Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-528/2025 17.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 iştirakları ilə, xx.xx.1971-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx), ailəli, 2 uşaq atası, orta təhsilli, pensiyaçı, İİ qrup əlil, sürücü, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.
2. Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi X5 protokolu müdafiə etmiş və bildirmişdir ki, şəxsin hal-hərəkətləri şübhə doğurduğundan X1 narko-testən keçirilmiş və qeyd olunan hallar müsbət aşkar olunmuşdur. Ədalətli qərar verilməsini xahiş etdi.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Çernobil faciəsindən gəldikdən sonra dizlərində problem yaranmış, həmçinin şəkər xəstəsi olmuşdur. Ağrılarına qarşı ancaq ağrı kəsici dərman atır. Ədalətli qərar verilməsini xahiş etdi.
4. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir.
5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.
6. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.
7. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.
8. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir.
9. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən 17 noyabr 2025-ci il tarixdə verilmiş 540 nömrəli rəyə əsasən, Şəxs Metamfetamin və opioidlərin birgə istifadəsi narkomaniyası müşahidə edilir. Abstinensiya əlamətləri müşahidə edildiyinə görə məcburi müalicəyə ehtiyac vardır. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narkotest müayinəsindən keçirilib, nəticə MET (metamfetamin), AMP (amfetamin), OPİ (opioid), MOP (morfin), BUP (buprenorfin) müsbət aşkar olunmuşdur.
10. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 17 noyabr 2025-ci il tarixli məktubuna MET (metamfetamin), AMP (amfetamin), OPİ (opioid), MOP (morfin), BUP (buprenorfin) müsbət aşkar olundu. COC (-), BZO (-), MDMA (-),PCP (-), BAR (-), MTD (-) aşkar olunmadı.
11. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur.
12. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
13. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
14. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
15. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır.
16. Məhkəmə inzibati xəta törədən şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır.
17. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır.
18. Belə ki, Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir.
19. Həmin Mcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.
20. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, Qurbanov X4 AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar ( Çernobıl AES-də hərbi xidmətlə əlaqədar ) - 2-ci qrup əlildir.
21. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.
22. Məhkəmə həmçinin hesab edir ki, olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 17 noyabr 2025-ci il tarixli, 540 nömrəli rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilməlidir.
23. Belə ki, Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən 17 noyabr 2025-ci il tarixdə verilmiş 540 nömrəli rəyə əsasən, Şəxs Metamfetamin və opioidlərin birgə istifadəsi narkomaniyası müşahidə edilir. Abstinensiya əlamətləri müşahidə edildiyinə görə məcburi müalicəyə ehtiyac vardır.
24. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Naxçıvan Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim: Aslan Heydarov.