Məhkəmə qərarları › İş №3(078)-65/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-65/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-65/2022 17.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, 14 avqust 1992-ci il tarixdə Şərur rayonu, Arpaçay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, bir uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonu, Arpaçay kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Şəxs 17 iyun 2022-ci il tarixdə, saat 09:30 radələrində Xətai məhəlləsində X3 arxasında narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğu üçün Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuş, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan bir ədəd kağız bükümdə ümumi çəkisi 1.00 qram olan ağ rəngli kristal formada metamfetamin psixotrop maddəsinə bənzər kütlə aşkar olunaraq götürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, səhhətində yaranmış problemlə əlaqədar Naxçıvan şəhər X4 gəldiyini, həkimin qəbuluna yazılaraq gözləmək üçün xəstəxananın arxa hissəsinə keçdiyini, daha sonra iki nəfər polis əməkdaşının ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək üzərində narkotik vasitə olduğuna dair şübhələrini olduğunu bildirib onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, bunu qəbul etdiyini və onlarla birgə Naxçıvan Şəhər Polis İdarəsinə gəldiklərini, idarədə iki nəfər tanımadığı şəxsin şəxsi axtarış və üzərində olan şeylərin yoxlanılması zamanı iştirak edəcəklərini bildirdiklərini, polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə ondan üzərində olan şeylərin axtarılmasını və üzərində narkotik vasitə olub-olmamasını soruşduqlarını, əynində olan qara rəngli idman şalvarının arxa cibindən ağ rəngli kağıza bükülmüş vəziyyətdə olan şüşə adlanan narkotik vasitəni çıxarıb onlara təqdim etdiyini, həmin narkotik vasitənin onun və hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkildiyini, çəkisinin 1.00 qram olduğunu, həmin bükümün onun və hal şahidlərinin iştirakı ilə kağız zərfdə qablaşdırıldığını, imzalanıb möhürləndiyini, peşman olmasını, bir daha bu hallara yol verməyəcəyinin nəzərə alınmaqla, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmədə izahat verən hal şahidi X10, Şəxs əvvəlcədən tanımadığını, onunla aralarında ədavət, düşmənçilik və qohumluq münasibətlərinin olmadığını, 17 iyun 2022-ci il tarixdə Naxçıvan şəhərində Saat meydanı tərəfdə marşrut gözləyərkən bir nəfər şəxsin ona yaxınlaşaraq “Naxçıvan Şəhər Polis İdarəsində narkotik vasitə, psixotrop maddə istifadə edilməsində şübhəli bilinən bir şəxs var” dediyini, ondan həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman hal şahidi olaraq iştirak etməyini xahiş etdiyini, razılaşaraq Polis İdarəsinə getdiklərini, Şəxs ilə aralarında olan münasibətin yoxlanıldığını, onunla aralarında ədavət, düşmənçilik və qohumluq münasibətlərinin olmadığının müəyyən edildiyini, sonra Abbasa üzərində olan əşyaları təqdim etməsini bildirdiklərini, onun əynində olan qara rəngli idman şalvarının arxa cibindən pul qabını çıxartdığını, həmin pul qabının içərisindən bükülü vəziyyətdə sellofonu uzadaraq içərisində psixotrop maddə olduğunu dediyini, bükümü açdıqlarını, içində kristal formada ağ rəngli maddə olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, kağız zərfdə qablaşdırıldığını, imzalanıb möhürləndiyini bildirdi. Məhkəmədə izahat verən hal şahidi X6, Şəxs əvvəlcədən tanımadığını, onunla aralarında ədavət, düşmənçilik və qohumluq münasibətlərinin olmadığını, 17 iyun 2022-ci il tarixdə Naxçıvan şəhərində Saat meydanı tərəfdə marşrut gözləyərkən bir nəfər şəxsin ona yaxınlaşaraq “Naxçıvan Şəhər Polis İdarəsində narkotik vasitə, psixotrop maddə istifadə edilməsində şübhəli bilinən bir şəxs var” dediyini, ondan həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman hal şahidi olaraq iştirak etməyini xahiş etdiyini, razılaşaraq Polis İdarəsinə getdiklərini, Şəxs ilə aralarında olan münasibətin yoxlanıldığını, onunla aralarında ədavət, düşmənçilik və qohumluq münasibətlərinin olmadığının müəyyən edildiyini, sonra Abbasa üzərində olan əşyaları təqdim etməsini bildirdiklərini, onun əynində olan qara rəngli idman şalvarının arxa cibindən pul qabını çıxartdığını, həmin pul qabının içərisindən bükülü vəziyyətdə sellofonu uzadaraq içərisində psixotrop maddə olduğunu dediyini, bükümü açdıqlarını, içində kristal formada ağ rəngli maddə olduğunu, həmin bükümün elektron tərəzidə çəkildiyini, kağız zərfdə qablaşdırıldığını, imzalanıb möhürləndiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022ci il tarixli, 162 nömrəli ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş üzərində "17 iyun 2022-ci il tarixdə Şərur rayonu, Arpaçay kənd sakini Şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd kağız zərfin içərisindəki bükümlə birlikdə ümumi çəkisi -1.00 qram, təmiz çəkisi -0.112 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (1 siyahı; İİ bənd; sıra №27) daxil olan - metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi- 0.112 qram, tədqiqata sərf edildi – 0.03 qram, qalıq 0.082 qram. 17 iyun 2022-ci il tarixli akta əsasən, 0.082 qram metamfetamin psixatrop maddəsi Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanması üçün təhvil verilmişdir. Naxçıvan MR-in Səhiyyə Nazirliyi Y.Budaqov adına X5 tərəfindən 17 iyun 2022-ci il tarixdə verilmiş 379 nömrəli arayışa əsasən, Şəxs 17 iyun 2022-ci il tarixdə, saat 12:05-də Y.Budaqov adına Naxçıvan MR-in X2 sidik narko-test vasitəsilə müayinə olundu. Nəticə mənfi aşkar olundu. Hazırda heç bir abstinensiya əlaməti olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şərur rayon Mərkəzi Xəstəxanası tərəfindən 17 iyun 2022-ci il tarixdə verilmiş arayışa əsasən, Şəxs həmin tarixdə tibbi müayinədən keçirmiş və onda praktik sağlam diaqnozu müəyyən olunmuşdur. 17 iyun 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 17 iyun 2022-ci il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə inzibati xəta törədən şəxsin səmimi peşmançılığını, himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirici hallar kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə, iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsini necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ümumi təmiz çəkisi 0.082 qram olan metamfetamin psixotrop maddəsi müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. Həbsin müddəti 17 iyun 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin.

4. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ümumi təmiz çəkisi 0.082 qram olan metamfetamin psixotrop maddəsi müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.

5. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin.

6. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar