Məhkəmə qərarları › İş №3(078)-549/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-549/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-549/2023 27.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxx 1974-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, ailəli, 4 uşaq atası, deməsinə görə əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 25 noyabr 2023-cü il tarixdə mal-heyvanı fit çala-çala çöldən gətirdiyini, 25 noyabr 2023-cü il tarixdə qonşunun qaynanası Əzizənin onu Buta ərzaq mağazasının qarşısında saxlayaraq ona “yolunla düz get” dediyini, ona “mən sizə nə etmişəm ki, bu sözləri mənə deyirsiz” dediyini, qonşusu Əzizənin ona “mənim gəlinim Ülviyyə yoldan keçəndə nəyə görə fit çalmısan” dediyini, ona “çöldən gələn mallarıma fit çalmışam” dediyini, qonşusu Əzizənin onun gəlininə fit çalaraq söz atmağına görə uca səslə ona “get oğlun Nurlan gəlsin, mənlə söhbət etsin” dediyini, öz yoluna davam etdiyini, Nurlanın oğlunu yolda gördüyünü, “atana denən, məni görsün, sözüm var” dediyini, 5-6 il bundan qabaq Ülviyyə adlı şəxsin həyətində bir tanımadığı şəxs görəndə bu barədə Ülviyyəyə bildirdiyini, onunla həmin vaxtdan aralarında inciklik yarandığını, həmin vaxt kənarda şəxslərin olduğunu, lakin əsəbləşdiyindən kim olduqlarını bilmədiyini, mallarını fit səsinə öyrətdiyini, bu səbəbdən mal-heyvanlarını aparanda fitlə apardığını, kiməsə fitlə səslənmədiyini, Əzizənin onun üstünə gələndə sakitcə get oğlun gəlsin söhbət edək dediyini, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 24 noyabr 2023-cü il tarixdə gəlini Ülviyyənin evə gələrək “qonşu Mirzə mən işdən gələndə mənə fit atırdı, velosipedlə məni narahat edir” dediyini, 25 noyabr 2023-cü il tarixdə işə gedən zaman Buta ərzaq mağazasının qarşısında qonşusu Mirzəni gördüyünü, yanına çağırdığını və ona “bizdən və mənim gəlinimdən niyə əl çəkmirsən, 24 noyabr 2023-cü il tarixdə mənim gəlinim evə gələndə fit çalmısan, bunları nə səbəbə edirsən” dediyini, bu sözləri deyəndə qonşusu Mirzənin ucadan səs-küy edərək onun oğlunun barəsində nalayiq ifadələr işlətdiyini, ondan “oğlumun ünvanına nəyə görə nalayiq ifadələr işlədirsən” deyə soruşduğunu, onun da yenə uca səs-küylə onların ünvanına nalayiq ifadələr işlətməsini davam etdirdiyini, bu zaman əlindəki çantanı Mirzənin başına vurub üzünə tüpürdüyünü, Mirzənində onun üzünə tüpürdüyünü, bundan sonra işə getdiyini, onun isə ondan uzaqlaşdığını, sonra onun axşamüstü nəvəsini yolda saxlayaraq “ atana denən, məni görsün və anana denən mən harda istəsəm fit çalacam” dediyini, onun 2018-ci ildən gəlinini narahat etdiyini, ona görə də, aralarında söz-söhbət olduğunu, həmin vaxtı orda kənar şəxslərin olduğunu, lakin onları tanımadığını bildirdi. İş materiallarına əlavə olunmuş 27 noyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 10:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında X2 ilə 25 noyabr 2023-cü il tarixdə Buta ərzaq mağazasının qarşısında ictimai qaydanı pozan hərəkətlərə yol vermədiyini bildirmişdir. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, Şəxsla qarşılıqlı mübahisə etdiyini, bu zaman Şəxs ucadan nalayiq ifadələr işlətdiyini bildirir. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar