Məhkəmə qərarları › İş №3(078)-496/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-496/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-496/2025 12.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Protokol tərtib edən orqanın nümayəndələri X5 və X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 14 saylı X6 tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir.

2. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Tumbul kəndinin inzibati ərazisində yerləşən avtomobil təmir sexində formalaşan içməli məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında bildirmişdir ki, 16 nömrəli sərəncam əsasında monitorinq keçirilmişdir. Monitorinq keçirilən zaman bu obyektə tullantı sularını təyinatsız olaraq sanitar qovşağı və binada yerləşən mətbəx sularının küçələrə, kommnikasiya xətlərinə axıdılması müşahidə edilmişdir. Buna görə də şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Sübut kimi video və şəkillər çəkilmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X5 izahatında bildirmişdir ki, baxış keçirilən zaman məişət və tullantı sularının təyinatsız axıdıldığı faktı müəyyən edilmişdir. Vətəndaşın özünə də məktub göndərilmişdir. Məktub çatmadığından özləri şəxsən aparıb təqdim etmişdir. Hər birinin izahatı da verilmişdir. Vergidən həmin şəxsin sahibkarlığı ilə bağlı məlumat verilmədiyindən fiziki şəxs kimi qeydiyyata almış və protokol tərtib edilmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

7. İş materiallarında olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Tumbul kəndinin inzibati ərazisində yerləşən avtomobil təmir sexində formalaşan içməli məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

8. İş materiallarında olan 06 oktyabr 2025-ci il tarixli Aktdan görünür ki, Tumbul kəndinin inzibati ərazisində yerləşən fiziki şəxs Şəxs tərəfindən işlədilən avtomobil təmiri sexində formalaşan içməli, məişət, tullantı sularının təyinatsız olaraq boru vasitəsilə kənara axıdıldığı faktı aşkar edilmişdir.

9. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Tumbul kəndinin inzibati ərazisində yerləşən avtomobil təmir sexində formalaşan içməli, məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

1. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

2. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir/

3. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

4. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

5. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

6. Maddə 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

7. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

8. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

9. Maddə 262.2.3. Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.

11. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Tumbul kəndinin inzibati ərazisində yerləşən avtomobil təmir sexində formalaşan içməli məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur.

12. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.

13. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar