Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-63/2022 10.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, 17 avqust 1995-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, iki uşaq atası, orta təhsilli, günəmuzd fəhlə işləyən, deməsinə görə Naxçıvan MR Hərbi Məhkəməsinin 21 fevral 2022ci il tarixli, 1-1(092)-05/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29-177.2.2-ci maddələri ilə bir il on ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası almış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs 24 may 2022-ci il tarixdə X2 evindən oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, hal-hazırda daimi işi olmasa, günəmuzd fəhlə işlədiyini, X3 əvvəlcədən tanıdığını, onunla eyni məhəllədə yaşadıqlarını, 2021-ci ilin sentyabr ayından Ş.Tağıyevanın yaşadığı ünvan 2 ünvanında yerləşən evə daxil olub oradan oğurluq etdiyini, Ş.Tağıyeva ilə aralarında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, əvvəllər məhkum olunduğunu, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 1-1(092)-05/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 29-177.2.2-ci maddələri ilə bir il on ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası aldığını və 16 mart 2022-ci il tarixdə həmin hökmün icra edilməsi üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə edildiyini, buna görə də, İcra və Probasiya Şöbəsinin əməkdaşlarının ona nəzarət olunması üçün onun ayağına qolbaq taxdıqlarını, ondan sonra onun azadlığının məhdudlaşdırıldığını, 24 may 2022-ci il tarixdə səhər saatlarında evdə olduğunu, işə getməyə hazırlaşdığını, ancaq yağış yağdığı üçün işə getmədiyini, günortadan sonra şəhərə çıxdığını, şəhərdə olanda Sizin marketə gedib oradan 3 ədəd Naxçıvan pivəsi aldığını və oradan çıxıb piyada Böyük bağ adlanan yerə getdiyini, Böyük bağda skamyada oturub həmin 3 ədəd Naxçıvan pivəsini içdiyini, ondan sonra bağdan çıxıb İran məscidinin yanı ilə məhləyə doğru getməyə başladığını, qabaqda döngədən sağa dönüb gedəndə Şərqi Tağıyevanın yaşadığı evin küçə qapısının bağlı olduğunu gördüyünü, evdə heç kimin olmadığını düşündüyünü, ona görə evin içinə girib oğurluq etdiyini, küçədə ətrafa baxdığını və heç kimin olmadığını gördüyünü, sonra həmin evin küçə qapısının divarına dırmanıb evin həyətinə düşdüyünü, sonra evin pəncərəsinə gözünün sataşdığını, həmin plastik pəncərəni sıxıb güc edib açdığını, sonra pəncərədən içəri daxil olduğunu, pəncərədən daxil olduğu otağı axtardığını, ancaq heç nə tapa bilmədiyini, sonra salona keçdiyini, ancaq salonu axtarmadığını, salonun sonunda qapı olduğunu, o qapıya yaxınlaşdığını, ancaq qapının bağlı olduğunu, qapını bir neçə dəfə açmaq üçün itələdiyini, ancaq qapının şüşəsinin qırıldığını, sonra şüşə qırılan yerdən əlini salıb qapını açdığını və yataq otağına daxil olduğunu, yataq otağında paltar şkafını və güzgülü tirmonu axtardığını, ancaq pul tapa bilmədiyini və evdən çıxmaq istədiyini, yataq otağından çıxanda “şüşə qırıntıları ortada qalmasın, izi itirim” deyə düşündüyünü, ona görə də, yataq otağında olan bir ədəd qara rəngli qadın çantasını götürdüyünü, yataq otağı qapısının qırılmış və döşəməyə tökülmüş şüşə hissələrini həmin qara rəngli çantaya yığdığını və evə daxil olduğu pəncərədən çıxdığını, həmin vaxt başının üstündə evə quraşdırılan kameranı gördüyünü, əlini atıb həmin kameranı qopartdığını, kameranı və kabelləri qara çantanın içərisinə qoyduğunu, sonra da divardan aşıb küçəyə düşdüyünü və bağa doğru getməyə başladığını, İran məscidinin yanından keçəndə içərisində şüşə qırıntıları və kamera olan qara rəngli çantanı zibil qutusuna atdığını, sonra bağa getdiyini, bir qədər bağda oturduqdan sonra telefonuna zəng gəldiyini, telefonu açdığını və danışanın polis əməkdaşı olduğunu, polis əməkdaşının ondan harada olduğunu soruşduğunu, polis əməkdaşına “bağda oturmuşam” dediyini, onun da ona “İran məscidinin yanına gəl” dediyini, İran məscidinin yanına gəldiyini, polis əməkdaşının ondan “Şərqi Tağıyevanın evinə siz girmisiniz” deyə soruşduğunu, “həmin evə mən girmişəm, evdən bir ədəd qara çanta götürmüşəm, evdən çıxarkən qırılmış şüşə hissələrini və evin girişinə quraşdırılan kameranı həmin çantaya qoyub evdən çıxmışam, lakin evdən başqa heç bir qiymətli əşya, qızıl və pul götürməmişəm” deyə etiraf etdiyini, polis əməkdaşının ondan həmin qara çantanı hara atmağını soruşduğunu, polis əməkdaşına qara çantanı İran məscidinin yanındakı zibil qutusuna atdığını dediyini, sonra polis əməkdaşları ilə həmin zibil qutusu olan yerə, İran məscidinin yanına getdiklərini, həmin yerə 2 nəfər hal şahidinin dəvət olunduğunu və həmin hal şahidi ilə aralarında olan münasibətin yoxlanıldığını, hal şahidlərini tanımadığını dediyini, sonra hal şahidlərinin iştirakı ilə həmin zibil qutusuna baxış keçirildiyini, həmin zibil qutusundan qara çanta aşkar olunduğunu, çantanın içərisindən şüşə qırıntıları və kamera aşkar edildiyini, sonra həmin əşyaların götürülərək qablaşdırıldığını, sonra onu Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsinə dəvət etdiklərini, etdiyi oğurluğu etiraf etdiyini və izahat verdiyini, izahat verərkən də polis əməkdaşlarına İcra və Probasiya Şöbəsi tərəfindən nəzarətdə olduğunu və sol ayağında qolbaq olduğunu dediyini, sonra da polis əməkdaşlarının onu evə buraxdıqlarını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahat verən X6, 24 may 2022-ci il tarixdə zərərçəkmiş şəxsin şəhərdə olan zaman qonşusu Səlbi xanımın ona zəng edib “sizin evin divarının üzərində bir nəfər şəxs gördüm” dediyini, Səlbidən həmin şəxsin kim olduğunu soruşduğunu, onun da ona “üzü saqqallı bir kişi idi, tez evə gəl” dediyini, təcili evə gəldiyini, evin küçə qapısının qıfılını açıb həyətə daxil olduğunu, həyətə daxil olan zaman evin uşaq otağının plastik pəncərəsinin açıq olduğunu gördüyünü, dərhal evə quraşdırdığı müşahidə kamerasına baxdığını və kameranın göz hissəsi ilə kabellərinin qırıldığını və yerində olmadığını gördüyünü, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun şəxsi mülkiyyətində olduğunu, həmin evin bir salon, bir mətbəx, bir yataq otağı və bir uşaq otağından ibarət olduğunu, evin qapısını açıb içəri daxil olduqda evin axtarıldığını gördüyünü, evdə oğurluq olduğundan şübhələnib yataq otağına keçmək istədikdə yataq otağının qapısının şüşəsinin qırılıb yerə töküldüyünü gördüyünü, Şəxs 2021-ci ilin sentyabr ayında evdən oğurluq etdikdən sonra həmişə evdən çıxarkən yataq otağının qapısını açar ilə bağladığını, yataq otağına keçmək istədikdə qapının bağlı olduğunu gördüyünü, yataq otağının qapısını açar ilə açıb içəri keçəndə şüşə qırıntılarının yataq otağında da yerə töküldüyünü gördüyünü, yataq otağında paltar şkafı və güzgülü tirmonun axtarıldığını, evdə oğurluq olduğundan şübhələndiyi üçün güzgülü tirmonun birinci çəkməcəsinə baxdığını, qızıllarının yerində olduğunu gördüyünü, sonra paltar şkafına baxdığını, paltar şkafı axtarılsa da şkafdan heç nə götürülmədiyini, sonra paltar şkafının sol aşağı hissəsində olan bir ədəd qara rəngli dəri materiallı, “coton” markalı əl çantasının yerində olmadığını gördüyünü, sonra salona və digər otaqlara baxdığını və həmin otaqlardan heç nə oğurlanmadığını gördüyünü, həmin vaxt qonşusu Səlbi xanımın da evə gəldiyini, ondan gördüyü şəxsin kim olduğunu soruşduğunu, Səlbinin ona həmin şəxsi tanıdığını və onun keçən dəfə onun evə girən Şəxs olduğunu dediyini, bu barədə polisə zəng edib məlumat verdiyini, sonra evə polis əməkdaşlarının gəldiklərini, hal şahidləri dəvət edib onların iştirakları ilə polis əməkdaşlarının evə baxış keçirtdiklərini, baxış zamanı evdən əl barmaq izləri və yataq otağı qapısının şüşəsinin qırılmış hissələrini götürdüklərini, sonra polis əməkdaşlarına video-kamera vasitəsi ilə görüntülərin qeyde alındığını bildirdiyini, polis əməkdaşının video-kameranı işə salıb baxış keçirtdiyini, videokameraya baxış zamanı Şəxs evə girməyinin, evə uşaq otağının pəncərəsini açmaqla daxil olmağının müəyyən olunduğunu, polis əməkdaşları tərəfindən videokameranın qeydə aldığı görüntülərin bir ədəd DVD-yə köçürülərək götürüldüyünü, evə baxış zamanı protokol tərtib olunduğunu və hal şahidləri ilə birlikdə həmin protokolun imzalandığını, bir dəfə Şəxs bağışladığını, lakin onun yenidən oğurluq etdiyindən onu bağışlamadığın, ona vurulmuş ziyanı aradan qaldırmadığını, onun qanuni şəkildə cəzalanmasını istədiyini bildirdi. İş materiallarına əlavə olunmuş: 10 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 10 iyun 2022-ci il tarixdə, saat 11:45-də tutulmuşdur. 09 iyun 2022-ci il tarixli qərara əsasən, Şəxs barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 136 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. - bir ədəd 42x34sm ölçülü, Türkiyə istehsalı olan, “Koton’ markalı, qadın əl çantası - 6,00 (altı) manat - bir ədəd Hikvision markalı, DS-2CE76DOT-İTPF model, Çin istehsalı olan Color kamera və kabeli- 20,00 (iyirmi) manat - bir ədəd 4 mm-lik ay formalı 160x30 sm2 ölçüdə olan buzşəkilli şüşə- 9.00 (doqquz) manat. Naxçıvan Şəhər Təcili X8 24 may 2022-ci il tarixli, 775 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında, Şəxs 0,86 promil sərxoş olduğu göstərilmişdir. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 24 may 2022-ci il tarixdə X2 evindən oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 10 iyun 2022-ci il tarixdən, saat 11:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli 10 iyun 2022-ci il tarixdən, saat 11:45-dən hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-63/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-63/2022
10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver