Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-548/2025 25.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şahbuz rayon, Nursu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), ali təhsilli, evli, 1 uşaq anası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 25 noyabr 2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində 18 sentyabr 2025-ci il tarixdə 102 xidmətinə Səma adlı şəxs tərəfindən döyülməsi ilə bağlı məsələnin məhkəmə qaydasında baxılmasını xahiş etmişdir. Müraciət əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 25 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2024-cü ilin iyul ayında mağaza açılışı etdiyini, mağazanın ilk olaraq ziyafət mağazası kimi fəaliyyət göstərdiyini, daha sonra gəlinlik satmağa başladığını, özəl şirkətdə mühasib vəzifəsində çalışdığını, mağazanın açılışının üzərindən 1 həftə keçdikdən sonra həmin şirkətdəki qızların yanına gələrək onun mağazasındakı paltarı Fatimə xanımın durumuna qoyaraq “Trendyoldan 50-100 manata aldığı malı gətirib baha qiymətə qoyaraq insanları loxlayır” deyə yazdığını bildirdiklərini, ilk tanışlıqlarının belə olduğunu, sonra Fatimə xanımın saxta hesablar yaradaraq ona “vitrininiz niyə bu rəngdədir” və s. tipli suallar ünvanlanmağa başladığını, özünün ona fikir vermədiyini, baş qoşmadığını, rəfiqəsi Gülay xanımın qohumlarının İstanbulda yaşadığını, özünün ona bütün xərci çəkəcəyini, birlikdə gedib Türkiyədə gəlinlik yerlərinə baxmaqlarını dediyini, Gülay xanımın razılaşdığını, Türkiyəyə getdiklərini, mağazaları gəzdiklərini, İstanbulda təsadüfən bir mağazada Fatimə xanımla qarşılaşdığını, onlar içəridə olanda Fatimə xanımın gəlib mağazaya daxil olduğunu, özünün Fatimə xanımın ikisi də Naxçıvanlı, həm də xanım olduqları üçün gəlib xeyir-dua verəcəyini düşündüyünü, lakin Fatimə xanımın yaxınlaşaraq “it oğruları, tərbiyəsizlər, mənim yerimi oğurlayıblar” ifadəsini işlətdiyini, özünün reaksiya vermədiyini, daha sonra Fatimə xanımın mağazadakı xanıma dönərək “gerizəkalıdırlar, öz fikirləri yoxdur” dediyini, yenə heç bir reaksiya vermədiyini, hətta həmin mağazadan heç nə almayacağını, ancaq sırf Fatimə xanım elə etdiyi üçün həmin mağazadan mal aldığını, həmin günün axşamı sosial şəbəkədə Fatimə xanımın öz hesabından “kimə o sözləri desəm, özünü asardı. Üzlərinə tüpürdüm reaksiya vermədilər” deyə durum paylaşdığını, daha sonra özünün bir neçə kompaniyalar paylaşdığını, Fatimə xanımın hər birinə “mənim ideyamdır” dediyini, yenə də reaksiyasız qaldığını, Fatimə xanımın Gömrükdən fakturalarının oğurlanması ilə bağlı paylaşım etdiyini, baldızının yoldaşının Gömrükdə karqo terminalın rəisi işlədiyini, məsələnin onunla əlaqələndirildiyini, başqa yerlərə uzandığını, o Türkiyədə olanda Fatimə xanımla əlaqə saxlayıb söhbətin əgər həmin mağazadan mal almağıdırsa, sifarişləri ləğv etdirə biləcəyini bildirdiyini, Fatimə xanımın isə artıq gec olduğunu, gömrükdən fakturalarının oğurlandığını, özünə vəkil tutduğunu, 10000 manat pul verdiyini, Elvinin onunla bacara bilmədiyini, onun və fakturalarını oğurlayanlar barəsində tədbirlər görüləcəyini bildirdiyini, sonra baldızının yoldaşına zəng etdiyini, ona əziyyət çəkib mağaza tapdığını, oradan da alış-veriş edəcəyini, Fatimə xanımın probleminin gömrüklə olduğunu bildirdiyini, Türkiyədəki həmin mağazadan malları alıb geri qayıtdığını, yoldaşı Pərvinin DİNdə işlədiyini, aprel ayında ona zəng edib Yusif adlı vəkilin DİN-ə gəldiyini, ondan şikayətçi olduğunu, danışmaq üçün mağazaya gəlmək istədiyini bildirdiyini, onun da heç bir sübutu olmadan mağazasına gələ bilməyəcəyini bildirdiyini, daha sonra başqa yerdə görüşməyə qərar verdiklərini, “Saat meydanı”nda onların görüşdüyünü, Yusif bəyə Türkiyədəki mağazanı necə tapdığını göstərib problemin gömrükdə olduğunu bildirdiyini, Yusif bəyin onunla Fatimə xanımı barışdırmaq istədiyini, söhbətin böyüməsini istəmədiyini bildirdiyini, Fatimə xanımla onu görüşdürmək istədiyini bildirdiyini, onun da razılaşdığını, Fatimə xanım, Tural bəy, Yusif bəy, Pərvin, o və Elvinin “Şıxmahmud-Kəndimiz” adlı yerdə görüşdüklərini, Fatimə xanımın onun səmimiyyətinə inanmadığını bildirdiyini, razılığa gəlməyi Fatimə xanıma bildirdiyini, Türkiyədəki mağazanı necə tapdığını göstərdiyini, əgər o istəməzsə, eyni mallar olmaması üçün həmin mağazadan bir daha mal almaya biləcəyini dediyini, özünün Fatimə xanımla razılaşdığını, bu söhbətin üzərindən 1 həftə keçdikdən sonra Fatimə xanımın ona mesaj yazdığını, vəkilin səhhətində problem olduğunu, ona görə də razılıqla bağlı müqavilənin indi hazır olduğunu bildirdiyini, müqaviləni ona göndərdiyini, müqavilədə 15000 manat Fatimə xanıma pul ödəməyinin, əlavə olaraq da nə vaxtsa həmin mağazadan mal alarsa, 15000 manat da yenidən pul ödəməyinin qeyd edildiyini, müqaviləni oxuduqdan sonra Fatimə xanıma yazaraq müqavilənin şərtlərinin niyə belə olduğunu soruşduğunu, Fatimə xanımın ona vəkilə pul verdiyini, o pulu barışmaları üçün vermədiyini bildirdiyini, onun da heç kimə zərər vurmadığını, müqavilə ilə razılaşmadığını bildirdiyini, Fatimə xanımın isə “qaldığım yerdən davam edəcəyəm” dediyini, söhbətin burada da sonlandığını, daha sonra sentyabr ayında Fatimə xanımın 10 müştərisinin onun mağazasına gələrək Fatimə xanımın mağazasına gəlinlik üçün beh verdiklərini, lakin artıq onun mağazasından gəlinlik almaq istədiklərini, behin pulu üçün də endirim etməyini istədiklərini, onun da endirim edə biləciyini bildirdiyini, çünki normalda da endirimlər etdiklərini, həmçinin başqa mağazalardan da eyni şəkildə beh verən müştərilərin gəldiyini, daha sonra Fatimə xanımdan çoxlu nalayiq ifadələr işlədilən mesaj gəldiyini, ona “tayfandakı kişilərin başın yerə soxursan, pozğunluğunu paylaşsam hamı görəcək, tərbiyəsiz” kimi sözlər yazdığını, görüşməyə qərar verdiklərini, bir az sakitləşdikdən sonra əvvəllər işçisi olmuş rəfiqəsi Günelə hal şahidi olması üçün onunla getsin deyə zəng etdiyini, işçisi Nazlı ilə getmək istəmədiyini, çünki bir müddət əvvəl Fatimə xanımın onun şəklini paylaşaraq ona qarşı nalayiq ifadələr işlətdiyini, bununla bağlı polisə müraciət edildiyini, lakin məsələnin böyüməməsi üçün şikayətin geri çəkildiyini, Gülay, o və Günelin Əyləncə adasına getdiklərini, gecə saatları olduğunu, saatın 10-a qaldığını, Fatimə xanımın qızının onları çöldə gözlədiyini, həmin zaman onun yanında oğlan uşağının olduğunu, onları görüb uşağın qoluna vuraraq onları göstərib “bunlardır” dediyini, sonra qızının liftə minib, ayağını qapıya qoyub onlara da liftə minsinlər deyə saxladığını, lakin telefonda yoldaşı ilə danışdığı üçün onların liftə minmədiyini, heç bunların plan olduğunu bilmədiyini, “Mado” adlı kafeni işlədən Kənan adlı şəxs olduğunu, ona Fatimə xanımın telefon verərək onların həmin vaxtı videolarını çəkdirdiyini, həmin vaxt Kənanın çəkiliş etdiyini gördüyünü, Fatimə xanıma zəng edib mağazadan çıxmasını, oturub danışmaq istədiyini dediyini, onun isə mağazadan çıxmayacağını, oraya gəlməyini dediyini, yoldaşına zəng etdiyini, yoldaşının “əgər, kamera varsa, gir içəri, əsəbini cilovlaya bilməsən də oradan çıx” dediyini, onun da kameraların olduğunu görüb mağazaya girdiyini, Fatimə xanımın divanda oturduğunu, Fatimə xanımın işçisinin onları çəkdiyini, Fatimə xanımın qızının da orada olduğunu, Günelin də onun yanında olduğunu, onlar içəri girəndə də Fatimə xanımın yanındakılara “hə, onlardır” dediyini, Fatimə xanıma iki ildir məndən əl çəkmirsən, nə istəyirsən? Tərbiyəsizliyimi göstər, sənin özün ən böyük tərbiyəsizsən” dediyini, Fatimə xanımın ayağa qalxıb yanına gəlib əlini burnuna yavaşca iki dəfə toxunduraraq “sən ancaq mənə belə toxuna bilərsən” dediyini, daha sonra ona nalayiq ifadə işlədib “mağazamdan çıx” dediyini, yanlarında qızının olduğunu, danışıqlarına diqqət etməsini dediyini, qızının da “hər şeyi bilirəm” dediyini, sonra Fatimə xanımın onun üzünə tüpürdüyünü, heç bir reaksiya vermədən mağazadan çıxmaq istədiyini, Fatimə xanımın əlində olan avtomobilin pultunu ona tulladığını, lakin pultun ona yox, mağazanın şüşəsinə dəydiyini, sonra Fatimə xanımın arxadan gələrək onun sinəsindən vurduğunu, Günelin araya keçdiyini, Fatimə xanımın podyumun üzərinə çıxıb oradan atılaraq saçını tutduğunu, sonra onun saçını Fatimə xanımın əlindən alaraq mağazadan çıxdığını, onun Fatimə xanımın nə özünə, nə də qızına əlinin dəymədiyini, Əyləncə adasında olan kamera görüntülərinin də icazəsiz Fatimə xanıma verildiyini, 27 gün ərzində kamera görüntülərinin silindiyini öyrəndiyini, hadisədən 28 gün sonra isə Fatimə xanımın paylaşım etdiyini, ekspertiza rəyi olduğunu, ancaq onun döyməyini təsdiq edəcək hər hansı sübut olmadığını, Fatimə xanımın qızının həmin vaxtı liftin yanında durub boylandığını, liftdən 3-4 saniyə sonra çıxıb normal şəkildə digər tərəfə oğlan uşağının yanına getdiyini, Fatimə xanımın 4 qadının liftdə uşağını döydüyünü, uşağı itələyərək ona “itinin yanına get” dediyini iddia etdiyini, ancaq uşağın ağlamadığını və ya başqa narahatlığının olmadığını, onu polis şöbəsinə dəvət etdiklərini, izahat verdiyini, orada da sadəcə kamera görüntülərinə baxmaqlarını, hər bir şeyin aydın olacağını bildirdiyini, Fatimə xanımın ona yazdığı mesajı polisdə də göstərdiyini, sentyabr ayının 21-i izahat verdiyini, 28 gün sonra bütün hamının videonu ona atdığını, uşağa qarşı elə hərəkətlər etdiyinin iddia edildiyini görüb artıq dözə bilməyərək müvafiq orqanlara şikayətlər etdiyini, müstəntiq X8 xanımın şöbəyə gələrək qızının adından şikayət vermək istədiyini, onun isə cavabında qızında heç bir xəsarət olmadığını, necə şikayət verəcəyini dediyini bildirdiyini, Şahbuz rayon Məhkəməsinə müraciət etdiklərini, 16 dekabr tarixində məhkəmələrinin olacağını, Fatimə xanımın onu Bakı xəbər saytlarında “uşaq qatili Səma” başlığı altında paylaşdırdığını, bununla bağlı da müraciətlər etdiyini, onun uşaqla bağlı müraciətinə heç cavab verilmədiyini, dünən gecə saatlarında Salman adlı şəxsin zəng edib gəlib qol çəkməli olduğunu, səbəbini soruşduqda onun barəsində inzibati xəta haqqında iş olduğunu dediyini, ekspertiza rəyinin inzibati xəta haqqında iş üzrə əsas olduğunu bildirdiklərini, Respublika Prokurorluğunda da Fatimə xanımın özünün özünə zərər verdiyini, onun təqsirini sübut edəcək hər hansı bir faktın olmadığını dediklərini, həmçinin 17 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə bu gün tanış olduğunu, imza çəkəndə də 25 noyabr 2025-ci il tarixdə tanış olduğunu, qərarı həmin vaxt aldığını qeyd etdiyini, video görüntülərdən onun Fatimə xanımı döyməsinin görünmədiyini, video görüntülərdə oynama edildiyini, müəyyən hissələrinin kəsildiyini, Fatimə xanımın özünə də, uşağın da əl vurmadığını, Fatimə xanımın özünə xəsarət yetirdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında video görüntülərdən də şəxsin əməlində döymə olmadığının göründüyünü, sadəcə şəxslərin arasında sözlü mübahisə olduğunu, şəxsin təqsirinin sadəcə video görüntü ilə sübuta yetirilə biləcəyini, ancaq video görüntüdən də əksinə iş üzrə zərərçəkmiş şəxsin Səma xanıma xəsarət yetirdiyinin göründüyünü, həmçinin Fatimə xanımın Səma xanım barəsində sosial şəbəkələrdə paylaşımlar etdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında 7 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 2 ildir “Mariam moda evi” adlı gəlinlik mağazası açdığını, 1 il yarımdır fəaliyyət göstərdiyini, yeni açılan mağazalardan xəbəri olmadığını, iyul ayının 15-i o Türkiyədə olarkən Zeynəb xanımın zəng edib Seyidov Elvin adlı bir şəxsin gəlib paltar almaq istədiyini dediyini, onun Naxçıvandan gəldiyini, Zeynəb xanımın ona satış eləmək istəmədiyini bildirdiyini, “Mariam moda evi” ilə işlədikləri üçün razı olmadığını, onların verdiyi məbləğin 2 qatını verəcəklərini bildirdiyini, Zeynəb xanımın yenə razı olmadığını, sonra Səma xanımın Zeynəb xanımla danışdığını, ona “bizlə işləyin, onların verdiyinin 2 qatını verəcəyik” dediyini, Səma xanımın Zeynəb xanımla razılıq əldə edə bilmədiyini, Zeynəb xanımın zəng edib deyənə kimi Səma xanımdan xəbəri olmadığını, X16 xanımın baldızının əri olduğunu bilmədiyini, onun sadəcə “gülmək” ifadəsi atdığını, özünün sosial şəbəkədə həvəsləndirici paylaşımlar eldiyini, öz dünyasında yaşayan biri olduğunu, olanlara heç bir reaksiya vermədiyini, üstündən keçdiyini, İstanbuldan gəlinlik aldığını, 30 iyul tarixində karqoya verdiyini, Gömrük məntəqəsində mallarının saxlanıldığını, hələ də X16 xanımın baldızının yoldaşı olduğunu bilmədiyini, heç vaxt malları gətirdiyi zaman problem çıxmadığını, qiymətin aşağı olması üçün ailə üzvlərinin adına malları gətirdiyini, lakin heç bir problemin çıxmadığını, mallarının 1 ay yarım gömrük məntəqəsində qaldığını, əlavə pul ödədiyini, Gömrük orqanına fakturalar verdiyini, həmin fakturalarda işlədiyi mağazalarla bağlı bütün məlumatların olduğunu və həmin məlumatların oğurlandığını, sosial şəbəkədə uğurları ilə bağlı etdiyi paylaşımlar üçün yuxarı orqanlar tərəfindən nəzarətə keçdiyini düşündüyünü, növbəti mövsüm üçün daha tez mal gətirməyi planlaşdırdığını, bunun üçün də noyabr ayında Türkiyəyə getdiyini, anasıgilin qaldığı yerdən 10 dəqiqə uzaqlıqda mağazanın olduğunu, nəinki Naxçıvana, ümumən Azərbaycana həmin mağazadan mal gəlmədiyini, Səma xanımgilin həmin mağazaya girdiklərini, yanındakılara qəribə mimika ilə “gəl gedək, bizi görsün” dediyini, Səma xanımın oraya gələndə özünün pis olduğunu, mağazasının bilindiyi üçün pis olduğunu, sonra bir müddət araşdırmalar edəndən sonra X16 xanımın baldızının əri olduğunu bildiyini, Gömrükdə karqo terminal rəisi olduğunu bildiyini, mallarını saxlayanın da o olduğunu, hər şeyi biləndən sonra paylaşım etdiyini, Səma xanımın arxasının olduğunu, qohumlarının vəzifəli şəxslər olduqlarını, ad çəkmədən olanlarla bağlı paylaşım etdiyini, əgər müraciətlər olunsa, problem olacağını bildirdiyini, Elvin Seyidova sifariş göndərdiyini, Elvin bəyin səs yazıları olduğunu, Gömrüyə də təqdim edəcəyini bildirdiyini, Elvin Seyidovun onu şikayət etməsin deyə barışmaq istədiyini, Səma xanıma həmin mağazadan alış-veriş etməməsini deyəcəyini, daha sonra onların çox ətraflı olduqlarını, özünün əziyyətlə bu yerlərə gəldiyini, çəkinib geri addım atdığını, X16 xanımın artıq həmin mağazalardan mal almayacağını dediyi üçün də özünün bu məsələlərə son vermək istədiyini, buna görə də Səma xanımın mağazasının açılışına gül alaraq getdiyini, hətta səhifəsində də dəstək paylaşımı etdiyini, 20-25 gün sonra onu tədbirə çağırdıqlarını, Səma xanımın oradakı işçilərdən onun nə vaxt gələcəyini soruşduğunu, özünü önə saldırdığını öyrəndiyini, ona görə də özünün oradan heç nə almadığını, sıfırdan parça aldığını, tikdirmək üçün fabrikə verdiyini, Elvin bəyə də sözlərinin boş çıxdığını dediyini, araya barışıq əldə olunması üçün müvafiq adamların girdiyini, onlarının sözlərini yerə sala bilməyəcəyini, problem olmadığını dediyini, daha sonra aprel ayının 5-də “İnstagram” sosial şəbəkəsində onun hesabının altında saxta hesablarla Səma xanımı tağ edərək “yaxşı ki, Səma gəldi” kimi rəylər yazıldığını gördüyünü, sonra rəyi yazanın Səma xanımın işçisi olduğunu bildiyini, onun profil şəklini səhifəsində paylaşdığını, Ancaq təhqir etmədiyini, onu polisə verdiklərini, həmin xanımın anasının gecə ilə mağazasına gəldiyini, daha sonra şikayətlərini geri çəkdiklərini, Səma xanımla “Şıxmahmud-Kəndimiz” adlı restoranda görüşüb danışdıqlarını, Elvin bəyin ona əminlik verdiyini, özünün “səmimiyyətinizə inanmıram, hər dəfə barışdıqca problem olur” dediyini, məhkəmədə məsələnin həll ediləcəyini bildirdiyini, Səma xanımın mağazasına gələrək onu təhqir edib, döydüyünü, haqq-ədalətin öz yerini tapacağını, 1 ildən çoxdur gəlinlik satmaqla məşğul olduğunu, Səma xanımın özünün müştərilərlə danışaraq onlara müəyyən vədlər verərək öz mağazasına gətirdiyini, onun düzgün rəqabət aparmadığını, onun yoluna daş qoyduğunu, dəfələrlə belə hal yaşandığı üçün ona zəng etdiyini, lakin onun açmadığını, mesaj yazaraq etdiyinin rəqabət yox, tərbiyəsizlik olduğunu bildirdiyini, hər dəfə belə hal yarananda ortaya başqa şəxslərin girdiyini, Səma xanımın nüfuzuna, ya da şəxsi həyatına bir kəlmə söz demədiyini, Səma xanımın ona mesaj yazıb “haradasan? tərbiyəsizliyimi göstərəcəm” dediyini, 8 yaşlı uşağa elə şeylər öyrədə bilməyəcəyini, 7 ildə bir dəfə belə polisdə, məhkəmədə işinin olmadığını, Səma xanımın onu təhqir etdiyini, videoda da öz əksini tapdığını, münaqişənin son 1 dəqiqəsinə kimi onun yerindən problem olmaması üçün qalxmadığını, Səma xanımın “yaxşı edirəm, rəqabət aparıram” dediyini, onun da “tüpürüm belə rəqabətə” dediyini, sonra özünün ayağa qalxaraq “mağazamdan çıx” dediyini, müştəriləri müəyyən vədlərlə öz mağazasına gətirməsi ilə bağlı səs yazılarına qulaq asdırdığını, Səma xanımın onu vurduğunu, daha sonra qızların onları aralaşdırdıqlarını, uşağı danışdırmadığını, videoya çəkmədiyini, hadisə baş verəndən dərhal sonra 102-ə məlumat verdiyini, şöbəyə çağırdıqlarını, əllərində olan yara izlərini görəndən sonra onu ekspertizaya göndərdiklərin, hər şeyin kamerada öz əksini tapdığını, onu müstəntiqin ekspertizaya göndərdiyini, özünün ekspert müayinəsindən keçməyin lazım olduğunu bilmədiyini, Jalənin qızının videosunu çəkərək ona göndərdiyini, lakin polis şöbəsində telefonunun aşağıda qaldığı üçün videonu sonra gördüyünü, uşağı döydüklərini demədiyini, sadəcə uşağın saçından tutaraq onu liftdən çölə atıb “itinin yanında get” dediklərini dediyini, Səma xanımın qolundan tutub çıx dediyini, Səma xanımın ona şillə vurduğunu, sonra münaqişə yarandığını, Jalənin aralaşdırdığını, Gülayın onu üzünə tüpürdüyünü, onun isə “ay qız ey” dediyini, 3 nəfər olduqlarını, şokdan nə etdiyini bilmədiyini, Günelin heç nə etmədiyini, təbii olaraq özünü müdafiə etdiyini, Günelin Səma xanımı oradan uzaqlaşdırdığını, əlindəki açarın yerə düşdüyünü, aralarında tutaşma olduğunu üçün qolunun cızıldığını, onun da qarşılıq verdiyini, qolu qısa paltarda olduğunu, Nazlının gəlməyini bilmədiyini, kamera görüntülərindən gördüyünü, liftin ətrafında fırlandığını, liftin yanından mağazanın içərisinin görünmədiyini, mağazanın dib tərəfdə olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi izahatında Fatimə xanımla heç bir düşmənçiliyi olmadığını, Səmanın hadisə olan günü ona zəng edib Fatimənin mesaj yazdığını, görüşməyə getdiyini, Nazlı ilə problemləri olduğu üçün gələ bilib-bilməyəcəyini soruşduğunu, birlikdə Əyləncə adasına getdiklərini, Nərdivanda uşaqların onları gözlədiyini, onları görüb qaçıb içəri girdiklərini, Səmanın yoldaşı ilə danışdığını, ona problemi izah etdiyini, yoldaşının da “getmək istəyirsənsə, gedə bilərsən, amma əks hərəkət etmə” dediyini, Fatimə xanımın qızının liftdə onları gözlədiyini, onların isə uşaq getdikdən sonra getdiyini, yuxarı qalxdıqda Səmanın Fatiməyə zəng etdiyini, “buradayam, çölə çıx söhbət edək” dediyini, Fatimə xanımın isə “gəl gir içəri, mən buradayam” dediyini, Səmanın yoldaşına zəng etdiyini, yoldaşının isə “bax kamera varsa, gir içəri” dediyini, kamera olduğu üçün içəri girdiklərini, salamlaşdıqlarını, sonra münaqişə yarandığını, Fatimə xanımın Səmaya təhqiramiz sözlər işlətdiyini, Səmanın özünü saxlayıb heç nə demədiyini, Fatimə xanımın divanda əyləşdiyini, sonra Fatimənin ayağa qalxıb yenə nalayiq ifadələr işlətdiyini, Səmanın “uşaq var, sözlərinə fikir ver” dediyini, uşağın isə “mən hər şeyi bilirəm” dediyini, sonra Fatimə xanımın Səmaya tüpürdüyünü, “bunu etməyimi istəyirdin?, sənə tüpürürəm, qadınlığına tüpürürəm” dediyini, Səmanın çölə çıxmaq istədiyini, sonra Fatimə xanımın Səmanın saçına əl atdığını, özünün araya girdiyini, Fatimə xanımın Səmanın sinəsindən vurduğunu, avtomobilin pultunu ona tulladığını, şüşə qapıya dəydiyini, çölə çıxdıqları, yenə nalayiq ifadələr işlətdiyini, qapıda bir şəxsin onları çəkdiyini, həmçinin Fatimə xanımın işçisinin də onları çəkdiyini, Səmanın Fatimə xanımı vurmadığını, əlinin saçında olduğunu, əlini çəkdiyini, Fatimədə cırmaq izi görmədiyini, əlinə fikir vermədiyini, münaqişə olduğu üçün əl-qol hərəkəti olduğunu, Fatimə xanımın paltarının qolunun uzun olduğunu bildirdi. Şahid3 məhkəmə iclasında verdiyi izahatında Fatimə xanımla əvvəlcədən ədavətli olduqlarını, aralarında münaqişə yarandığını, özlərinin mağazada çəkilişdə olduqlarını, Səma xanıma mesaj gəldiyini, “Mariam moda evi”ndən nalayiq ifadəli mesaj gəldiyini, narahat olduqlarını, sonra Səma xanımın Günelə zəng etdiyini, Günellə Səma xanımın yaxın rəfiqə olduqlarını, Gülay, Günel və Səma xanımın birlikdə getdiklərini, özünün birbaşa orada olmadığını, deyilənlərdən nə baş verdiyini bildiyini, özünün “Mariam moda evi” ilə əvvəlcədən ədavəti olduğunu, hadisənin yarısında orada olduğunu, Fatimə xanımın Səma xanımın saçına əl atdığını, Günel xanımla getdiyini, özünün içəri daxil olmadığını, ədavətli olduğu üçün özünün çöldə dayandığını, lift tərəfdə olduğunu, mağazanı gördüyünü, liftin yanında olduğunu, mağazanın içinin şüşə olduğu üçün göründüyünü, liftin mağazanın yanında olduğunu, oradan göründüyünü, liftin mağazanın qarşısında olduğunu, Fatimə xanımın Səma xanımın saçına əl atdığını, avtomobilin pultunu ona tulladığını, sonra da oradan çıxdıqlarını, özünün bu olanları uzaqdan gördüyünü, Səma xanımın Fatimə xanımı vurmadığını bildirdi. Şahid X11 məhkəmə iclasında verdiyi izahatında sentyabr ayının 18-i Fatimə xanımla mağazada olduqlarını, axşamçağı Səma xanımın gəldiyini, foyedə durub Fatimə xanımı çölə çağırdığını, Fatimə xanımın çıxmayacağını dediyini, sonra Səma xanımın mağazaya gəldiyini, yüksək səslə “de görüm nə etmişəm” dediyini, Fatimə xanımın reaksiya vermədiyini, sonra nalayiq ifadələr işlətdiyini, bir dəfə də problem olduğunu üçün yanlarında olan Qumru adlı qıza telefonunu verib onları çəkməsini istədiyini, sonra da Fatimə xanımın qızı Məryəm haqqında sözlər dediyini, Fatimə xanımın isə ona “get mənim mağazamdan” dediyini, getmədiyini, əl atmağa başladığını, Məryəmin də yanlarında olduğunu, dava-dalaş olduğunu, nalayiq ifadələr işləndiyini, Səma xanımın Fatimə xanımı qolundan vurduğunu, avtomobilin açarının yerə düşdüyünü, özünün də açarı götürmək üçün əyildiyini, Səma xanımın yanında işçilərinin olduğunu, birinin içəriyə girdiyini, digərinin isə liftin qabağında olduğunu, işçisinin onları mağazaya qatıb qapını örtdüyünü, Məryəmi içəri çəkdiyini, Məryəmin dib tərəfin şüşəsinin qırıq olduğu üçün oradan çıxıb kömək çağırmağa getdiyini, Fatimə xanıma Səma xanımın işçisinin tüpürdüyünü, hətta “siz tüpürmədiz, mən tüpürdüm” dediyini, Fatimə xanımın da “hə yaxşı gözlə bax” dediyini, hadisədən sonra Fatimə xanımın yoldaşı ilə şöbəyə getdiyini, Məryəmin “anamı qorumaqdan ötrü kömək çağırmağa gedirdim” dediyini, Məryəmin videsonu çəkib Fatimə xanıma yolladığını, mesajın ona çatdığını, ancaq zəng etdiyi zaman ona zəng çatmadığını, sonra da onun gəldiyini, bu məsələni bildirdiyini, ağladıqlarını, Fatimə xanımın Səma xanıma əl atdığını, Səma xanımın Fatimə xanıma şillə vurduğunu, Fatimə xanımın Səma xanıma əl atanda özünün araya keçdiyini, ilk olaraq Səma xanımın vurduğunu, sonra da Fatimə xanımın əl atdığını bildirdi. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin Növbətçi Hissəsinin məsul növbətçisi, polis kiçik leytenantı Rüfət Mahmudov tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli, HK-1/1255 saylı raportdan görünür ki, 18 sentyabr 2025-ci il tarixdə saat 22:08-də X4 102 xidmətinə zəng edərək, X14 adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. İş materiallarında olan 17 oktyabr 2025-ci il tarixli material üzrə cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli, 580 saylı canlı şəxsin ekspertizası ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sağ saidində 4 ədəd sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də insan dırnağı vasitəsilə əmələ gələ bilərdi. Xəsarətlərin yetirilmə müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-ə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı Mariam moda evi adlı mağazada baxış zamanı Zərərçəkmiş şəxs və Şəxs mübahisə etdiyi, başqa bir neçə şəxsin onları ayırmağa çalışdıqları, onların savaşdıqları, Zərərçəkmiş şəxs Şəxs saçından tutub çəkdiyi, Şəxs isə Zərərçəkmiş şəxs itələdiyi, onun gedib vitrində olan gəlinliyə dəydiyi, Şəxs onu itələdiyi vaxt əlinin əsasən dırnaqlarının onun qoluna sürtündüyü, sonra Şəxs yanında olan şəxsin mağazadan çıxardığı, onların yenə də mübahisə etdikləri, sonradan Şəxs yanında olan şəxslə həmin mağazadan uzaqlaşdığı müəyyən edilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin izahatı və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş videogörüntü, tərtib edilmiş inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Həmçinin məhkəmə onu da qeyd edir ki, Şahid3 Zərərçəkmiş şəxs ilə ədavəti olduğunu bildirdiyindən onun izahatı sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Məhkəmə qeyd edilən qanunvericilik normalarını hazırki inzibati xəta haqqında işin materialları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş video-görüntü ilə əlaqəli olaraq tədqiq edərək belə hesab edir ki, Şəxs özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs zərər vursa da vurulmuş ziyan qarşısı alınmış ziyana uyğun olmadığından, qəsdən törədilən hərəkətlər olduğundan Şəxs əməli zəruri müdafiə həddini aşmaqla törədilmiş hesab edilməlidir. Çünki video görüntüdən də göründüyü kimi Zərərçəkmiş şəxs Şəxs saçından tutub çəkdiyi vaxt buna qarşılıq olaraq Şəxs Zərərçəkmiş şəxs itələmiş, Zərərçəkmiş şəxs bu itələmə nəticəsində gedib vitrində olan gəlinliyə dəymiş, həmçinin Şəxs onu itələdiyi vaxt onun əli (əsasən dırnaqları) onun qoluna sürtünərək xəsarət yetirmişdir. Yəni video görüntüdən də göründüyü kimi Şəxs dırnaqları kifayət qədər uzun olduğundan həmin andakı itələmə zamanı onun dırnaqlarının onun qoluna sürtünməsi vaxtı ekspert rəyində göstərilən dırnaq izləri (cırmaq izləri) yaranmışdır. Bununla da Şəxs tərəfindən zəruri müdafiə həddi aşılaraq ona qarşı Zərərçəkmiş şəxs tərəfindən törədilən fiziki ağrıdan artıq bir fiziki ağrı ilə nəticələnən hərəkət törədilmişdir. Bu isə özlüyündə Şəxs qeyd olunan inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edir. Fiziki ağırının ona yetirilən fiziki ağrıdan artıq olması isə ekspert rəyi ilə təsdiqlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 32.1.5-ci maddəsinə əsasən inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağı olmasını və törətdiyi inzibati xəta əməlini zəruri müdafiənin şərtlərini pozmaqla töətməsini onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Şəxs himayəsində 31 yanvar 2019-cu il təvəllüdlü X10 adlı uşağı var. Qeyd edilənlərdən də görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində on dörd yaşına çatmamış uşağı vardır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 400 (dörd yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-548/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-548/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver