Məhkəmə qərarları › İş №3(078)-563/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-563/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-563/2025 03.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, Protokol tərtib edən şəxs Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X4 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), orta təhsilli, fəhlə işləyən, evli, 3 uşaq atası, Naxçıvan şəhəri, Tumbul Ə/D, Tumbul kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. xx.xx.2025-ci il tarixdə Naxçıvan şəhəri Tumbul kəndində yaşayan Şəxs Tik-tok sosial şəbəkəsində canlı yayın açaraq, narkotikdən istifadə etdiyini bildirmiş və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxs tərəflərindən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 narko-test müayinəsinə aparılmışdır. Orada həmin şəxs öz ərizəsi əsasında narko-testdən keçirilmişdir. Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 daxil olmuş xx.xx.2025-ci il tarixli test nəticəsinə əsasən, Naxçıvan şəhəri Tumbul kəndində yaşayan Şəxs narkotik vasitələrin istifadəsi aşkar olunmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. Məhkəmə iclasında Naxçıvan Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X5 protokolu müdafiə edərək bildirdi ki, şəxs 02 dekabr tarixində sosial şəbəkələrdə canlı yayım açaraq, digər şəxslərin iştirak etdiyi bir mühitdə, narkotik vasitələrin təbliği, istifadəsi ilə bağlı reklam xüsusiyyətli hərəkətlər etmiş, danışıqlar aparmış, bununla bağlı yanındakı şəxslər ona irad bildirən zaman yenə də hərəkətlərinə davam etmiş, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmiş, narko-test müayinəsindən keçirilmiş və test nəticəsi müsbət aşkar olunmuşdur. Protokola baxılan zaman diqqətə alınmasını istəyir ki, şəxs yalnız istifadəçi kimi yox həmçinin təbliğ etməsi nəzərə alınmalıdır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib olunan Şəxs izahatında bildirmişdir ki, bilmədən etmişdir. İşdən çıxarsalar işsiz qalacaqdır. Antibiotik dərmanları istifadə etdiyinə görə test müsbət çıxmışdır. İçkili olduğu üçün canlı yayımda nalayiq ifadələr işlətmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, dünən qaynatasıgildən qayıtdıqdan sonra mağazadan içki və bəzi ərzaqlar almış və Novruzgilə getmişdir. Sonra yenidən Novruzla birlikdə mağazaya getmiş və bəzi ərzaqlar almışdır. Novruzgildə yemək yemiş, sonra Novruz telefonla canlı açmışdır. Orada canlıya baxan şəxslərin sayını demişdir. Bəzi nalayiq ifadələr işlətmişdir. Evinə gedəndən, biraz keçəndən sonra polislər evinə gəlmiş və narko-testən keçirməyə aparmışdırlar.

5. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə araşdırması zamanı iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir.

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir.

7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir.

8. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir.

9. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Qeyd olunan tibbi müayinə isə həkim-narkoloq həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən keçirilməlidir. 10.Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 Narkologiya şöbəsinin müdiri həkim-narkoloq Azad Şükürlü tərəfindən 03 dekabr 2025-ci il tarixdə verilmiş 581 nömrəli rəyə əsasən, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Hal-hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X3 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə BAR (barbital) müsbət aşkar olunmuşdur.

11. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə tik-tok sosial şəbəkəsində canlı yayımda nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş və xx.xx.2025-ci il tarixli Y.Budaqov adına Naxçıvan MR PXD-nin narko-test nəticəsinə əsasən BAR (Barbital) istifadə etdiyi müəyyən olunmuşdur 12.02 dekabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 02 dekabr 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. 13.İş materiallarında olan video-görüntüdən görünür ki, Şəxs TikTok sosial şəbəkəsində canlı yayım zamanı narkotik vasitədən istifadəni təbliğ edərək, polisin ünvanına nalayiq ifadələr işlətmiş, həmin canlı yayım çoxlu sosial şəbəkə istifadəçisi tərəfindən izlənilmişdir. 14.Beləliklə, Şəxs narkotik vasitə istifadə etməsi, tik-tok sosial şəbəkəsində nalayiq ifadələr işlətməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. 15.Məhkəmə ilk növbədə qeyd edir ki, narkotik vasitələrin sosial şəbəkədə canlı yayımla təbliği, xüsusilə də yetkinlik yaşına çatmayanlar arasında bu vərdişlərin normal hesab edilməsi və yayılması riski yaradır. Bu, milli mənəviyyat və sağlam həyat tərzi prinsiplərinə tamamilə ziddir.Həmçinin, polis əleyhinə nalayiq ifadələr işlətmək cəmiyyətdə hüquq-mühafizə orqanlarına qarşı hörmətsizliyi, aqressiyanı və inamsızlığı təşviq edir. Bu, dövlətin əsas sütunlarından biri olan asayişin keşiyində duran şəxslərin nüfuzuna xələl gətirir və ictimai qayda hissini zədələyir. 16.Məhkəmə qeyd edir ki, sosial şəbəkələrin (xüsusilə TikTok kimi geniş yayılmış platformaların) istifadəsi məsuliyyət tələb edir. Canlı yayım, ictimaiyyət qarşısında çıxış etmək deməkdir və bu zaman cəmiyyətin mənəvi normalarını pozan, qanunla qadağan olunmuş məzmunun yayılması yolverilməzdir. Belə hərəkətlər, virtual mühitdəki etik davranış qaydalarının pozulması kimi də qiymətləndirilir. 17.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 18.Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 19.Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 20.Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 21.Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 22.Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 23.Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 24.Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 25.Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 26.Həmin Məcəllənin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 27.Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 28.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. 29.İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün inzibati qaydada həbs edilməlidir. 30.İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 32.İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün inzibati qaydada həbs edilməlidir 33.Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara a l d ı:

xx.xx.1982-ci ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fəhlə işləyən, evli, 3 uşaq atası, Naxçıvan şəhəri, Tumbul Ə/D, Tumbul kəndində qeydiyyatda olmaqla yaşayan Novruzov X6 Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərardan 10(on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protest vermək olar.

Sədrlik edən: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar