Məhkəmə qərarları › İş №3(078)-60/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-60/2021

01.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-60/2021 01.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN Kod: xxxxxxx), orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, evli, üç uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri Atabəylər məhəlləsi bina 8, mənzil 24-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 29.04.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Hacıniyyət kəndində yaşayan Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 28.04.2021-ci il tarixdə saat 23 radələrində işdən evə gələndə kirayə yaşadığı Hacıniyyət kəndinin girəcəyində çöllük ərazidə Şəxs onu döymüşdür. Zərərçəkmiş şəxs qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru polis mayoru X10 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 01 may 2021-ci il tarixdə 009814 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında həyat yoldaşı Natavanla 10 ildir ki, ailə qurduğunu, təxminən 1 ildir ki, həyat yoldaşı ona xəyanət etdiyi üçün aralarında mübahisə olduğunu, mübahisə şiddətləndiyindən həyat yoldaşının 3 aya yaxın olar ki, Türkiyə Respublikasında yaşayan anası Zərniyarın yanına getdiyini, həmin vaxt uşaqların onun himayəsi altında olduğunu, 3 ay keçdikdən sonra həyat yoldaşının geri döndüyünü və uşaqlarının azyaşlı olduğundan anasına verdiyini, həyat yoldaşının anası ilə, uşaqları ilə birlikdə ona məlum olmayan ünvanda kirayə yaşadığını, 28 aprel 2021-ci il tarixdə saat 23 radələrində “Çəmən” marketə evə müəyyən ərzaq almaq üçün getdiyini, həmin zaman həyat yoldaşının marketdə kassanın önündə gördüyünü, içəri girmədiyini, Natəvanı gözlədiyini, çıxdıqdan sonra onun arxasınca getdiyini, Natəvanın Hacıniyyət kəndində yol kənarında yerləşən evə girdiyini, çox keçmədən əlində telefonla danışaraq çölə çıxdığını, bu zaman qarşıdan gələn ağ rəngli xarici maşının Natavana çatan zaman surətini azaltdığını, sonra onu görüb sürərək oradan uzaqlaşdığını, Natavana yaxınlaşaraq kiminlə danışdığını, maşının kim olduğunu və uşaqlarını niyə tək qoyaraq çölə çıxdığını soruşduğunu, Natavana ona “sənə nə var mənim həyatıma qarışırsan, mən səninlə boşanıram” bildirdiyini, bu zaman aralarında mübahisə yarandığını və Natavanın əlində olan mobil telefonunu aldığını, onun da uca səslə qışqırmağa başladığını, səsinə iki şəxs və anası Zərniyarın gəldiyini, anası ona yaxınlaşan zaman əlində gözyaşardıcı spreylə onun üz nahiyyəsinə səpdiyini, gözlərinin yaşardığını, bu zaman əlində olan mobil telefonu almaq istəyəndə Natavanın boğaz nahiyəsindən tutaraq özünü müdafiə etməyə başladığını, onların əlindən çıxaraq uzaqlaşdığını, ekspert rəyində göstərilən zərər çəkmişdə aşkarlanan xəsarətlərin onun tərəfindən törədilmədiyini, 01 may 2021-ci il tarixdən inzibati qaydada tutulduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs ilə 10 il olar ki, ailə həyatı qurduqlarını, təqribən 3 il olar aralarında mübahisələr yarandığını, hətta bir neçə ay bundan əvvəl aralarında olan mübahisə şiddətləndiyindən boşanmaq üçün Naxçıvan Şəhər Məhkməsinə müraciət etdikdən sonra Türkiyədə yaşayan anası Zərniyarın yanına getdiyini, bir müddət qaldıqdan sonra Naxçıvan şəhərinə anası Zərniyarla birlikdə geri döndüklərini, uşaqlarını da yoldaşı Rəfaeldən alaraq anası ilə birlikdə Naxçıvan şəhər Hacıniyyət kəndində kirayədə yaşamağa başladıqlarını, 6 gün olar ki, Mado restoranında xadimə işləməyə başladığını, 28 aprel 2021-ci il tarixdə saat təqribən 23 radələrində işdən evə qayıdarkən Çəmən marketə girərək ev üçün bazarlıq etdiyini, kirayədə yaşadığı Hacıniyyət kəndindəki evin darvaza qapısına çatan zaman bir nəfərin onu arxadan səslədiyini, geri çönərək həyat yoldaşı Rəfaeli gördüyünü, Rəfaelin onunla danışmaq istədiyini bildiridiyini, Rəfaeldən onun buraya necə gəldiyini soruşduğunu, Rəfaelin ona "marketdən çıxan vaxtdan mən sənin arxanca gəlirdim" dediyini, Rəfaelin onun geyiminə narazılıq etdikdən sonra onunla mübahisə etməyə başladığını, Rəfaelin onun boyun hissəsindən tutaraq evin yanında olan çöllük əraziyə apararaq onun üz nahiyyəsindən sillə vuraraq bədəninin müxtəlif yerlərinə təpiklər vurduğunu, əli ilə boynunun arxasından vuraraq yerə yıxdığını, yerə yıxılan zaman başının yerdə olan daş parçasına dəydiyini, həmin vaxt özünün uca səslə qışqırdığını, bu vaxt yoldan keçən tanımadığı 2 nəfərin 1 nəfər qadının və 1 nəfər kişinin onlara yaxınlaşaraq onları ayırmaq istədiklərini, səslərinə anasının gəldiyini, anasının uca səslə Rəfaelə "qızımı öldürmək istəyirsən" dediyini, Rəfaelin anasını itələyərək yanlarından uzaqlaşdığını, sonra anasının təcili yardıma zəng edərək onu xəstəxanaya apardığını, səhərə qədər xəstəxanada qaldığını, onu tənəffüs aparatına qoşduqlarını, Rəfaeli bağışlamadığını, ona inzibati həbs təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X1 10 ildir ki, Rafaellə ailə həyatı qurduqlarını, ailə həyatı qurduqdan sonra aralarında mütəmadi olaraq münaqişə olduğunu, hətta bir neçə ay bundan əvvəl aralarında olan mübahisə şiddətləndiyindən qızı Natavanın Türkiyə Respublikasına onun yanına gəldiyini, Türkiyədə bir müddət qaldıqdan sonra qızı ilə birlikdə Naxçıvana gəldiklərini, uşaqları Rafaeldən alaraq Naxçıvan şəhəri Hacıniyyət kəndində kirayə yaşamağa başladıqlarını, onların kirayə yaşadıqları yeri kürəkəni Rafaelin bilmədiyini, qızı Natavanın 6 gün olar ki, Mado restoranında xadimə işləməyə başladığını, 28 aprel 2021-ci il tarixdə saat 23 radələrində kirayə yaşadıqları evin həyətində oturduğunu, birdən küçədən qışqırıq səsləri gəldiyini eşidərək çölə çıxdığını, həmin vaxt tanımadığı iki nəfər şəxsin bir qadın və bir kişinin səs gələn tərəfə getdiklərini gördüyünü, özünün də onların arxasınca getdiyini, bu vaxt evin yaxınlığındakı çöllük ərazidə kürəkəni Rafaelin qızı Natavanı yerə yıxaraq üz və baş nahiyəsinə vurduğunu gördüyünü, kömək məqsədilə əlindəki kolonyanı Rəfaelin üz nahiyəsinə səpdiyini, rafaelin gözləri yaşardığı üçün qaçaraq həmin yerdən uzaqlaşdığını bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli 18 saylı canlı şəxsin müayinə aktında Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərin çənəaltı nahiyədəki, sağ bazudakı, sağ dirsək büküşü, sağ said, sol bazu, sağ bud və sağ kürək nahiyyəsindəki qançırların küt əşyanın təsirindən törəndiyi, müddətinin vətəndaşın dediyi tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş X12 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş 480 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli 179 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 4 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs üç azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş 01 may 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 01 may 2021-ci il tarixdə saat 09:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş digər sənədlərlə və canlı şəxsin müayinə aktı ilə təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməməsi, əlində olan mobil telefonu almaq istəyəndə Natavanın boğaz nahiyəsindən tutaraq özünü müdafiə etməyə başlaması, zərər çəkmişə ekspert rəyində göstərilən xəsarətlərin onun tərəfindən törədilməməsi ilə bağlı qeyd etdiklərini özünü müdafiə məqsədi ilə bildirdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üç azyaşlı övladının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 gündən az inzibati həbs təyin edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində 20 gün müddətində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 01 may 2021-ci il tarixdən, saat 09:50-dən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar