Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-595/2023 26.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təhsilli, mühafizə işləyən, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, 017561 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli çağırış vərəqəsinə əsasən Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin rəisi, polis mayoru X3 tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsindən daxil olmuş cinayət işinin rədd olunması və inzibati icraatın başlanmasına dair qərar ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunması məqsədi ilə Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə dəvət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında protokolla razı olmadığını, 16 noyabr 2023-cü il tarixdə İğdır şəhərinə ərzaq gətirməyə getdiyini, 18 noyabr 2023-cü il tarixində qayıtdığını, yoldaşının və 2 uşağının Sədərəkdə qaynatasıgildə olduğunu, onları götürüb taksi ilə Naxçıvan şəhərinə gələrkən yol polisinin əl ilə işarə etdiyini, avtomobili saxladıqlarını, sonra 8-9 polis əməkdaşın mülki formada avtomobilə yaxınlaşdığını, ona “İğdır şəhərindən narkotik gətirmisən” dediklərini, qışqırdıqlarını, “avtomobilin qapısını aç” dediklərini, onun isə “avtomobildə körpə uşaq var qışqırmayın” dediyini, onların məhəl qoymadığını, qapını açmaq istədikdə polis əməkdaşlarının vuraraq avtomobilin şüşəsini sındırdıqlarını, hər iki gözünə şüşə batdığını, hazırda bir gözünün görmədiyini, uşaqlarının üzərinə də şüşə qırıntılarının töküldüyünü, sonra iki uşağını, yoldaşını və taksi sürücüsünü də polis şöbəsinə apardıqlarını, başının da yaralandığını, gözünə şüşə batdığını, avtomobilə baxış keçirdiklərini, həmçinin onun üzərində şəxsi axtarış apardıqlarını, heç nə aşkar olunmadığını, sonra Narkoloji Dispanserə apardıqlarını, orada da heç nə çıxmadığını, gecə gözünün qanının dayanmadığını, polis əməkdaşlarını onu “xahiş və minnətlə” Respublika Xəstəxanasına apardıqlarını, sonra polis idarəsinə aparmaq üçün həkimə təzyiq etdiklərini, həkimin “adamın gözü kor olmağa doğru gedir” dediyini, sonra öz istəyi ilə “gəlin mənim qanımdan analiz götürün, mən hamınızdan şikayət edəcəyəm” dediyini, uşaqlarını 40 dərəcə istiliyi olmasına baxmayaraq gecənin yarısına qədər polis şöbəsində saxladıqlarını, 4 yaşında uşağın üzərində axtarış apardıqlarını, özünün 4 il əvvəl narkotik vasitə istifadə etdiyini, ancaq son vaxtlarda narkotik vasitə istifadə etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış HKpi-846/23 №li material üzrə vətəndaş Şəxs əməlində cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilməsi və toplanmış HKpi-846/23 №-li material üzrə vətəndaş Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati icraat başlanılması üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 1638 saylı canlı şəxsin ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş Şəxs bədənində aşkar edilmiş xəsarətlər: göz qapaqlarının və gözün konyuktiva qişasının yad cisimləri, göstərilən xəsarətlər iti kənarlı cisimlərin, həmçinin bilavasitə sınmış şüşə qırıqlarının gözün konyuktiva qişasına sıçraması nəticəsində törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs qanında metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 15 dekabr 2023-cü il tarixli 423 saylı ambulator məcburi narkoloji yoxlamanın rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 26 dekabr 2023-cü il tarixli 438 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 26 dekabr 2023-cü il tarixdə saat 15:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırda Şəxs təqsirləndirildiyi maddənin məzmunundan da göründüyü kimi qeyd olunan maddənin tərkibinin yaranması üçün şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi təsdiq edilməlidir. Lakin qeyd olunan iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkotik vasitələ və psixotrop maddə istehlak etdiyi qeyd olunsa da bunu təsdiq edən sübut qismində ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan protokolda ümumi sözlərlə şəxsin narkotik vasitələrdən və psixotrop maddədən istifadə etməsi qeyd edilmiş, lakin hansı növ psixotrop maddə və ya narkotik vasitə istifadə etməsi və ya nə vaxt istifadə etməsi qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respulikası Qanununun 25.1-ci maddəsinə əsasən tibbi müayinə yalnız narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Narkotik sərxoşluq vəziyyətində olması və ya öz bədəni daxilində narkotik vasitələr və psixotrop maddələr daşıması haqqında əsaslı şübhələr olan, habelə özündə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmiş şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilir. Tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində həyata keçirilir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən tibbi müayinə həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsin tibbi müayinədən keçməsi haqqında tərtib edilən rəydə onun narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və təxmini istehlak etmə vaxtı əks etdirilməlidir. Qeyd olunanlardan da göründüyü kimi şəxsin narkotik vasitə və ya psixotrop maddəni istehlak edib etməməsinin müəyyən edilməsi üçün tibbi müayinə keçirilməli və onun nəticəsində rəy tərtib edilməlidir. Lakin hazırki inzibati xəta haqqında iş araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin narkotik vasitə və ya psixotrop maddə istehlak etməsi ilə bağlı hər hansı bir həkim narkoloq tərəfindən verilmiş tibbi müayinədən keçirilməsinə dair rəy iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan iş materiallarına canlı şəxsin ekspertizasına dair ekspert rəyi əlavə edilmiş, həmin ekspert rəyində Şəxs qanında metamfetamin aşka edildiyi göstərilmişdir. Qeyd olunan rəydən də göründüyü kimi həmin ekspert rəyini tərtib edən şəxs həkim narkoloq deyildir və onun narkotik vasitənin və ya psixotrop maddənin istehlakına dair rəy vermə səlahiyyəti yoxdur. Ona görə də onun verdiyi rəy sübut qismində qəbul edilə bilməz. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinin məzmununa əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-595/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-595/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver