Məhkəmə qərarları › İş №3(078)-569/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-569/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-569/2023 08.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər Prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 iştirakları ilə, xx.xx.2007-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 08 dekabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:24 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və zərər çəkmiş şəxsə maddi zərər vurmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında avtomobil alacaqlarını, avtomobilə baxmağa getdiklərini, onun daha tez getdiyini, atasının da sonradan gələcəyini, avtomobilin sahibinin avtomobilin xüsusiyyətlərini sadaladığını, sonra da “özün necə olduğunu sür, yoxla” dediyini, sonra yoxlamaq üçün avtomobili sürdüyünü, hadisənin baş verdiyini, bardura dəydiyini, sonra onları polis şöbəsinə çağırdıqlarını, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməlinin qanuna zidd əməl olduğunu bildiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi X7 avtomobil alacaqlarını, oğlunun avtomobilə baxmağa ondan tez getdiyini, o getdikdə artıq qəzanın baş verdiyini, avtomobilin sahibinin polis əməkdaşlarını çağırdığını, əslində əvvəlcə onlara cərimə yazıldığını, sonradan işin məhkəmədə baxılacağını bildirdiklərini, vurulmuş ziyanın tam ödənildiyini, maddi imkanlarının zəif olduğunu bildirərək oğlu-Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 vurulmuş ziyanın ödənildiyini bildirərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 15 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, ** BE *** dövlət nömrə nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinin qabaq tərəfinə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında protokol”dan görünür ki, “VAZ” markalı, “21074” tipli, minik modeli, ** BE *** dövlət qeydiyyat nişanlı, XTA**********9822 VİN olan avtonəqliyyat vasitəsinin ön sol hissəsinə, təkərinə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində döş qəfəsinin rentgen müayinəsi, tam qarın boşluğunun ultrasəs müayinəsi, EKQ müayinəsi olunmuşdur. Döş qəfəsinin Rentgen müayinəsində kök ətrafı kalsinatlar izlənir, sinuslar açıqdır. Ürək: ikinci qövs qabarıqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 071171 nömrəli qaiməfakturadan görünür ki, mübahisəli avtomobilə dəymiş zərərin məbləği 430 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə, saat 21:24 radələrində idarə etdiyi “VAZ 21074” minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən həmin avtonəqliyyat vasitəsinin ön sol hissəsinə ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və inzibati xətanı törədən şəxsin yetkinlik yaşına çatmamasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.1.2-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələbini nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx.xx.2007-ci il tarixdə doğulmaqla 18 yaşına çatmamışdır. Ona görə də onun barəsində inzibati həbs tətbiq oluna bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmaması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati həbs tətbiq edilə bilməməsini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar