Məhkəmə qərarları › İş №3(078)-501/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-501/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-501/2023 17.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, fərdi sahibkar, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin X7 Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi DYPB tərəfindən tərtib edilmiş 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi DYPB Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 oktyabr 2023-cü il tarixdə “Chevrolet Malibu minik” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və tibbi müayinədən keçməkdən imtina etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisənin 04 oktyabr 2023-cü il tarixdə, axşam saat 23:00 radələrində toydan gəldiklərini, bibisinin oğlunun toyu olduğunu, “Araz” restoranında toyda olduqlarını, toyda içki içdiyini, avtomobilinin gəlin avtomobili olduğunu, əvvəlcə avtomobili atasının sürdüyünü, bibisigilə gəldiklərini, sonra öz evlərinə gedərkən məhlələrinə girdikləri zaman atasının maşından düşdüyünü, avtomobili bacısının idarə etdiyini, avtomobildə bacısının, anasının, bacısının rəfiqəsinin və onun uşağının olduğunu, 20-30 metr getdikdən sonra, polis əməkdaşlarının avtomobillə arxaları ilə gəldiklərini gördüyünü, o da bacısına “evə az qalır evin önündə saxla” dediyini, bacısının avtomobili evin önündə saxladığını, bu zaman polis əməkdaşının özünü təqdim etmədən, “avtomobili sən idarə edirdin bacın yox” dediyini, onun da cavabında “mən içkiliyəm, avtomobili necə idarə edim” dediyini, həmin vaxt bacısının da avtomobildən düşdüyünü, “cərimə nədirsə yazın” dediyini, polis əməkdaşının “sənin sahibin yoxdur?” dediyini, onun da cavabında “bir qadınla bu necə danışıqdır danışırsan” dediyini, aralarında münaqişə yarandığını, polis əməkdaşının ona “gəl gedək şöbədə aydınlaşaq” dediyini, polis şöbəsinə getdiklərini, onu alkotestdən keçirmək istədiklərini, onun da “avtomobili mən idarə etmirdim niyə alkotestdən keçim?” dediyini, polis əməkdaşlarının ona avtomobili polis şöbəsinə gətirməyini dediklərini, Daxili İşlər Nazirliyinə getdiyini orada növbətçi hissədə yenidən Şəhər Şöbəsinə göndərdiklərini, orada adını soyadını qeyd etdirib getdiyini, 2 gün sonra onu yenidən Polis İdarəsinə çağırdıqlarını, X7 Bölməsində rəisin onu qəbul etdiyini, ona hər şeyi olduğu kimi danışdığını, onun cavabında isə “sənə inanmıram, çıx çölə, get avtomobili idarə edən qadını çağır” dediyini, sonra bacısının gəldiyini, olanları olduğu kimi danışdığını, ona da “sən yalan danışırsan, çıx çölə” dediyini, sonra Daxili İşlər Nazirliyinə gedərək izahat verdiklərini, özünün alkotestdən keçməkdən imtina etdiyini, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmadığını, özünün tibbi müayinədən keçməkdən imtina etmədiyini, protokolda bu cür qeyd edilsə də bunu təsdiq edən heç nəyin protokola əlavə edilmədiyini, müayinədən keçməyin ona ümumiyyətlə təklif olunmadığını bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” protokoldan görünür ki, Şəxs danışıq zamanı kəskin alkoqol iyi gəldiyindən o, tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsi DYPB Yol patrul xidməti inspektoru, polis baş serjantı Rəşidov Toğrul oğlu tərəfindən tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 00:35 radələrində polis baş serjantı X2 ilə xidməti vəzifəsini yerinə yetirərkən C.Məmmədquluzadə küçəsindən B.Abbasov küçəsinə dönən zaman Chevrolet Malibu markalı 75BK695 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə tərəflərindən mayak və səs gücləndirici vasitəsilə saxla işarəsi vermişdirlər. Sürücü bilərəkdən və görərəkdən saxla işarəsinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlar onu müşahidə etməyə başlamış və təkrarən sürücüyə mayak və səs gücləndirici vasitəsilə dəfələrlə saxla işarəsi vermişdirlər. Lakin sürücü yenə bilərəkdən və görərəkdən saxla işarəsinə tabe olmayaraq sürəti artıraraq hərəkətini davam etdirmişdir. Bir neçə km getdikdən sonra sürücü maşını saxlamışdır. Onlar ona yaxınlaşıb özlərini təqdim edərək törətdiyi qayda pozuntusunu izah edərək sürücüdən müvafiq sənədləri tələb etmişdirlər. Bu zaman sürücüdən kəskin spirt iyi və qoxusu gəldiyi hiss edilmişdir. Ona görədə sürücünü həkim tibbi müayinəsindən keçməyə dəvət etmişdirlər. Sürücü toydan gəldiyini və bir qədər spirtli içki qəbul etdiyini bildirərək həkim tibbi müayinədən keçməyəcəyini söyləyərək idarə etdiyi nəqliyyat vasitəsinin qapılarını bağlayıb açarlarını verməkdən imtina etmişdir. Lakin onlar ona qanuna tabe olmasını bildirmiş və həkim tibbi müayinədən keçməyə dəvət etmişdirlər. Sürücü təkrarən heç bir sənəd təqdim etməyəcəyini və həkim tibbi müayinəsindən keçməyəcəyini bildirmişdir. Bort kompüter vasitəsilə araşdırma zamanı məlum olmuşdur ki, sürücü xx.xx.1995-ci il təvəllüdlü Naxçıvan şəhəri, 6-cı küçə, ev 98-də daimi qeydiyyatda olan Şəxsdur. Buna baxmayaraq onu dəfələrlə həkim tibbi müayinəsinə dəvət etsələr də, sürücü yenə tibbi müayinədən boyun qaçırmış və idarə etdiyi avtomobilin açarlarını verməkdən imtina etmişdir. Sürücüylə ünsiyyətdə olduqları zaman bir qadın onların söhbətinə müdaxilə edərək yüksək səslə onlara hədə qorxu gəlməyə başlamışdır. Onlar həmin xanımı dəfələrlə ictimai asayişi pozmamağa çağırsalar da, xanım buna məhəl qoymamışdır. Sonradan məlum olmuşdur ki, həmin qadın xx.xx.1994-cü il təvəllüdlü Naxçıvan şəhəri 6-cı küçə ev 98-də daimi qeydiyyatda olan X3r. Yuxarıda qeyd etdiklərinə əsasən AR İXM-nin 327.1, 327.3, 343.1 maddələrini rəhbər tutaraq sürücü barəsin də müvafiq göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyd olunan protokola əlavə edilmiş sənədlər natamamdır məhkəmə baxışı gedişində həmin sənədləri tamamlamaq mümkün deyildir. Belə ki, protokola şəxsin tibbi müayinəyə aparılmasını, tibbi müayinəyə aparılarkən hal şahidlərinin iştirak etməsini əks etdirən sənədlər əlavə edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, təqdim edilmiş materialın natamamlığı kimi qiymətləndirərək, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar