Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-531/2025 19.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Babək rayonu, Kültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, satıcı işləyən, Babək rayonu, Kültəpə Ə/D, Kültəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tətib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.
2. İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə H.Cavid parkında ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.
3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 protokolu müdafiə edərək bildirdi ki, bu gün xidməti vəzifələrini yerinə yetirərkən, əvvəlcədən tanımadığı şəxsin Hüseyn Cavid məqbərəsinin ətrafında park ərazisində uca səslə bir nəfərlə danışarkən nalayiq ifadələr işlətdiyini görmüşdür. Şəxsə yaxınlaşaraq buranın ictimai yer olduğunu, ictimai qaydaları pozduğunu, nizam-intizam dəvət etdiyini bildirmişdir. Şəxs həmin vaxt aqressivlik nümayiş etdirdi. Qanuni tələblərə tabe olmadı. Təkrar telefonla danışıqlarına davam etdi. Şəxsin hərəkətlərinin davam etdirilməsini gördükdə əlaqə saxlayaraq əraziyə avtopatrulu dəvət etmişdir. Şəxs avtopatrula yaxınlaşarkən yenidən onun tələblərinə tabe olmadı. Daha sonra əməkdaşlar tərəfindən idarəyə aparıldı. Şəxs barəsində inzibati protokol tərtib olunmuş və Naxçıvan Şəhər Məhkəməsinə gətirilmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etdi ki, Hüseyn Cavid məqbərəsinin yanından gedən zaman dostuna pul verdiyi üçün zəng etmişdir. Aralarında problem yarandığına görə nalayiq söz işlətmişdir. Amma o ifadəni dostuna demiş, başqa heç kimə deməmişdir. Əsəbi olduğu üçün yüksək səslə demiş, ətrafda insanlara fikir verməmişdir. Polis yaxınlaşmış və asayişi pozduğunu demişdir. Əsəbi olduğu üçün polisə gedin işinizlə məşğul olun demişdir. Polisdə şöbəyə getməyi demiş və orada aydınlaşdırmağı demişdir. Sonra maşınla polisə aparılmışdır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X4 bildirmişdir ki, saat 13-14 arası xidmətə olanda onlara xəbər gəlmişdir ki, Hüseyn Cavid məqbərəsinin yanına yaxınlaşın. Yaxınlaşan zaman Elnur müəllim və şəxs orada idi. Şəxsi avtopatrula dəvət etdikləri zaman o maşına əyləşmək istəmədi. Bu zaman şəxsi maşına əyləşdirib idarəyə aparmışdırlar.
6. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, təxminən 13:20 radələrində zəng gəlmişdir ki, Hüseyn Cavid məqbərəsinin arxasında bir nəfər şəxs mübahisə aparır. Həmin əraziyə yaxınlaşmış və həmin şəxsin sakitləşməsini tələb etmişdirlər. Avtopatrul maşınına əyləşməyi deyildiyi zaman isə, yüksək səslə əyləşmək istəmədi. Daha sonra Polis İdarəsinə aparıldı.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim edilmiş videoyazıya baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir.
8. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:45 radələrində Naxçıvan şəhər H.Cavid küçəsində yerləşən məqbərənin ətrafında xidmətdə olan zaman bir nəfər şəxsin mobil telefonla danışarkən uca səslə nalayiq ifadələr işlətdiyini müşahidə etmişdir. Нəmin şəxsə yaxınlaşıb bu barədə оnа irad bildirən zaman о, kobudluq edərək, onun qanuni tələblərinə qəsdən tabe olmаyıb öz hərəkətlərinə davam edərək, aqresivlik nümayiş etdirdi. Tərəflərindən əraziyə avtopatrul dəvət olundu, şəxsə avtopatrula minməyini bildirsələrdə о, müqavimət göstərmiş avtopatrula minməkdən imtina etmişdir. Əməkdaşların köməyi ilə şəxsi avtopatrula mindirmiş Naxçıvan Şəhər Polis İdarəsinə gətirmiş Növbətçi hissəyə təhvil vermişdir.
9. İş materiallarında olan video-görüntüdən görünür ki, Şəxs üzərində şəxsi axtarış aparılmışdır.
10. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə H.Cavid parkında ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.
11. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
13. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
14. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
15. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
16. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
17. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
18. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
19. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
20. Həmin Məcəllənin 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
21. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
22. Məhkəmə araşdırması zamanı Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi qiymətlədirilir.
23. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.
24. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə barəsində tənbeh tətbiq edilməlidir.
25. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov