Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-550/2023 28.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı iştirakı ilə, xx.xx.1995-ci ildə Babək rayon Yarımca kəndində doğulmuş, FİN xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Babək rayon Yarımca kəndində qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 28 noyabr 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli 017453 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər H.Əliyev prospektində YPX-nin əməkdaşları tərəfindən saxlanılan zaman Ramin Əliyevə və digər polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, nəqliyyat vasitəsini idarə edən zaman təhlükəli hərəkətlər göstərmək və səs gücləndiricilərdən istifadə etməsinin vətəndaşlar tərəfindən narazılıq yaratmasına məhəl qoymamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixində özünə məxsus olan BMW markalı ** MG *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən YPX əməkdaşı ona saxla işarəsi vermiş, maşını sağa verib saxlayanda polis leytenantı Ramin müəllim ona yaxınlaşaraq görüşmüş və ona bildirmişdir ki, maşının motorunun səsi uca çıxdığı üçün bu yoldan istifadə etməsin. Bu vətəndaşların narazılığına səbəb olur. O da polis əməkdaşına bildirmişdir ki, maşında səsgücləndiricidən istifadə etmir, sadəcə olaraq maşının motorunun orjinal səsidir və texniki pasportda qeyd olunubdur. Bundan əvvəl də başqa polis əməkdaşı onu məhz bu səbəbdən saxlamış və o da səsin motorun öz səsi olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşı ona demişdir ki, “həmin polis əməkdaşını çağırsaq onun üzünə deyə bilərsən?” O da demişdir ki, ehtiyac yoxdur onu çağırmağa. O maşını 5-6 ay bundan əvvəl alıbdır və baseboll sopası o alanda belə maşında var idi. Həmin vaxt kənarda olan polis əməkdaşı ona yaxınlaşıb dedi ki, “sən bu baseboll sopasını da polisi döymək üçün maşında saxlayırsan?” O da bildirmişdir ki, o sadəcə maşındadır və o polis əməkdaşına heç bir şey etməz. Bundan sonra Ramin müəllim ona demişdir ki, “mən formamı çıxarsam axşam mənlə təkbətək söhbət edə bilərsən?”. O da demişdir ki, “formada olmasan niyə söhbət etmirəm ki?”. O maşında olmuş, Ramin müəllim də maşının şüşəsindən onunla bu söhbəti etmişdir. Ətrafda onları eşidən heç kim ola bilməzdi. Bundan sonra o maşını sürüb getmişdir. Hətta təxminən yarım saatdan sonra yenə həmin yerdən keçən zaman polis əməkdaşları ona baxıb gülmüşdür. Aralarında heç bir problem olmamışdır. Yarımca kəndində evinə getmiş, təxminən axsam saat 8-dən sonra ona zəng vurub şöbəyə çağırmışlar. O da uzaqda olduğunu bildirmiş, əvvəl bir problem olmadığını desələr də sonra davamlı olaraq zəng vurub onu polis şöbəsinə çağırmışlar. O da getmişdir. O gedəndən sonra onu kletkaya salıblar və nə su, nə yemək verməyiblər. Məhkəməyə gələnə qədər ona bu cür davranıblar. O nə kimisə söyüb, nə də təhqir edibdir. O polis əməkdaşına qarşı nalayiq ifadə işlətməyib, hörmətsizlik etməyib. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat verən X5 izahatında bildirmişdir ki, Naxçıvan ŞPİnin DYP-nin tağım komandiri polis kiçik leytenantıdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində polis əməkdaşları Orxan İbrahimov və Rza Məhərrəmovla post vəzifəsini icra edən zaman H.Əliyev prospektində BMW markalı ** MG *** dövlət nömrə nişanlı avtomobilin yüksək səslə hərəkət etdiyini görmüş, nəqliyyat vasitəsinin saxlanılması üçün işarə vermişdir. Vətəndaşa nəqliyyat vasitəsini yüksək səslə sürməyin digər vətəndaşlarda narahatlıq yaratdığını və bunun qəzaya səbəbiyyət verə biləcəyini, nəqliyyat vasitəsini idarə edərkən daha diqqətli olmasını məsləhət vermişdir. Şəxs kobud səs tonu ilə bir neçə gün əvvəl başqa polis nəfərinə də eyni sözü, yəni bunun motorun öz səsi olduğunu demişdir. Vətəndaşa danışıq üslubuna və səs tonuna diqqət etməli olduğu barədə xatırlatma etmiş, lakin Şəxs onu nalayiq sözlərlə hədələyərək maşına yüksək qaz verərək oradan uzaqlaşmışdır. Bununla bağlı kamera görüntüləri mövcuddur. Şəxsin maşınında səs gücləndirici qanuni olmuş, texniki pasportunda qeyd edilmişdir. Sadəcə ətrafda olan şəxslər səsdən narahat olmasınlar deyə o bu məsləhəti görmüşdür. O sözünü bitirməmiş yenə də şəxs yüksək qaz verib maşını sürüb getmişdir. Məhkəmədə şahid qismində izahat verən X1 izahatında X2 izahatına oxşar izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Şəxs ilə komandir Ramin Əliyev söhbət edərkən onların bir qədər kənarda olduğunu, mübahisə etdiklərini görmüşdür. Məhkəmədə şahid qismində izahat verən X4 izahatında X2 izahatına oxşar izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 28 noyabr 2023-cü il tarixdə saat 00:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan ŞPİ-nin DYP-nin tağım komandiri polis kiçik leytenant X5 tərəfindən verilən raportdan görünür ki, H.Əliyev prospektində BMW markalı ** MG *** dövlət nömrə nişanlı avtomobil yüksək səslə hərəkət etdiyi üçün polis əməkdaşı tərəfindən saxlanılmış ona yol hərəkət qaydalarına riayət edilməsi bildirilsə də, həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərmiş, qanuni tələblərinə qəsdən tabe olmamış və nalayiq sözlərlə hədələyərək maşına yüksək qaz verərək oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən hallar məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İXMin 510 və 535.1-ci maddələrinin tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. İnzibati xəta törədən şəxsə istinad edilən hər bir hüquq pozuntusu araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi həmin hüquq pozuntusunun mövcud olub-olmamasını, onu törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin pozuntuya görə təqsirləndirilən şəxsə ədalətli tənbeh tədbiri təyin edilməsi başlıca meyardır. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da hüquq pozuntusu törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, tənbeh tədbirinin düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində İnzibati Xətalar Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə ilk öncə inzibati xəta törətmiş şəxsə istinad edilən xırda xuliqanlıq əməlinə (İXM-in 510-cü maddəsi) münasibətdə aşağıdakıları qeyd edir. İXM-in 510-cü maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. İnzibati xətalar qanunvericiliyində xırda xuliqanlıq, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan inzibati xətalar ictimai qaydanın, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan əməllərdir. Xuliqanlıq əməlinin obyektiv cəhətdən dispozisiyada şəxsin hərəkətləri üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; İkincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; Üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməməlidir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti maneə yaradır və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq əməlinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu inzibati xətanın subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu xətanın motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hazırki inzibati xəta haqqında materiallara əlavə edilən sənədlər və eyni zamanda şahidlərin ifadələri inzibati xəta törətmiş şəxsin əməlində İXM-in 510-cu maddəsinin tərkibinin olmadığını təsdiq edir. Şahidlər şəxsin avtomobilini saxlamış üç polis əməkdaşlarıdır. Kənar müşahidəçinin olması, ətrafdakılar üçün narahatçılıq yaranması ilə bağlı heç bir sübut mövcud deyil. Bu halda həmin şahidlər maraqlı şəxslər hesab edilir və onların şəxsin ictimai qaydanı pozması barədə ifadələrinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Eyni zamanda İXM-in 535.1-ci maddəsinin dispozisiyasında bu xətanın mövcud olması üçün başlıca şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamadır. Yəni birincisi polis işçisinin tələbi qanuni olmalı, ikinci halda isə şəxs polis işçisinin həmin qanuni tələbinə qəsdən tabesizlik göstərməlidir. İşin araşdırılmış hallarından görünür ki, inzibati xəta törətmiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin texniki pasportunda səs gücləndirici üçün icazə qeydi aparıldığı halda (bu halı həm inzibati xəta törətmiş şəxs bildirir, həm də polis əməkdaşları təsdiq edirlər) polis əməkdaşlarının şəxsi saxlaması və şəxsi saxladıqdan sonra onun texniki pasportuna baxış keçirdikdən sonra yenə də bununla bağlı “irad” bildirməsi qanuni olmamışdır. Şəxsin nəqliyyat vasitəsi ilə hərəkət edən zaman hər hansı pozuntuya yol verməsi ümumiyyətlə işə baxılarkən sübut edilmir. Kamera görüntülərinin mövcud olması şahid tərəfindən bildirilsə də həmin görüntülər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin 28 noyabr 2023-cü il tarixli 017453 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 53.1.2, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-550/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-550/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver