Məhkəmə qərarları › İş №3(078)-71/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-71/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-71/2022 13.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, Gəmiqaya daş məhsullarında fəhlə işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 09:45 radələrində “Araz” şadlıq sarayı yaxınlığında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmiş, bununla ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yaxın qohumlarının evində qaldığı üçün 13 iyul 2022-ci il tarixdə, saat 09:45 radələrində qaldığı evdən çıxaraq daş məhsullarına işə getdiyini, həmin vaxt iş yoldaşına zəng etdiyini, “işə gedəndə məni də yoldan götür” dediyini, iş yoldaşının ona Araz restoranı yaxınlığında olmağını və onu oradan götürəcəyini bildirdiyini, bir az keçəndən sonra həmin deyilən yerə çataraq iş yoldaşına zəng etdiyini, “mən burdayam” dediyini, iş yoldaşının “maşınım yolda xarab oldu, sən başqa maşınla get” dediyini, işə yubandığı üçün əsəbləşib iş yoldaşına uca səslə telefonda nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etdiyinə görə ərazidə xidmət aparan polis əməkdaşının ona yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, polis işçisinin qanuni tələbinə tabe olduğunu və ona etdiyi hərəkətin xırda xuliqanlıq olduğunu izah etdikdən sonra onu 1 nömrəli Polis Bölməsinə apardıqlarını, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, 13 iyul 2022-ci il tarixdə, saat 09:40 radələrində “Araz” şadlıq sarayı yaxınlığında lotereya satan zaman bir nəfər şəxsin uca səslə telefonla danışaraq nalayiq ifadələr işlətdiyini gördüyünü, bir az keçəndən sonra polis əməkdaşının ona yaxınlaşıb nizam-intizama dəvət etdiyini, sonra onu Polis Bölməsinə apardıqlarını bildirdi. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən 13 iyul 2022-ci il tarixdə verilmiş 483 nömrəli arayışa əsasən, Əliyev X2 Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 13 iyul 2022-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. 13 iyul 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 13 iyul 2022-ci il tarixdə, saat 09:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 13 iyul 2022-ci il tarixdən, saat 09:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 13 iyul 2022-ci il tarixdən, saat 09:50-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar