Məhkəmə qərarları › İş №3(078)-524/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-524/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-524/2025 14.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 3 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 14 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 noyabr 2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri, 8-ci küçədə yaşayan bir nəfər şəxsin hal və hərəkətlərində şübhə olduğu üçün həmin şəxs tərəfimdən Naxçıvan Muxtar Respublikası MTE və PA birliyinə narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxsdən qan nümunəsi götürülərək narko-testdən keçirilmişdir. Naxçıvan Muxtar Respublikası MTE və PAB-dan daxil olmuş xx.xx.2025-ci il tarixli test nəticəsinə əsasən, Naxçıvan şəhəri, 8-ci küçə ev-11A ünvanında yaşayan Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 1 ildən çox olar ki, narkotik vasitə istifadə etmədiyini, əvvəllər istifadə etdiyini, hal-hazırda onunla bağlı müalicə aldığını, şəkərli diabet xəstəsi olduğunu, özündən oktyabr ayının 20-i, ya da 21-i analiz götürdüklərini, dəqiq olaraq tarixi xatırlamadığını, sidik analizi olduğunu, nəticəsinin müsbət aşkar olunmadığını, sonra da qan analizi götürdüklərini, özünə sidik analizinin nəticəsinin müsbət olmadığının deyildiyini, heç bir narkotik vasitə istifadə etmədiyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 vətəndaşın əməkdaşlar tərəfindən oktyabr ayının 20-i qan analizinə aparıldığını, nəticəsinin də müsbət aşkar edildiyini, əməkdaşların dediyinə görə sidik analizinin nəticəsinin də müsbət aşkar edildiyini, lakin vətəndaşın dərman qəbul etdiyini bildirib razılaşmadığını, ona görə də qan analizinə aparıldığını bildirərək şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 03 noyabr 2025-ci il tarixli, 97k saylı canlı şəxsin ekspertizası ekspert rəyində qeyd olunmuşdur ki, Şəxs götürülmüş qan nümunəsində məhkəmə-kimya tədqiqatı nəticəsində metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri fenotiazin və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 14 noyabr 2025-ci il tarixli, 535 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs metamfetamin narkomaniyası xəstəliyindən əziyyət çəkir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narkotest müayinəsindən keçirilib, nəticə metamfetamin müsbət aşkar olunmuşdur. MTE və PA birliyindən alınmış xx.xx.2025-ci iltarixli 97/k saylı məhkəmə-kimyəvi rəyinə əsasən qanında metamfetamin müsbət aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 14 noyabr 2025-ci il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırki inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların İİ siyahısının 27-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. Məhkəmə qeyd edir ki, hazırda Şəxs təqsirləndirildiyi maddənin məzmunundan da göründüyü kimi qeyd olunan maddənin tərkibinin yaranması üçün şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təsdiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir. Lakin hazırki inzibati xəta haqqında iş araşdırılarkən müəyyən edilmişdir ki, iş materiallarına Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 03 noyabr 2025-ci il tarixli ekspert rəyi əlavə edilmiş, həmin rəydə Şəxs qanında metamfetamin aşkar edildiyi göstərilmişdir. Qeyd olunan rəydən də göründüyü kimi həmin rəyi tərtib edən şəxs həkim narkoloq deyildir və onun narkotik vasitənin və ya psixotrop maddənin istehlakına dair rəy vermə səlahiyyəti yoxdur. Ona görə də onun verdiyi rəy sübut qismində qəbul edilə bilməz. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin psixotrop maddə olan metamfetamini istehlak etməsi ilə bağlı həkim narkoloq tərəfindən verilmiş tibbi müayinədən keçirilməsinə dair rəy 14 noyabr 2025-ci il tarixdə verilməsinə baxmayaraq, həmin rəydə şəxsin xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X2 sidik narkotest müayinəsindən keçirildiyi qeyd edilmiş, həmçinin həkim-narkoloq müstəqil olaraq özünün apardığı müayinənin nəticələrinə dair rəy verməli olduğu halda, verdiyi rəydə narkotik vasitənin və ya psixotrop maddənin istehlakına dair rəy vermə səlahiyyəti olmayan tibb eksperti-kimyaçı tərəfindən verilmiş rəyə istinad etmiş, həmin rəyə əsaslanmışdır. Bu səbəbdən həmin rəy də sübut qismində nəzərə alına bilməz. Həmçinin qeyd edilən rəydə digər şübhə doğuran məqamlar vardır. Belə ki, rəydə 27 oktyabr tarixli rəyə istinad edildiyi göstərilmiş, lakin iş materiallarında olan digər rəyin tarixi 03 noyabr tarixidir. Həmçinin şəxsin barəsində tərtib olunan protokolda Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 03 noyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən vətəndaş Şəxs götürülmüş qan nümunələrində metamfetamin aşkar edildiyi, bu səbəbdən şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulan inzibatı xətanı törətdiyi qeyd edilmişdir. Qeyd edilənlərdən də görünür ki, inzibati xəta haqqında protokol da narkotik vasitənin və ya psixotrop maddənin istehlakına dair rəy vermə səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş rəy əsasında tərtib olunmuş, sadəcə həmin rəyə əsaslanılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd edilən prinsipin, yəni təqsirsizlik prezumpsiyasının tələbini rəhbər tutaraq məhkəmə belə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması barədə şübhələr, onun əsası sübuta yetirilə bilmədiyindən onun xeyrinə həll edilməli və şəxs təqsirsiz hesab edilməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar