Məhkəmə qərarları › İş №3(078)-540/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-540/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-540/2023 04.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 X11 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis leytenantı X7 iştirakları ilə, xx.xx.1968-ci ildə Naxçıvan şəhəri, Qaraçuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 1 uşaq atası, işsiz, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 23 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 noyabr 2023-cü il tarixli, 016969 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 noyabr 2023-cü il tarixli, 016969 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs İJ 18E modelli, C 13392 nömrəli mülki ov silahını heç bir rəsmi sənəd olmadan yaşadığı evdə saxlaması müəyyən olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında silahın 20 ildən artıq müddətdir onda olduğunu, silahın ona atasından yadigar qaldığını, həmin günü evdə olduğunu, qapı döyüldüyünü, qapını açdığını, 3 polis əməkdaşının gəldiyini, ondan evdə silah olub-olmadığını soruşduqlarını, onun da olduğunu dediyini, evə girmək üçün icazə istədiklərini, icazə verdiyini, silahı təhvil verməli olduğunu dediklərini, onun da silahı qoyduğu yerdən çıxardıb polis əməkdaşlarına təhvil verdiyini, qanunsuz olduğunu bilmədiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi izahatında 02 oktyabr 2023-cü il tarixdə ona məlumat daxil olduğunu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsində Cinayət Axtarış Qrupunun rəisi olduğunu, əməliyyat tədbirlərini həyata keçirdiklərini, Şəxs evindən silahı götürdüklərini, bunun üçün əməliyyat qrupu təşkil etdiklərini bildirdi. X3 məhkəmə iclasında verdiyi izahatında 02 oktyabr 2023-cü il tarixdə şöbəyə məlumat daxil olduğunu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsində işlədiyini, məlumatda şəxsin qanunsuz olaraq odlu silah saxladığının deyildiyini, Şəxs evinə getdiklərini, həyətdə əldamı deyilən yerdən şəxsin silahı çıxardıb onlara təhvil verdiyini, hətta silahın qırıq olduğunu, bəzi hissələrinin şurupla bərkidildiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli, 016969 nömrəli protokoldan aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 228-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətdən azad edilməsi və Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə Şəxs barəsində inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin X8 X11 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, 02 oktyabr 2023-cü il tarixdə saat 10:35-də X8 Polis Şöbəsinin Cinayət Axtarışı qrupunun əməliyyat müvəkkili, polis mayoru X2, X8 X11 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı X7 və X8 X11 Təhlükəsizlik Bölməsinin polis nəfəri, polis baş serjantı X6 iştirakları ilə Naxçıvan şəhər Qaraçuq kənd sakini Şəxs yaşadığı Qaraçuq kəndində yerləşən evinə baxış keçirilmiş, baxış keçirilən zaman həyətində yerləşən əl damının dam örtüyündən 1 ədəd tək lüləli ov silahı aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 02 oktyabr 2023-cü il tarixli “məhkəmə-ballistik ekspertizanın təyin edilməsi haqqında” qərardan görünür ki, iş üzrə məhkəmə-ballistik ekspertizası təyin ediliş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, 986 nömrəli rəydən qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah keçmiş SSRİ-də (hal-hazırda Rusiya) İjevsk silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, patronluğunun uzunluğu - 70 mm olan, lüləsi uyğun konstruksiyalı “C 42428” seriya nömrəli ov silahının lüləsi ilə dəyişdirilmiş, “İJ 18E” modelli, “C 13392” seriya nömrəli, daxili çaxmaqlı, təklüləli tüfəngidir - yivsiz (hamar lüləli) odlu ov silahıdır. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Naxçıvan şəhər Qaraçuq kənd sakini Şəxs əməliyyat yolu ilə götürülmüş qanunsuz olaraq yaşadığı ünvanda saxladığı bir ədəd SSRİ-də İjevsk silah zavodunda, zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, lüləsi uyğun konstruksiyalı C42428 nömrəli ov silahının lüləsi dəyişdirilmiş, İJ 18E modelli, C 13392 nömrəli daxili çaxmalı, təhlükəli, yivsiz odlu ov silahı barəsində araşdırma qərar qəbul ediləcəyi günə qədər Naxçıvan HNPŞ-də saxlanılması üçün akt tərtib edilmişdir. Xidməti və mülki silah haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Həmin Qanunun 9-cu maddəsinin İİ hissəsinə əsasən mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Aaparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs mülki silahı saxlamaq üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, şahid ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmaması, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək mülki silah müsadirə edilməklə onun barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimənin məbləği 80 (səksən) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 Polis Şöbəsində saxlanılan “zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, patronluğunun uzunluğu - 70 mm olan, lüləsi uyğun konstruksiyalı “C 42428” seriya nömrəli ov silahının lüləsi ilə dəyişdirilmiş, “İJ 18E” modelli, “C 13392” seriya nömrəli, daxili çaxmaqlı ov silahı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar