Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-50/2025 22.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs Bağırov Sahib Bilal oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rzayev Elnur Rza oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Abdullayev Məhəmməd Cəfər oğlunun iştirakı ilə, 20.06.1981-ci ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:2HENS0R, ali təhsilli, təqaüdçü, subay, bir uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Babək məhəlləsi bina 4, ev 58 ünvanında qeydiyyatda olmaqla yaşayan Rzayev Elnur Rza oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 22.01.2024-cü il tarixdə Babək rayon Didivar kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Bağırov Sahib Bilal oğlu Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15.08.2024-cü il tarixdə Naxçıvan şəhər, Əlincə məhəlləsində Rzayev Elnur Rza oğlu onun sol qulaq nahiyəsindən və sol diz nahiyəsindən xəsarət yetirmişdir. Bağırov Sahib Bilal oğlu qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı Seyidov Rəşad Mirnazim oğlu tərəfindən araşdırma aparılmış Rzayev Elnur Rza oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 22 yanvar 2025-ci il tarixdə 2104199 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Rzayev Elnur Rza oğlu izahatında İsmayılova Elnurə Əli qızı ilə ailəli olub ayrıldığını, üç övladının olduğunu, uşaqlarının anası ilə birlikdə qaldığını, 15.08.2024-cü il tarixdə saat 23 radələrində Naxçıvan şəhər Əlincə məhəlləsində maşın bazarının yaxınlığında uşaqlarını gəzintiyə çıxardığını, həmin vaxt onun keçmiş həyat yoldaşı ilə münasibəti olan Sahib adlı şəxsin avtomobili ilə gəlib onun yanında saxladığını, ona gəl maşına otur gedək söhbət edək dediyini, ona uşaqlarının yanında olduğunu sonra söhbət edərik dediyini, Sahibin ona bu dəqiqə söhbət edəcəyik dediyini, ona yenə də uşaqlarım qorxurlar sabah görüşüb söhbət edərik dediyini, onunla mübahisə etməyə başladıqlarını, Sahibin onu yerə yıxdığını, onu əlləri ilə boğmağa çalışdığını, həmin vaxt onları aralaşdırdıqlarını, onun ayağa qalxdığını, Sahibin təpiklə ayağından vurduğunu, Sahibin yenə də onu söhbətə dəvət etdiyini, uşaqlarını evə aparmaq üçün oradan uzaqlaşdığını, uşaqlarının çox narahat olduğunu, oradan uzaqlaşıb gedən zaman təkrar avtomobillə onların yanına gəldiyini, avtomobildən düşüb onun üstünə gəldiyini, onun sifət nahiyəsindən kəllə ilə vurduğunu, kəllə zərbəsindən sonra burnunun qanamağa başladığını, balaca qızı qorxduğuna görə onu götürüb evə tərəf gəlməyə başladığını, Heydər Əliyev adma tam orta məktəbin arxası ilə gələn zaman Sahibin avtomobili ilə gəldiyini gördüyünü, həmin vaxt qızının da onun qucağında olduğunu, Sahibin qulağından vurmadığını, sadəcə dizindən təpiklə vurduğunu bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs Bağırov Sahib Bilal oğlu Rzayeva Elnurə Əli qızı ilə taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olduğunu, Elnurənin ona ailəli olub ayrıldığını dediyini, 15.08.2024-cü il tarixdə saat 23 radələrində Elnurə ilə telefonda danışan zaman keçmiş həyat yoldaşının səsini eşitdiyini, Elnurənin ona keçmiş həyat yoldaşının iş yerinə gəldiyini dediyini, avtomobilinə əyləşib Elnurənin mağazasının yerləşdiyi yerə gəldiyini, Elnura uşaqlardan əl çəkməsini, çıxıb getməsini dediyini, onları yola sal səninlə gedib söhbət edək dediyini, lakin Elnurun onunla söhbət etməyə gəlmədiyini, balaca qızının qolundan tutaraq aparmaq istədiyini, həmin vaxt onunla mübahisə etdiklərini, Elnurun boğaz nahiyəsindən tutduğunu, Elnurun həmin vaxt bir anda yerə yıxıldığını, Elnurun sağ əli ilə onun sol qulaq və üz nahiyəsindən yıımuruqla vurduğunu, sonradan isə Elnuru buraxdığını, Elnurun yerdən qalxan zaman isə onun ayaq nahiyəsindən təpiklə vurduğunu, sonra isə nalayiq ifadələr işlədərək oradan uzaqlaşdığını, polis şöbəsində döyüldüyünü və bununla bağlı şikayət etdiyini, daha sonra onu döyüən polis əməkdaşı ilə barışdığını, ancaq Elnurdan şikayətinin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Rzayeva Elnurə Əli qızı izahatında bildirmişdir ki, Elnur Rzayev onun keçmiş həyat yoldaşıdır. Onlar 2024-cü ildə boşanıblar və evlilikdən olan 3 uşaq onunla yaşayır. Sahiblə bir müddət münasibətləri olmuşdur və o boşandıqdan sonra belə münasibət yaranmışdı. Onun dükanı vardır. Mağaza işlədir. Sahibin evli olduğunu bilməmişdir. Uşaqlarla atanın ünsiyyəti olan gündə bu hadisə baş vermişdi. Sahiblə telefonla danışan zaman Elnur uşaqlarla gəlmişdir və yeni kirayə tutduğu evin yerini öyrənmək istəmişdir. Sahib gəlmiş və Elnurla dalaşmışdır. O Elnurun Sahibi vurduğunu görməmişdir. Ancaq Elnur polis şöbəsinə Sahibdən şikayət edən zaman polis şöbəsinə birlikdə getmişdir və orada Sahibin qulağının arxasında sıyrıq görmüşdür. Sıyrığın hansı formada olduğunu tam xatırlamır. Polis şöbəsində Sahiblə çox pis rəftar edilmiş və o polis əməkdaşları tərəfindən döyülmüşdür. Hətta bununla bağlı Sahib şikayət vermişdir. Ancaq Elnurun Sahibi vurduğunu görməmişdir. Rzayev Elnur Rza oğlunun müdafiəçisi Abdullayev Məhəmməd Cəfər oğlu zərərçəkmiş şəxs Bağırov Sahib Bilal oğlunun polis əməkdaşlarının onu döyməsinə dair özünə və Rzayeva Elnurə Əli qızına məxsus sosial şəbəkə hesabarından paylaşdıqları məlumatları təqdim etmişdir. Təqdim edilən məlumatlarda Bağırov Sahib Bilal oğlunun ayağında, qolunda xəsarətgöyərmə olmasına dair fotoşəkillər və bununla bağlı həmin xəsarətlərin polis əməkdaşları tərəfindən törədilməsi barədə yazılar əks olunmuşdur. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən 31.08.2024-cü il tarixli 154 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, vətəndaş Bağırov Sahib Bilal oğlunun bədən səthi üzərində sol qulaq arxası nahiyyəsinin sıyrığı, bərk küt əşyanın təsirindən törəndiyi, yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmədiyi göstərilmişdir. 29 dekabr 2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən HKpi-1406/2024 nömrəli material üzrə Rzayev Elnur Rza oğlunun əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Rzayev Elnur Rza oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd olunan əsasları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkətlər zəruri müdafiə hüququndan istifadə hesab edilməlidir. Belə ki, şahid Rzayeva Elnurə Əli qızının verdiyi izahatdan və ekspertin verdiyi rəyə, əsasən, qulaq nahiyəsində xəsarətin Rzayev Elnur Rza oğlu tərəfindən Bağırov Sahib Bilal oğluna yetirilməsi təsdiq olunur. Lakin zərərçəkmiş şəxsin eyni anda baş vermiş hadisə nəticəsində barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanması, həmin cinayət işinə baxılması nəticəsində 17 yanvar 2025-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsi tərəfindən barəsində 1-1(092)-11/2025 nömrəli 17.01.2025-ci il tarixdə ittiham hökmü çıxarılması Rzayev Elnur Rza oğlunun zəruri müdafiə vəziyyətində hərəkət etməsizəruri müdafiə vəziyyətində şəxsin sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməsini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Qısası, hüquqazidd qəsddən qorunmaq üçün şəxsin qəsd edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunması zəruri müdafiə deməkdir. Bu növ hərəkətlərin inzibati xəta sayılmaması üçün vacib amil zəruri müdafiə həddinin aşılmamasıdır. Yəni, zəruri müdafiə vəziyyətində edilmiş hərəkətlər qarşısı alınan qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmədikdə, bu zəruri müdafiə həddini aşmaq hesab edilir. Zəruri müdafiə qəsdin qarşısının alınmasının fəal forması kimi təkcə hücum edənin təhlükəli hərəkətlərini neytrallaşdırmağı deyil, eyni zamanda qəsd edənə əks hücumu nəzərdə tutur. Qanun qəsdə məruz qalan şəxsə təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verilir. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda zəruri müdafiə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir. İşin hallarından görünür ki, zərəçəkmiş şəxs Bağırov Sahib Bilal oğlunun Rzayev Elnur Rza oğluna yetirdiyi xəsarətin dərəcəsi sağlamlığına yüngül zərər vurulması ilə nəticələnmiş və onun törətdiyi əmələ cinayət hüquqi qiymət verilməklə barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Naxçıvan MR Hərbi Məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmışdır. Hökmə əsasən Bağırov Sahib Bilal oğlunun Rzayev Elnur Rza oğluna yetirdiyi xəsarətlər ekspert rəyi ilə-burun sümüyünün sınığı, yumşaq toxumaların şişkinliyi və qançırı, boynunda 2 ədəd, sol dirsək nahiyəsində 1 ədəd, sağ əlində 2 ədəd sıyrıq olması müəyyən edilmişdir. Bu xəsatərlərin yetirilməsi nəticəsində Rzayev Elnur Rza oğlunun Bağırov Sahib Bilal oğluna sol qulaq arxası nahiyəsinin sıyrığı ilə nəticələnən xəsarət yetirməsi Bağırov Sahib Bilal oğlunun yetirdiyi xəsarətlərin qarşısında həddi aşmayaraq özünü müdafiə olaraq yetirilmiş xəsarət kimi qiymətləndirilməlidir. Eləcə də Rzayev Elnur Rza oğlunun öz ifadəsi əsasında onun Bağırov Sahib Bilal oğlunun diz nahiyəsindən bir təpik vurması əsası ilə Naxçıvan MR Hərbi Prokurorluğunun məktubu ilə baxılması üçün Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. İstər Rzayev Elnur Rza oğlu tərəfindən Bağırov Sahib Bilal oğlunun ona yetirdiyi xəsarətlərin qarşısında diz nahiyəsinə bir təpik vurması, istərsə də sol qulaq arxası nahiyəsində sıyrıq olması yetirilən xəsarətdən daha yüngül olmuş, xəsarətə bərabər və ondan yuxarı olmamış, həddi keçməmişdir. Bu halda isə Rzayev Elnur Rza oğlunun əməlində döymə inzibati xəta tərkibinin əlamətlri olsa da zəruri müdafiə vəziyyətində hərəkət etmişdir və onun əməlində sözügedən maddənin tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İXM-in 114.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; Həmin Məcəllənin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 53.1.4, 114.2.1-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Rzayev Elnur Rza oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata zəruri müdafiə vəziyyətində hərəkət etməsi əsası ilə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-50/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-50/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver