Məhkəmə qərarları › İş №3(078)-55/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-55/2022

27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-55/2022 27.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X2 məhkəmə iclas katibliyi ilə, xx xxxxxxx 1993-cü il tarixdə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, iki uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs 27 may 2022-ci il tarixdə, saat 09:30 radələrində Naxçıvan şəhər avtovağzalında narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün bir nəfər şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuş, həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü Şərur rayonu, Cəlilkənd kənd sakini Şəxs olduğu idarədə məlum olmuş, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan bir ədəd kağız bükümdə ümumi çəkisi 0.52 qram olan ağ rəngli kristal formada metamfetamin psixatrop maddəsinə bənzər kütlə aşkar olunaraq götürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, teztez işsiz olduğu üçün bekar olduğunu, dost-tanışlarla görüşmək məqsədilə Naxçıvan şəhərinə gəldiyini, 27 may 2022-ci il tarixdə səhər saatlarında Cəlilkənd kənd marşrutu ilə Naxçıvan şəhər avtovağzalına gəldiyini, marşrutdan düşdüyünü, tanışlardan kiminsə orda olub-olmamasına baxmaq üçün gəzdiyini, sonra avtovağzalın həyətində olan çayçıya tərəf hərəkət etdiyini, bu zaman iki nəfər polis əməkdaşının ona yaxınlaşdığını, özlərini təqdim edib onun üzərində narkotik vasitə olduğuna dair şübhələri olduqlarını bildirib onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, onlarla Naxçıvan Şəhər Polis İdarəsinə gəldiyini, idarədə iki nəfər tanımadığı şəxsin şəxsi axtarış və üzərində olan şeylərin yoxlanması zamanı iştirak edəcəklərini bildirdiklərini, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ondan üzərində olan şeylərin çıxarılmasını və üzərində narkotik vasitə olub-olmamasını soruşduqlarını, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən əvvəldən üzərində olan ağ rəngli kağıza bükülmüş vəziyyətdə el arasında şüşə adlanan narkotik vasitəni çıxarıb onlara təqdim etdiyini, narkotik vasitənin onun və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkildiyini, bükümlə birlikdə çəkisinin 0.52 qram olduğunu, həmin bükümün onun və hal şahidlərinin iştirakı ilə kağız zərfdə qablaşdırıldığını, imzalandığını və möhürləndiyini, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmədə izahat verən hal şahidi X1 Şəhər Polis İdarəsinin qarşısından keçən zaman polis əməkdaşlarının onu və bir nəfər şəxsi səslədiklərini, onlardan idarəyə gətirilmiş bir nəfər şəxsin üzərinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etməklərini onlardan xahiş etdiklərini, qəbul etdiklərini, idarəyə daxil olan zaman həmin şəxsin Şərur rayonu, Cəlilkənd kənd sakini Şəxs olduğunun onlara məlum olduğunu, onun üzərinə baxış keçirilən zaman cibindən 17 manat pul, Samsung markalı mobil telefon və şalvarın sağ cibindən ağ rəngli kağız bükümdə özünün bildirdiyinə görə şüşə adlanan narkotik vasitə (psixatrop maddə) çıxararaq polis əməkdaşlarına təqdim etdiyini, onların və Şəxs iştirakı ilə həmin maddənin bükümlə birlikdə elektron tərəzidə çəkildiyini, onun çəkisinin 0.52 qram olduğunun məlum olduğunu, həmin bükümün kağız zərfdə qablaşdırıldığını, imzalandığını və möhürləndiyini bildirdi. Məhkəmədə izahat verən hal şahidi X5 27 may 2022-ci il tarixdə səhər saat 09:00 radələrində Naxçıvan şəhərinə gəldiyini, Gəmiqaya AVM-dən elektrik avadanlıqları almaq üçün ora tərəf getdiyini, Naxçıvan Şəhər Polis İdarəsinin qarşısından keçən zaman polis əməkdaşlarının onu və bir nəfər şəxsi səslədiklərini, onlardan idarəyə gətirilmiş bir nəfər şəxsin üzərinə baxış keçirilən zaman hal şahidi qismində iştirak etməklərini onlardan xahiş etdiklərini, qəbul etdiklərini, idarəyə daxil olan zaman həmin şəxsin Şərur rayonu, Cəlilkənd kənd sakini Şəxs olduğunun onlara məlum olduğunu, Şəxs cibindən 17 manat pul, Samsung markalı mobil telefon və şalvarın sağ cibindən ağ rəngli kağız bükümdə özünün bildirdiyinə görə şüşə adlanan narkotik vasitə (psixatrop maddə) çıxararaq polis əməkdaşlarına təqdim etdiyini, onların və Şəxs iştirakı ilə həmin maddənin bükümlə birlikdə elektron tərəzidə çəkildiyini, onun çəkisinin 0.52 qram olduğunun məlum olduğunu, həmin bükümün kağız zərfdə qablaşdırıldığını, imzalandığını və möhürləndiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli, 133 nömrəli ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə...” sözlər və imzalar olan bir ədəd kağız zərfin içərisindəki təmiz çəkisi-0.123 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (İ siyahı; İİ bənd; sıra №27) daxil olan - metamfetamindir. 27 may 2022-ci il tarixli akta əsasən, 0.073 qram metamfetamin psixatrop maddəsi Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanması üçün təhvil verilmişdir. İş üzrə Naxçıvan MR-in Səhiyyə Nazirliyi Y.Budaqov adına X4 tərəfindən 27 may 2022-ci il tarixdə verilmiş 332 nömrəli arayışa əsasən, Şərur rayonu, Cəlilkənd kənd sakini Şəxs 27.05.2022-ci il tarixdə, saat 11:05-də Y.Budaqov adına Naxçıvan MR-in X3 sidik narko-test vasitəsilə müayinə olundu. Nəticə amfetamin qrupu (AMP) müsbət aşkar olundu. Hazırda heç bir abstinensiya əlaməti olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Şərur Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 27 may 2022-ciil tarixdə verilmiş 423 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə tibbi müayinədən keçirmiş və onda praktik sağlam diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 27 may 2022ci il tarixli, 02/1203 nömrəli arayışdan görünür ki, Şəxs Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 27.05.2022-ci il tarixədək heç bir növ müavinət ödənilmir. 27 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 27 may 2022-ci il tarixdə, 10:30 saat inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixatrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsini necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ümumi təmiz çəkisi 0.073 qram olan metamfetamin psixatrop maddəsi müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbsin müddəti 27 may 2022-ci il tarixdən, saat 10:30-dan hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin.

4. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ümumi təmiz çəkisi 0.073 qram olan metamfetamin psixatrop maddəsi müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.

5. Məhv etmə “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar