Məhkəmə qərarları › İş №3(078)-62/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-62/2021

01.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-62/2021 01.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Şərur rayonu Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, müvəqqəti işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmayan, Şərur rayonu Dəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 30.04.2021-ci il tarixdə Babək rayonu Sirab kəndindən qeydiyyatda olan və yaşayan Zeynalov X2 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, işlədiyi Naxçıvan şəhəri 20-ci məhəllə, döngə 5 ünvanında işlədiyi mebel təmir sexində əvvəldən müştərisi olmuş Müzəffər və onun qardaşı gələrək ona qarşı nalayiq söyüşlər söymüş və iki qardaş onu döyərək xəsarət yetirmişlər. Zərərçəkmiş şəxs qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin poli sahə inspektoru polis leytenantı X3 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 01 may 2021-ci il tarixdə 009862 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilərək izahatında 29 aprel 2021-ci il tarixdə saat 12:20-də qardaşı ilə birlikdə Naxçıvan şəhərinə gəldiyini, onunla xəstəxanaya girib yoxlanışdan çıxdıqdan sonra ona borcu 5 ay gecikdirən Şahlar ustanın yanına getdiyini, pulunu almaq üçün getdiklərini, ustanın bu səfərdə də pulu verə bilməyəcəyini dediyini, biraz mübahisədən sonra aralarında istənməyən mübahisə yarandığını, qardaşı Mətinin mübahisəyə son vermək məqsədilə onları ayırdığını, ayrıldıqdan sonra ustanın nalayiq ifadə işlədiyini, dözməyib ona bir sillə vurduğunu, oradan ayrıldıqlarını, mübahisənin yaranma səbəbinin ustanın ona 1190 manat borcu olduğunu, 5 ay müddətində cəmi 560 manat qaytardığını, qalan pulu vermədiyini, oraya getməkdə məqsədinin həmin pulu almaq olduğunu, əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında 29 aprel 2021-ci il tarixdə saat 13 radələrində sexdə işlədiyi zaman Müzəffər adlı müştərinin gəldiyini, ona qarşı söyüşlər işlədərək malının hazır olub-olmadığını soruşduğunu, malın hazır olmadığını bildirdikdən sonra hücum çəkib onla əlbəyaxa olduğunu, həmin vaxt qardaşının onu arxadan baş nahiyəsindən vuraraq yerə yıxdığını, başından təpikləməyə başladıqlarını, ayağından, əlindən zərbələr vuraraq sağlamlığına zərər vurduqlarını, qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən 30.04.2021-ci il tarixli 17 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər başın təpə nahiyyəsindəki yara, sol gizgah nahiyyəsindəki qançır, sol qaşın küncündəki sıyrıq, sağ əlin İİİ barmağındakı göyərmə, sol diz oynağının ön səthindəki sıyrıq küt əşyanın təsirindən törətmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş 315 nömrəli arayışın surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “Praktik sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiəsi Nazirliyi Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 01 may 2021-ci il tarixli 05/80 nömrəli arayışdan görünür ki, Zamanov X4 rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir təqaüd və ya sosial müavinət almır. İş materiallarına əlavə olunmuş 01 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 01 may 2021-ci il tarixdə saat 09:55-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokola, canlı şəxsin müayinə aktı və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar