Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-67/2022 21.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən tərtib olunmuş Şəxs Məməli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdi: Şəxs Məməli oğlu barəsində 23 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol digər sənədlərlə birlikdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Abbasov X1 şəhəri, Əlincə məhəlləsi, ev 20, mənzil 3 ünvanında qeydiyyatda olduğundan Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli, 3(060)-1354/2022 nömrəli qərardadı ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də işin icraatını rədd edən halların mövcud olub-olmamasıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Məməli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsindən isə məlum olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -törədilmiş əməl yol hərəkəti qaydaları əleyhinə, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta olmalı; -həmin xətanın törədilməsinə görə şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, 23 fevral 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən Şəxs Məməli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və onun barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən olunur. Digər şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138-ci maddəsində, inzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi qaydaları tənzimlənir. Həmin Məcəllənin 138.1 və 138.1.1-ci maddələrinin tələbinə görə, əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi sənədin rəsmi qaydada verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsi ilə tənzimlənir. Həmin maddədən məlum olur ki, inzibati xəta haqqında iş üzrə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən ünvan sahibinə şəxsən verildiyi vaxtdan; sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verildiyi hallarda; ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan, Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan, nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda), “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) və Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) rəsmi qaydada verilmiş hesab olunur. Bu normaları hazırki iş materialları ilə əlaqələndirərək məhkəmə qeyd edir ki, Şəxs Məməli oğlunun barəsində 23 fevral 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilsə də, bu qərarın ona təqdim edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməyib. Bu isə özlüyündə qeyd edilən qərarın qanuni qüvvəyə minmə vaxtını müəyyən etməyə imkan vermir. Bundan əlavə, Şəxs Məməli oğlunun barəsində olan 23 fevral 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddəti ən tez halda (yəni qərarın qəbul edildiyi gündən sonra 20 gün şikayət vermə müddəti) 15 mart 2022-ci il tarixdə bitmə ehtimalını nəzərə alsaq, qeyd edilən qərar həmin tarixdə qanuni qüvvəyə minə bilər. Yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş 3 aylıq müddət ən tez halda bu tarixdən başlaya bilər. Bu isə o deməkdir ki, Şəxs Məməli oğlunun yuxarıda qeyd edilən inzibati tənbeh haqqında qərarı ən tez halda 15 iyun 2022-ci il tarixədək icra etmədikdə, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yarana bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 tərəfindən Şəxs Məməli oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi təqsirləndirilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol isə 23 may 2022-ci il tarixdə tərtib olunmuşdur. Yəni iş materialları ilə sübuta yetirilir ki, protokolun tərtib edildiyi vaxt Şəxs Məməli oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yarana bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş 23 may 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni ödəmişdir. Həmin Məcəllənin 109.2-ci maddəsinin məzmununa əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 23 may 2022-ci il tarixli, İXP ******* nömrəli protokolu ilə Şəxs Məməli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 49, 115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 23 may 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Şəxs Məməli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə, şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-67/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-67/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver