Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-490/2023 16.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxx 1991-ci il tarixdə Babək rayonu, Hacıvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, 1 uşaq atası, orta təhsilli, “X6” MMC-də fəhlə işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Hacıvar kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 15 oktyabr 2023-cü il tarixdə dostları ilə Elsevərdə içdiklərini, ona evdən zəng gəldiyini, amma vuranın kim olduğunun tam yadında olmadığını, qardaşının xəstəxanaya aparıldığını bildikdə taksiyə minərək xəstəxanaya getdiyini, xəstəxanaya çatdıqda xəstəxananın girişində atasını və polis əməkdaşlarını gördüyünü, içkinin də təsiri ilə yaxınlaşaraq əvvəlcə atasına qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra onu sakitləşdirmək istəyən qohumlara kobudçuluq etdiyini, həmin gün həddindən artıq içkili olduğunu, baş vermiş hadisələri xatırlamadığını, əməlindən peşman olduğunu, yüngül tənbeh verilməsini xahiş etdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, 15 oktyabr 2023-cü il tarixdə əməliyyat-istintaq qrupunda xidmət aparan zaman Babək RPİ-nin növbətçi hissəsinə mübahisə olması ilə bağlı məlumat daxil olduğunu, daxil olmuş məlumatın yoxlanılması məqsədilə həmin ünvana getdiklərini, orada aparılan araşdırmalar zamanı X2 atası X4 ilə mübahisəsi zamanı hər ikisini sərxoşluğu müəyyən etmək üçün Naxçıvan MR Mərkəzi Xəstəxanasına dəvət etdiklərini, xəstəxanada olan zaman Şəxs sərxoş vəziyyətdə xəstəxanaya gələrək əvvəlcə atasına qarşı nalayiq ifadələr işlətdiyini, onu sakitləşdirməyə çalışdıqlarını, nizam-intizama dəvət etdiklərini, onun yenə də onlara məhəl qoymaraq acıqlı şəkildə onlara qarşı nalayiq ifadələr işlətdiyini, mübahisənin böyüdüyünü görüb dərhal Naxçıvan Şəhər Polis İdarəsinə məlumat verdiklərini, əməkdaşların oraya gəldiyini, həmin şəxsi onlara təhvil verdiklərini bildirdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 15 oktyabr 2023-cü il tarixdə oğlu Toğrulun içkili vəziyyətdə sağ qolunu kəsdiyini, polisə zəng etdiyini, xəstəxanaya getdiklərini, xəstəxanada olan zaman oğlu Tarixin içkili halda gəldiyini, əvvəlcə ona qarşı, daha sonra ətrafdakılara qarşı nalayiq ifadələr işlətdiyini, söyüş söydüyünü, onu sakitləşdirmək istədiklərini, onun öz hərəkətlərini davam etdirdiyini, polis əməkdaşlarına tabe olmadığını, onu polis idarəsinə apardıqlarını bildirdi. İş üzrə 16 oktyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 16 oktyabr 2023-cü il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuşdur. İş üzrə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0.66% sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs ictimai yerdə ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs etirafı, səmimi peşmanılığı və 1 uşağının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş vəziyyətdə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilməlidir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 16 oktyabr 2023-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-490/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-490/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver