Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-539/2025 22.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 Polis Şöbəsinin İTP-in inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, natamam orta təhsilli, Şərur rayonu, Mahmudkənd Ə/D, Mahmudkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur.
2. İnzibati xəta haqqında protokollara əsasən Şəxs 21 noyabr 2025-ci ildə saat 13:50də hava limanında qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün orada olan taksi sürücülərinin haqlı narazılığına səbəb olduğundan polis tərəfindən saxlanılan zaman onlara qarşı tabesizlik göstərərək nalayiq ifadələr istifadə etmişdir. Həmin şəxs qanuna zidd əməllər etdikdən sonra barəsində araşdırma aparılması üçün polis şöbəsinə gətirilmişdir. Həmin şəxs polis şöbəsində olan zaman yenidən polis əməkdaşlarına qarşı böhtan və nalayiq ifadələr işlətmişdir.
3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 Polis Şöbəsinin İTP-in inspektoru, polis leytenantı X5 protokolu müdafiə edərək bildirdi ki, həmin vaxt işdə olmamışdır. Hadisənin tam necə olduğunu bilmir. Şöbədə polis əməkdaşlarına böhtan və nalayiq ifadələr işlədərək bildirmişdir ki, Polis əməkdaşları orada taksi sürücülərinə çek, vedrə satmaqları üçün imkan yaradır. Necə ki şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu onlara bildirdilərsə, şəxs də digər şəxslərin qanunsuz iş gördüyünü yaxınlaşıb bildirə bilərdi. Polis əməkdaşları şöbəyə dəvət etsə də, şəxs gəlmək istəməmişdir. Nalayiq ifadələrdən istifadə etmişdir. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, kəndçisi Rusiya vətəndaşı olduğu üçünona hava limanında yardım etmiş, çıxışdan kəndçisi Həsəni görmüş, ondan kəndə gedibgetməməsini soruşmuş, bu zaman taksi şofirləri polisə onun qanunsuz taksiçilik etdiyi barədə şikayət etmiş, o, polis əməkdaşına hava limanına gəlmə səbəbini telefonunu çıxarıb izah etmək istədiyi zaman isə polis əməkdaşı onun qolunu burmuş və icazə verməmişdir. Onu şöbədə saxlayan zaman hansı əsasla onu saxlamalarını soruşmuş, ona heç nə deyilməmiş, ona ailəsi ilə də əlaqə saxlamağa icazə verilməmiş, Hava Limanının rəis müavini onun telefonun açılmasını tələb etmiş, ailəsinin şəkilləri telefonda olduğu üçün telefonu açmaq istəməmiş, telefonunun kilidini hədələmək yolu ilə almış və oradan da bir şey tapa bilməmişdirlər. Daha sonra məni rəisin otağına apardılar və məni orda döydülər. Ona görə də gözü indi bu haldadır. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil izahatında bildirdi ki, şahidlərin bir-birlərindən fərqli ifadələr verməsindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan tərkib yaranmır. Çünki konkret olaraq həmin müqavimətin hansı qaydada göstərildiyini bildirmirlər. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
6. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, şəxs qanunsuz taksi sürücülüyü etmiş və gedib vətəndaşları götürmüşdür. Şəxsi çağırıb bu işlə birdə məşğul olmamasını demişdir. Bu zaman taksi şofirləri demişdir ki, niyə çörəyimizə bais olursunuz. Şəxs isə bu zaman nalayiq ifadə işlətmişdir. Şəxsi kənara çəkmiş və polisin sözünə biganə yanaşmamasını demişdir. O həmin vaxt komandirinə məruz etmiş, şəxs də telefonunu çıxararaq onun da zəng edəcəyini bildirmişdir. Daha sonra bir vətəndaşın yanına yaxınlaşmış və onlara demişdir ki, sizdən kimsə soruşsa deyin yaxınınızam və sizi qarşılamağa gəlmişəm. Sonra şəxsi polis şöbəsini dəvət etmişdir.
7. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, çıxışda taksi şofiri yaxınlaşmış və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Bu zaman şəxsə yaxınlaşmış və doğru olmadığını bildirmişdirlər. Daha sonra taksi şofiri ilə aralarında mübahisə olmuşdur. Polis yenidən yaxınlaşmış və bu zaman şəxs narazıçılıq etmiş, hədə-qorxu gəlmiş və nalayiq ifadələr işlətmişdir.
8. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X6 ifadəsində bildimişdir ki, dünən reys gələn zaman idi. Polis əməkdaşları onlara maşınlarında əyləşməyə göstəriş vermişdi ki, sərnişinlərə yaxınlaşmasınlar, sərnişinlərin özləri yaxınlaşsınlar. Barəsində protokol tərtib edilən şəxs qapıdan çıxan sərnişinlərdən Şərura gedib-getmədiklərini soruşurdu. Bir yaşlı kişi və qadın Şərura getdiklərini dedilər. Bunu özü görmüşdür. Bu zaman polisə yaxınlaşmış və belə hadisə olduğunu bildirmişdir. Polis əməkdaşı şəxsi yanına çağırmış və belə hadisənin olub-olmadığını soruşmuşdur. O da təbii olaraq rədd etdi. Polis əməkdaşı bu zaman şəxsə gedə bilərsən demişdir. Bu zaman şəxsə demişdir ki, ayıbdır onlar da müştəri gözləyirlər. Şəxs isə, ondan icazə almalı deyiləm deyə aqressiv şəkildə cavab vermişdir. Polisi çağırmış və onlara şəxsin dediyini demişdir. Polis əməkdaşına da aqressiv ifadələr işlətmişdir. O, şəxsin aqressivliyini görmüş lakin, polislə aralarında nə baş verdiyini bilməmişdir. Şəxsin polisə təhqiramiz, hədələyici, nalayiq ifadələr etdiyini eşitməmişdir. Polis idarəsində vediyi ifadəsini özü oxumadan imzalamışdır.
9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata şəxsin əməlində inzibati xəta təkibi olmadığından xitam verilməlidir
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
11. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
12. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
13. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
14. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
15. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
16. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahidlər dindirilmə zamanı ziddiyyətli ifadələr vermiş, həmin şəxslərin ifadələrində barəsində protokol tərtib olunan şəxs tərəfindən polis işçisinin qanuni tələbinə tabe olmamaqda ifadə olunan hərəkətlərinin nədən ibarət olması və yaxud polis işçisinə müqavimət göstərərək onu təhqir edilməsi, hədələməsi öz təsdiqini tapmamışdır.
17. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində şəxsin polisə təhqiramiz, hədələyici, nalayiq ifadələr etdiyini eşitmədiytini, Polis idarəsində vediyi ifadəsini isə özü oxumadan imzaladığını bildirmişdir.
18. Məhkəmə hesab edir ki, istər protokol tərtib edən şəxsin hadisə vaxtı orada olmaması və protokolu sonrada tərtib etməsi, istərsə də, hadisə vaxtı qeyd edilən ərazidə olan polis əməkdaşlarının şahid qismində verdikləri ziddiyyətli ifadələr, həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hadisə vaxtı mübahisə etdiyi şahidin məhkəmədə verdiyi ifadəsi şəxsin əməlində qeyd edilən inzibati xətanın tərkibinin yaranmadığını təsdiq edir.
19. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin məhkəmə iştirak etdiyi və işlə tanış olduğu 10 saat müddətə görə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir.
20. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Sadiq oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aslan Heydarov