Məhkəmə qərarları › İş №3(078)-523/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-523/2023

11.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-523/2023 11.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, “Kollektiv Bar”da işləyən, deməsinə görə əvvəllər məhkum edilməmiş, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 11 noyabr 2023-cü il tarixli, 016455 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 11 noyabr 2023-cü il tarixli, 016455 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 noyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, 10 noyabr 2023-cü il tarixdə dostu X6 məxsus olan “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə onun iş yeri olan “Kollektiv Bar”a gəldiyini, iş yerinin qarşısına çatdıqdan sonra həmin yerə Yol Patrul Xidmətinin əməkdaşlarının yaxınlaşdığını, dostunun maşınını duracağa apardıqlarını bildirdiklərini, maşını duracağa apardıqdan təxminən 3-4 saat keçdikdən sonra spirtli içkinin təsiri altında Naxçıvan Şəhər Polis İdarəsinə getdiyini, idarəyə gəlməkdə səbəbinin dostunun avtomobilini duracaqdan çıxarmaq olduğunu, idarənin növbətçi hissəsinə yaxınlaşdığını, avtomobili çıxartmaq istədiyini bildirdiyini, növbətçi hissədə olan polis əməkdaşının “Yol Patrul Xidmətinin əməkdaşları burada deyil get sabah gələrsən” dediyini, o da içkili halda qarşılığında əsəbləşərək uca səslə həmin polis əməkdaşının üstünə çığırdığını, idarənin daxilində ünvansız söyüşlər söydüyünü, digər polis əməkdaşlarının ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışsalar da onlara məhəl qoymadığını, öz əməlinə davam etdiyini, spirtli içkinin təsiri altında olduğundan kobudluq edərək tabesizlik göstərdiyini, sonra epilepsiyasının tutduğunu, X13dan həkimlərin gəldiyini, ona iynə vurduqlarını, onlara qarşı da kobudluq etdiyini, adını soruşduqlarını onun da demədiyini, əməldən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X4 məhkəmə iclasında verdiyi ifadəsində 10 noyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Naxçıvan Şəhər Polis İdarəsində növbətçi hissədə xidmətdə olan zaman bir nəfər şəxsin Naxçıvan Şəhər Polis İdarəsinə gələrək növbətçi hissəyə yaxınlaşdığını, sərxoş halda olduğunu, qışqıraraq “mənim dostumun maşınını ver, cərimə meydançasında açın verin aparıram, mən epilepsiya xəstəsiyəm, mənə heç kim heç nə deyə bilməz” dediyini, onu nə qədər nizam-intizama dəvət etsə də onun müxtəlif söyüşlər söydüyünü, maşının açarını vermələrini tələb etdiyini, “maşının açarını verin yoxsa buranı yandıracağam” dediyini, sonra ürəyinin keçdiyini, dərhal X13 çağırdığını, ona tibbi yardım olunarkən ayıldığını, X9 işçilərinə nalayiq ifadələr işlətdiyini, onu nə qədər nizam-intizama dəvət etsələr də polisə tabe olmadığını, onu PPX əməkdaşları ilə yaşadığı ünvana göndərdiyini, həmin şəxsin Tumbul kənd sakini Şəxs olduğunu sonradan bildiyini bildirdi. X1 10 noyabr 2023-cü il tarixdə xidmətdə olan zaman Naxçıvan Şəhər Polis İdarəsi istiqamətində hərəkət etdiklərini, idarəyə X13 avtomobilinin gəldiyini gördüklərini, idarəyə gəldiklərini, orada bir nəfər şəxsin huşsuz vəziyyətdə idarənin daxilində X13 əməkdaşlarının ona ilk tibbi yardım göstərdikdən sonra özünə gəldiyini, ayıldıqdan sonra növətçiyə və orada xidmət edən əməkdaşlara qarşı uca səslə nalayiq ifadələr işlətməyə başladığını, əsasən də idarə rəhbərliyinə qarşı ifadələr işlətdiyini, sonradan həmin şəxsin dostunun avtomobilinin cərimə meydançasında olduğunu onu çıxarmaq üçün gədiyini bildiyini, polis əməkdaşlarının onu nizam-intizama dəvət etməyə cəhd göstərdiklərini, onun hədə-qorxu gələrək nalayiq ifadələr işlətdiyini, sonradan onun sakitləşmədiyini görərək Post Patrul Xidməti avtomobilini dəvət edərək yola saldıqlarını, həmin şəxsi ilk dəfə polis idarəsində gördüyünü, həmin şəxsin Tumbul kənd sakini Şəxs olduğunu idarədə bildiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 11 noyabr 2023-cü il tarixdə saat 13:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinin tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada tutulduğundan cərimənin məbləği 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar