Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-541/2023 23.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X5 iştirakları ilə, xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 23 noyabr 2023-cü il tarixli, 359958/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 noyabr 2023-cü il tarixli, 015814 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-458/2017 nömrəli, 10 may 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş 11 may 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 03 dekabr 2014-cü il təvəllüdlü X6 və 09 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Ramazanova (Həsənova) Sacidə Həsən qızının ona qarşı aliment tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-458/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il tarixdən hesablanmaqla 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay 200 manat sabit pul məbləğində aliment pulunu Ramazanova (Həsənova) Sacidə Həsən qızının xeyrinə ödəməli olduğunu, icra sənədinin icraata daxil olması barədə xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin ona təqdim olunduğunu, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edildiyini, həmçinin yaşayış yerinin dəyişdirilməsi ilə bağlı icra məmuruna məlumat verməyə borclu olduğunun ona izah olunduğunu, lakin tələbi könüllü təmin etmədiyini, tələbin təmin edilməsindən yayındığını və yaşayış yerini dəyişərək yeni yaşayış yeri barədə icra məmuruna məlumat vermədiyini, icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə barəsində axtarış qərarı verildiyini, axtarış qərarına əsasən xx.xx.2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanılaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətirildiyini, halhazırda 2023-cü ilin noyabr ayı daxil olmaqla 3480 manat aliment borcunun olduğunu və həmin borcun ödənilməsinin icra məmuru tərəfindən ona təklif olunduğunu, lakin, maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, yaxın müddətlərdə icra hərəkəti yerinə yetirdiyini, borcundan müəyyən hissəni ödədiyini, bu gün də tələbkara 500 manat məbləğində pul ödədiyini, əməlindən peşman olduğunu, tezliklə icra sənədini icra edəcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X7 izahatında Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-458/2017 nömrəli, 11 may 2017-ci il tarixli icra sənədi üzrə 03 dekabr 2014-cü il təvəllüdlü X6 və 09 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi maddi cəhətdən saxlanılmaları üçün hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimenti iddiaçı Ramazanova (Həsənova) Sacidə Həsən qızına ödəməli olduğunu, həmin icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişin onun qeydiyyatda olduğu ünvana göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, lakin borclunun müxtəlif vaxtlarda icra yerinə yetirməsinə baxmayaraq onun 3480 (üç min dörd yüz səksən) manat məbləğində borcu olduğunu, bu gün həqiqətən də 500 manat məbləğində pulu tələbkara vermək üçün gətirdiyini, həmin pulu alıb sənədləşmə edəcəklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 11 may 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-458/2017 nömrəli, 10 may 2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin tutularaq 03 dekabr 2014-cü il təvəllüdlü X6 və 09 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-458/2017 nömrəli, 11 may 2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 11 may 2017-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Şəxs təyin edilən cərimənin məbləği 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-541/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-541/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver