Məhkəmə qərarları › İş №3(078)-559/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-559/2025

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-559/2025 16.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Protokol tərtib edən orqanın nümayəndələri X7 və X11 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi:

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət X10 yanında Suların İstifadəsinə və X4 Xidməti 14 saylı X8 tərəfindən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir.

2. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əliabad qəsəbəsi 3B ünvanında yerləşən “Dadlı qaymaq” sexində 19 noyabr 2025-ci il tarixdə içməli məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 inzibati xəta haqqında başlanmış icraata xitam verilməsi barədə vəsatətdə, Azərbaycan Respublikası Dövlət X10 yanında Suların istifadəsinə və X4 Xidməti 14 saylı X8 vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2025-ci il tarixli "inzibati xəta haqqında protokol"a əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. Vəsatət onunla əsaslandırılmışdır ki, iş materialına təqdim etdikləri daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki pasport və hazırki vəsatətdəki dəlillərindən göründüyü kimi, "xxxx" MMC-ə istinad olunan inzibati xəta hadisəsi ümumiyyətlə mövcud olmamışdır (baş verməmişdir).

5. İlk növbədə qeyd edir ki, protokolda ve Aktda yazılanlar həqiqəti əks etdirmir Məhkəmənin diqqətinə çatdırır ki,Əliabad qəsəbəsi bina 3B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin "xxxx" MMC-ə hər hansı aidiyyəti yoxdur. Əliabad qəsəbəsi bina 38 ünvanında yerləşən "Əmlak kompleksi kimi müəssisə" xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində fiziki şəxs X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Yəni, əmlak kompleksinə daxil olan 500.57 kv.m qeyri-yaşayış sahəsi və 1387 kv.m torpaq sahəsi "xxxx" MMC-nin deyil, fiziki şəxs Elşad Məmmədovun xüsusi mülkiyyətindədir. (Bu dəlili təsdiq edən xx.xx.2016-cı il tarixli Çıxarışı və əmlak kompleksinin Texniki pasportunu əlavə etmişdir).

6. "xxxx" MMC hüquqi şəxs olaraq Əliabad qəsəbəsi 3B ünvanında hüquqi qeydiyyatdan keçmişdir və əmlak kompleskinin bir hissəsində, təxminən 150 kv.m-lik hissəsində fəaliyyət göstərir. MMC-nin fəaliyyət göstərdiyi qeyr-yaşayış sahəsində su təchizatı və su axıdılması ilə bağlı bütün qurğular, avadanlıqlar standartlara uyğun qurulmaqla, mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmuşdur. "xxxx" MMC-nin fəaliyyətinin təşkil olunduğu tikilidə hər hansı içməli, məişət və yaxud çirkab sularının təyinatsız axıdılması halı aşkar olunmamışdır. Bütün su təchizatı və axıdılması xətləri qapalı olmaqla, mərkəzi kanalizasiya borusuna qoşulmuşdur Həmçinin, tikilinin daxilində olan tualet-sanitar qovşağın da tullantı suları qapalı yeraltı boru ilə mərkəzi kanalizasiyaya qoşuludur.

7. Qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixdə əraziyə gələn 14 saylı X5 əməkdaşları "xxxx" MMC-nin istifadəsində istismarında olmayan, binanın bayırında olan hansısa istifadəsiz boru xəttinin və MMC-nin istehsal yerindən aralıda olan tualet tikilisinin mövcudluğunu bildirərək, guya, bu halların MMC-nin fəaliyyətində nöqsan olduğunu bildirmişlər. Onlara da yerində izah etmişdirlər ki, onların göstərdikləri, MMC-nin fəaliyyətinə aid olmayan, istifadə etmədiyi boru və tualet tikilisi, ümumiyyətlə, MMC tərəfindən istifadə olunmamışdır və hazırda da istifadə olunmur. Aktda və Protokolda yazılan borudan su axıdılması halı ümumiyyətlə, aşkar edilməmişdir. Əmlak kompleksinin mülkiyyətçisi fiziki şəxs E.Məmmədova aid olan hər hansı su axıdılmayan borunun və guya, tikilidən kənarda olan tualetin MMC-nin fəaliyyətinə dəxli olmadığını yoxlamaya gələn vəzifəli şəxslərə izah etsə də, onlar gedib öz bildikləri kimi, real həqiqi halları təhrif edərək protokol yazmışdırlar.

8. Bir daha qeyd edirlər ki: 1) Əliabad qəsəbəsi bina 3 B ünvanındakı daşınmaz əmlak kompleksi (qeyri-yaşayış sahəsi və torpaq sahəsi) fiziki şəxs Elşad Məmmədovun xüsusi mülkiyyətindədir. 2) "xxxx" MMC qeyri-yaşayış sahəsinin yalnız kiçik bir hissəsindən hissəsindən istifadə edir. 3) "xxxx" MMC-nin istifadə etdiyi sahə qapalı tikili olmaqla, hər hansı içməli, məişət və ya çirkab sularının axıdılması üçün kənar boru mövcud deyildir. MMC-nin fəaliyyəti tam gigiyenik qaydada, sanitar normalara uyğun olaraq, çirkab suların axıdılması üçün qapalı sistemlə qapalı kanalizasiyaya qoşulmuşdur. 4) Aktda yazılan tualet tikilisi MMCnin fəaliyyət göstərdiyi sahədə mövcud deyildir, kənarda mövcud olmuşdursa da, MMC-nin istifadəsində/istismarında olmamışdır, MMC-ə aidiyyəti yoxdur. MMC-ə aid olan tualet/sanqovşaq tikilinin daxilində, kanalizasiyaya qoşulmuş vəziyyətdədir. 5) Ümumiyyətlə, ərazidə hər hansı təyinatlı suların kənara (çölə, təyinatsız və s) axıdılması halı mövcud olmamış, aşkarlanmamışdır.

9. Protokolu tərtib edən vəzifəli səxsin çəkdiyi (Protokolda istinad etdiyi) fotoşəkillərdə də hər hansı suların çölə, təyinatsız axıdılması faktı aşkarlanmamışdır, quru borunun sahədə olub-olmaması isə, qeyd etdikləri kimi, MMC-nin fəaliyyətinə aid olmayan məsələdir. Əmlak Kompleksinin mülkiyyətçisi fiziki şəxs Elşad Məmmədova aid olan hər hansı məsələyə görə MMC-nin məsuliyyətə cəlb edilməsi yolverilməz qanunsuzluqdur. Protokolu tərtib edən vəzifəli şəxs(lər) "xxxx" MMC-ə qarşı qərəzli davranmış, olmayan şeyləri MMC-nin üstünə yazmaqla hüquqi şəxsi məsuliyyətə cəlb etmişlər.

10. Nəzərə alınmalıdır ki, bütün yuxarıda göstərilən dəlillər, iş materialına əlavə etdiyi çıxarış, texniki pasport və s. işin halları, "xxxx" MMC tərəfindən İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı xətanın törədilmədiyini sübut edir.

11. Beləliklə, MMC barəsində tərtib edilmiş Protokolun əsası yoxdur, qanunsuz aparılmış icraatın nəticəsidir, ona görə də bu Protokol əsasında inzibati tənbeh tədbiri görülə bilməz.

12. Nəzərə alınmalıdır ki, "xxxx" barəsində olan Protokol 14 saylı X5 əməkdaşları tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli 002833 №-li AKT əsasında tərtib edilmişdir. İş materialına təqdim edilən Aktdan göründüyü kimi, 14 saylı X5 əməkdaşları "xxxx" MMC-nin sexində, yəni, sahibkarlıq obyektində nəzarət tədbiri (YOXLAMA) keçirildiyini və bu tədbirin nəticəsində aşkar olunanlar barədə akt tərtib olunduğunu qeyd edirlər. 14 Saylı X5 əməkdaşları tərəfindən, həmçinin yuxarıda sözügedən maddi hüquq normalarının tələbləri də kobud şəkildə pozulmaqla, sahibkarlıq subyektində xx.xx.2025-ci il tarixdə qanunsuz yoxlama aparılmış və qanunsuz yolla əldə olunmuş məlumatlar əsasında xx.xx.2025-ci il tarixli Akt, onun əsasında isə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında Protokol tərtib olunmuş və məhkəməyə göndərilmişdir. Ona görə də "xxxx" MMC barəsində tərtib olunmuş Protokol əsasında hər hansı inzibati tənbeh tədbiri görülə bilməz, belə Protokolun əsaslığı və qanunauyğunluğu onu tərtib etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırki işdə də sübut olunmamışdır.

13. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət X10 yanında Suların istifadəsinə və X4 Xidməti 14 saylı X8 vəzifəli şəxsinin ümumiyyətlə, İXM-in 262.2.3cü maddəsi üzrə araşdırma aparmaq və Protokol tərtib etmək səlahiyyəti mövcud deyildir.

14. Bütün yuxarıda qeyd olunanlarla yanaşı, hesab edir ki, inzibati xəta haqqında protokolun mahiyyətcə qanunsuz və əsassız olması ilə yanaşı, prosessual cəhətdən də İXMin tələblərinə əməl olunmadığı nəzərə alınmalıdır. Vəzifəli şəxsin, guya, xx.xx.2025-ci ildə "aşkar etdiyi inzibati xəta əməlinə görə" Akt tərtib etməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu xx.xx.2025-ci ildə-9 gün sonra tərtib etməsi İXM-in 101-ci maddəsinin tələbini pozulmasıdır.

15. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-559/2025 nömrəli qərarı ilə vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli vilinərək barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

16. Həmin qərardan X3 tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan MR Ali Məhkəməsinin 3(3-1)-3/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarına əsasən, barəsində inzibati tənbeh tətbiq edilən vəzifəli şəxs X1 şikayətinin qismən təmin edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-559/2025 nömrəli qərarının ləğv edilmiş, inzibati xəta haqqında işin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş protokola yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

17. Təkrar məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X7 izahatında bildirmişdir ki, 19 noyabr tarixində müəssisələri tərəfindən ərazilərə baxış keçirilən zaman kənardan "xxxx" MMC-nin tullantı sularının təyinatsız olaraq axıdılması halı aşkarlanmış və fotoşəkillərdə çəkilmişdir. Kənardan aparılan müşahidələr nəticəsində aşkar olunmuşdur. Həmin yerdə onunla birlikdə protokol tərtib edilmişdir. Xidməti araşdırma zamanı o, öz adının VÖEN-ni vermiş, lakin "xxxx" MMC-nin VÖEN-ni verməmişdir. Hüquqi şəxs kimi cərimələnməlidir. Sahibkarlıq sahəsində yoxlama aparılmamışdır. Hüquqi şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

18. Təkrar məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi X16 izahatında bildirmişdir ki, əraziyə baxış keçirilmiş, orada onun verdiyi şikayətlərdən biri o idi ki, fiziki şəxs kimi cərimələnməlidir. Müəssisələrin 90%-i kiminsə mülkiyyətində olur. Ərazi ilə bağlı heç bir iddia qaldırmamışdırlar. Müəssisə orada fəaliyyət göstərməsə heç orada ayaq yolu da olmazdı. Bu çirkli su həmin müəssisədən axıdılır. X15 dediyi kimi olsa İnzibati Xətalar Məcəlləsinin müəyyən maddəsi ilə protokol tərtib olunacaqdı. Vergilər Nazirliyinə məktub ünvanlamış və o məktuba əsasən, həmin ünvan və həmin VÖEN qeyd edilmişdir. Hüquqi şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

20. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Sübutların tədqiqi:

21. İş materiallarında olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliabad qəsəbəsi 3B ünvanında yerləşən "xxxx" sexində 19 noyabr 2025-ci il tarixdə içməli məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır. Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

22. İş materiallarında olan 19 noyabr 2025-ci il tarixli Aktdan görünür ki, Əliabad qəsəbəsi 3B ünvanında yerləşən "xxxx" sexində 19 noyabr 2025-ci il tarixdə içməli məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır.

23. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Əliabad qəsəbəsində yerləşən "xxxx" sexində formalaşan içməli, məişət tullantı sularının təyinatsız axıdılması faktı aşkarlanmışdır.

24. İş materiallarında olan, MH seriyalı, ******* nömrəli, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 600.57 kv.m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində, xüsusi mülkiyyət hüququ əsasında tam payla X1 adına qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi:

25. Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

26. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

27. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

28. Maddə 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

29. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

30. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

31. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

32. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

33. Maddə 262.2.3. İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin mövqeyi:

34. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir.

35. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi X1 xüsusi mülkiyyətində olsa da, onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı da qeyd edilən ünvandır və iş mateiallarından görünür ki, həmin inzibati xəta qeyd edilən hüquqi şəxsin ünvanında törədilmişdir.

36. Hüquqi şəxsi direktoru tərəfindən məhkəməyə göndərilmiş vəsatətdə, MMC-nin fəaliyyət göstərdiyi qeyr-yaşayış sahəsində su təchizatı və su axıdılması ilə bağlı bütün qurğuların, avadanlıqların standartlara uyğun qurulmaqla, mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulduğu, "xxxx" MMC-nin fəaliyyətinin təşkil olunduğu tikilidə hər hansı içməli, məişət və yaxud çirkab sularının təyinatsız axıdılması halının aşkar olunmadığı, bütün su təchizatı və axıdılması xətləri qapalı olmaqla, mərkəzi kanalizasiya borusuna qoşulduğu, tikilinin daxilində olan tualet-sanitar qovşağın da tullantı sularının qapalı yeraltı boru ilə mərkəzi kanalizasiyaya qoşulduğu göstərilsə də, iş materiallarına əlavə edilmiş videoyazıdan görünür ki, tualet-sanitar qovşağın tulantı sularının axıdılması üçün hər hansı tədbir görülməmiş, sular borular vasitəsilə mərkəzi kanalizasiya borusuna qoşulmamış və çirkli sular təyinatsız açıq ərazidə qazılmış üstü qapalı olmayan çuxura axıdılmışdır. Həmçinin, qeyd edilən halların əksini təsdiq edən hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir.

37. Məhkəmə qeyd edir ki, hüquqi şəxsi direktoru tərəfindən məhkəməyə göndərilmiş vəsatətdə həmin yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun tələblərinə uyğun aparılmadığını, qeyd etmişdir.

38. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun 1.1.1-ci maddəsində, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur;

39. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun 1.1.1-ci maddəsində, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.

40. Məhkəmə qeyd edir ki, hazırki halda Azərbaycan Respublikası Dövlət X10 yanında Suların istifadəsinə və X4 Xidməti 14 saylı X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etməsi sahibkarlıq sahəsində aparılan yoxlama hesab edilə bilməz.

41. Belə ki, Azərbaycan Respublikası Dövlət X10 yanında Suların istifadəsinə və X4 Xidməti 14 saylı X8 tərəfindən hüquqi şəxsdə hər hansı sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirməsinin qiymətləndirməsi üzrə tədbirlər yəni müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər həyata keçirilməmişdir. Məhz bu səbəbdən də, şikayətçinin həmin dəlillərə əsasən qərarın ləğvinin tələb edilməsi əsassızdır.

42. Məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir.

43. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar