araşdırması zamanı Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi qiymətlədirilir.

24. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.

25. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir.

26. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar