Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-565/2025 04.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, orta təhsilli, işsiz, iki uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə rəisi X10 tərəfindən tərtib olunmuş 04 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə tabe olmamış və X3 natkotestinə əsasən OPİ, PCP, BUP və BZO istifadə etdiyi müəyyən edilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN-in DYPİ-yə bilavasitə tabe olan YPXB-nin YPX inspektoru, polis baş serjantı Orxan Sadiqov tərəfindən tərtib olunmuş 03 dekabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 16:15 radələrində xidmətdə olan zaman birgə xidmət apardığı DYPİ-nin YPXB-nin YPX inspektoru, polis baş serjant X16 ilə **-YP-*** DQNN xidməti nəqliyyat vasitəsində Əliabad qəsəbəsində xidmətdə olarkən Naxçıvan-Şərur magistralının Əliabad qəsəbəsindən keçən hissəsində hərəkətdə olan **-BM-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi 1.1 nişanının tələbini pozduğu üçün həmin nəqliyyat vasitəsinə saxla işarəsi vermiş, sürücü onlardan təxminən 200 metr uzaqda Naxçıvan şəhər Əliabad qəsəbəsi, döngə 4-ün girişində nəqliyyat vasitəsini saxlamış, sürücüyə yaxınlaşaraq törətdiyi inzibati xəta ilə bağlı məlumat verərək ondan sənədlərini təqdim etməsini tələb etmişdir. O isə müxtəlif bəhanələr gətirərək sənədlərinin evdə olduğunu bildirib, onun fikirləri ilə razılaşmayaraq tabesizlik göstərmişdir. Onun tabesizlik göstərdiyini görüb post yoldaşı Əli Ələsgərovu qeyd olunan yerə çağırmışdır. Sürücü hər ikisinə tabesizlik göstərib məhəl qoymayaraq nəqliyyat vasitəsini sürüb uzaqlaşmışdır. Onun hal-hərəkətindən şübhə etdiklərindən təhlükəli vəziyyət yaradacağını bilib onu uzaqdan nəzarət etməklə saxlanılması üçün digər naryadlara məlumat ötürmüşlər. Sürücü Naxçıvan şəhər M.Şəhriyar küçəsində ərzaq mağazasının yanında avtomobili saxlayıb mağazadan özünə aid olmayan sürücülük vəsiqəsi gətirərək onlara təqdim edib sənədlərinin qaydasında olduğunu bildirməyə çalışmışdır. Onun portal məlumatlarından yoxlayaraq onun Şəxs olduğu, sürücülük hüququndan məhrum olunduğunu, təqdim etdiyi sürücülük vəsiqəsinin isə qardaşı Cavid Əhmədova aid olduğunu müəyyən etmişlər. Qeyd olunan yerdə PPX naryadları da yaxınlaşmış, sürücü isə əməkdaşların yaxınlaşdığını görüb yenidən nəqliyyat vasitəsini hərəkətə gətirib uzaqlaşmışdır. Onun arxasınca Naxçıvan şəhər Əziz Əliyev küçəsinədək getmişlər, Əziz Əliyev küçəsindən 36-cı məhəlləyə dönən yolda qarşıdan gələn nəqliyyat vasitəsinin yaratdığı maneədən istifadə edərək onu saxlamağa nail olmuşlar. Sürücü nəqliyyat vasitəsindən düşüb əlində ki, kəsici alət olan yarım lezvanı göstərərək əvvəl məhkumluğu olduğunu, həyatdan bezdiyini bildirib onu buraxmalarını tələb etmişdir. Əks halda özünə xəsarət yetirəcəyini bildirmişdir. Onun əlindən həmin kəsici aləti alan zaman uca səslə səs-küy salıb nalayiq ifadələr işlətməyə başlamışdır. Qeyd olunan ünvana yaxınlaşan digər naryadların köməkliyi ilə həmin şəxs Naxçıvan Şəhər Polis İdarəsinin növbətçi hissəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünün heç vaxt narkotik vasitə istifadə etmədiyini, psixoloji tərkibli dərman qəbul etdiyini, ketanol və baralqin adlı tabletkalar istifadə etdiyini, sürücülük vəsiqəsinin halhazırda olmadığını, məhkumluğu olduğunu, aliment ödədiyini, işləyə bilmədiyini, Bolt tətbiqinə qoşulub taksi fəaliyyəti ilə məşğul olduğunu, Əliabad qəsəbəsində hərəkətdə olan zaman Yol Patrul Xidməti əməkdaşlarının onu saxlayıb, sürücülük vəsiqəsini tələb etdiklərini, onlara qardaşının sürücülük vəsiqəsinin surətini göstərdiyini, özünü qardaşı kimi təqdim etdiyini, onların “sən deyilsən” deyib vəsiqənin əslini istədiklərini, özünün də girov olaraq mağazaya qoyduğunu, mağazada göstərə biləcəyini bildirdiyini, mağazaya getdiklərini, vəsiqəni onlara göstərdiyini, daha sonra həmin yerə avtomobilin sahibi Elnurə xanımın gəldiyini, özünün üzərində lezva olduğunu, polis əməkdaşının lezvanı atmağını dediyini, özünün də heç nə demədən lezvanı yığışdırdığını, lezvanın həmin vaxt cibində olduğunu, polis əməkdaşı ona silah çıxardığı üçün qorxub prokurorluğa şikayət etmək üçün avtomobillə oradan qaçmağa başladığını, həmin vaxt yanında Elnurə xanım da olduğunu, ona silah çıxarmaq üçün heç bir səbəb olmadığını, lezva ilə həmin an təhlükə yaratmadığını, sadəcə cibində olduğunu, Elnurə xanım avtomobilin sahibi olduğu üçün onu zəng edib çağırdığını, hadisələr olanda xanımın yanlarında olduğunu, avtomobili qardaşının ona verdiyini, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərək səhv etdiyini, lakin başqa çarəsi olmadığını, əməlindən peşman olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 şəxsin Əliabad qəsəbəsində qoşa xətti ayaqladığı üçün polis əməkdaşları tərəfindən saxlanıldığını, sənədlərinin tələb olunduğunu, şəxsin qardaşının sürücülük vəsiqəsini təqdim etdiyini, əməkdaşların bu haldan şübhələndiyini, şəxsin portal vasitəsilə yoxlanıldığını, şəxsin əslində sürücülük vəsiqəsinin olmadığının müəyyən edildiyini, şəxsin polis idarəsinə dəvət edildiyini, lakin şəxsin təhlükəli hərəkətlər edərək avtomobillə qaçdığını, şəxsin daha sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, hərəkətlərində şübhəli hal olduğu üçün şəxsin testə aparıldığını, testin nəticəsinin isə müsbət aşkar edildiyini, uyğun olaraq protokol tərtib olunaraq məhkəməyə göndərildiyini, şəxslə şahid Elnurə Hümbətovanın ifadələrində ziddiyyətli məqamlar olduğunu, bu halın nəzərə alınmasını istədiyini bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. X5 məhkəmə iclasında verdiyi ifadəsində postda xidmətdə olan zaman şəxsin qayda pozuntusu yaratdığını, işarə verərək şəxsi saxlatdığını, onun yanına gedərək özünü təqdim etdiyini, sənədlərini təqdim etməsini bildirdiyini, şəxsin sürücülük vəsiqəsinin surətini təqdim etdiyini, əslini isə mağazaya girov olaraq qoyduğunu bildirdiyini, şəxslə birlikdə dediyi mağazaya getdiklərini, şəxsin sürücülük vəsiqəsinin özünün olmadığının məlum olduğunu, post yoldaşının şəxsin əlində lezva gördüyünü bildirdiyini, özünün də silahı görsəndiyi üçün silahının üzərini örtməyini dediyini, özünün də örtdüyünü, şəxsi polis idarəsinə dəvət etdiklərini, lakin şəxsin tabesizlik göstərib gəlmək istəmədiyini bildirdiyini, protokolu həmin an tərtib edə bilmədiklərini, nəqliyyat vasitəsini saxlanca qoymalı olduqlarını, şəxsin “aliment ödəyirəm, bezmişəm, özümü də, sizi də doğrayaram” dediyini, sonra post patrul əməkdaşlarını çağırdıqlarını, onlar gələn zaman şəxsin avtomobillə qaçmağa başladığını, daha sonra şəxsi müşahidə edib saxladıqlarını, şəxsin qapını bağlayıb, pəncərəni açaraq nalayiq ifadələr işlətməyə başladığını, Post Patrul əməkdaşlarının köməyi ilə şəxsi avtomobildən çıxarıb polis idarəsinə apardıqlarını, əlində silah olmadığını, şəxsə silah çıxarmadığını bildirdi. X9 məhkəmə iclasında verdiyi ifadəsində postda olarkən şəxsin qayda pozuntusu yaratdığını, post yoldaşının işarə verərək şəxsi saxlatdığını, şəxsə özünü və sənədlərini təqdim etməsini bildirdiklərini, şəxsin ad və soyadını yanlış bildirdiyini, vəsiqəsinin surətini təqdim etdiyini, əslini isə mağazaya girov olaraq qoyduğunu bildirdiyini, mağazaya gedərək vəsiqənin əslini təqdim etdiyini, şəxsin özünün olmadığının müəyyən edildiyini, şəxsin əlində lezva olduğunu post yoldaşına bildirdiyini, şəxsin “aliment ödəyirəm, bezmişəm, özümü də, sizi də doğrayaram” dediyini, sonra post patrul əməkdaşlarını çağırdıqlarını, onlar gələn zaman şəxsin avtomobillə qaçmağa başladığını, daha sonra şəxsi müşahidə edib saxladıqlarını, şəxsin qapını bağlayıb, pəncərəni açaraq nalayiq ifadələr işlətməyə başladığını, şəxsin cibindən lezvanı çıxardığını, Post Patrul əməkdaşlarının köməyi ilə şəxsin avtomobildən çıxarıb polis idarəsinə aparıldığını, avtomobildə olan xanımın “mən bu adamı tanımıram, bu adama avtomobil verməmişəm, Cavid adlı şəxsə avtomobili vermişəm” dediyini, xanımın mağazadan qaçdıqdan sonra avtomobildə olduğunu, əvvəllər olmadığını, həmin xanımın avtomobilin sahibi olduğunu bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində xidmətdə olan zaman Şəhriyar küçəsinə yaxınlaşmalarının bildirildiyini, şəxsin Yol Polis əməkdaşlarına tabe olmadığını gördüklərini, şəxsi nizam-intizama dəvət etdiklərini, şəxsin tabe olmayıb, avtomobillə həmin yerdən uzaqlaşdığını, sonra bir az keçəndən sonra onlara Danyerinin arxasına yaxınlaşmalarının bildirildiyini, şəxsin cibində lezva olduğunu, şəxsin polis idarəsinə aparıldığını, şəxsin nalayiq ifadələr işlətdiyini bildirdi. X8 məhkəmə iclasında verdiyi ifadəsində xidmətdə olanda Şəhriyar küçəsində tabesizlik göstərən vətəndaş olduğunun, oraya getmələrinin bildirildiyini, şəxsin Yol Polis əməkdaşlarına tabe olmadığını gördüklərini, şəxsi nizam-intizama dəvət etdiklərini, şəxsin tabe olmayıb, avtomobillə həmin yerdən uzaqlaşdığını, daha sonra Yol Patrul əməkdaşlarının şəxsin arxasınca getdiklərini, özlərinin də eynilə getdiklərini, şəxsin saxlanıldığını, Yol Polis əməkdaşlarının şəxsin cibində lezva olduğunu bildirdiklərini, özlərinin də lezvanı götürdüklərini, şəxsin polis idarəsinə aparıldığını bildirdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində Cavid müəllimə etibarnamə ilə avtomobil verdiyini, nəvəsini həkimə aparmaq üçün etibarnamə verdiyini, 3-4 illik etibarnamə verdiyini, ilini bilmədən elə çox müddətə verdiyini, polislərin avtomobilin arxasına düşdüyünü, özünün də avtomobildə olduğunu, həkimə getmək üçün zəng etdiyini, belə bir məsələ olduğunun bilindiyini, özünün Yadigar adlı şəxsi tanımadığını, onun qardaşına avtomobili verdiyini, həmin yerə getdikdə polislərə onu buraxması üçün yalvardığını gördüyünü, ancaq polisin ona silah çıxardığını, mağazaya getdiyini, sürücülük vəsiqəsi götürüb gəldiyini, şəxsin sürücülük vəsiqəsi olub-olmadığını bilmədiyini, sonra polislərin arxasına düşdüyünü, niyə arxasına düşdüklərini bilmədiyini, özü bir şey olmasın deyə avtomobildə oturduğunu, polisləri şikayət etmək üçün getdiyini, zorla avtomobildən düşürdüklərini, avtomobildən düşmədiyini, kiməsə zəng etmək istədiyini, özünün şəxsi əvvəlcədən tanımadığını, özünün Cavidə zəng etdiyini bildirdi. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 04 dekabr 2025-ci il tarixli, 3-28-34-4/2-3068/2025 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan 1998-ci il təvəllüdlü Şəxs oğlundan götürülmüş sidik nümunəsində PCP (Fenisiklidin), OPİ (Opioid), BUP (Buprenorfin) və BZO (Benzodiazepin) müsbət aşkar olunmuş və MET (-), AMP (-), COC (-), MOP(-), MDMA (-), BAR (-), MTD (-) aşkar olunmamışdır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 04 dekabr 2025-ci il tarixli, 582 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Halhazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X4 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə OPİ (opioid), BUP (buprenorfin), PCP (fenisiklidin) və BZO (benzodiazepin) müsbət aşkar olunmuşdur. 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İİİ siyahısının 67-ci bəndinə görə “buprenorfin” Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 03 dekabr 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş video görüntülərin köçürüldüyü bir ədəd DVD-ə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı polis əməkdaşlarının **-BM-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsinin arxasınca getdikləri, həmin avtomobilin sürücüsünün avtomobillə yolun əks istiqamətli tərəfinə keçdiyi, hətta svetoforun qadağan siqnalına belə məhəl qoymadan ötüb keçdiyi, sonra digər polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanıldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati həbsin müddəti 25 gün müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və 130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, 510-cu və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-565/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-565/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver