Məhkəmə qərarları › İş №3(078)-75/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-75/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-75/2022 26.07.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, bir uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan vətəndaş Şəxs 25 iyul 2022-ci il tarixdə, saat 10 radələrində X2 aldadaraq oğlunu işə düzəltmək adı ilə ondan 200 (iki yüz) manat pul almışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi inzibati xəta əməlini etiraf edərək, 25 iyul 2022-ci il tarixdə, saat 10 radələrində evdən çıxaraq yataşın binası istiqamətində getdiyini, yataşın binasının qarşısında oranın nəzarətçisi Əli əmi ilə görüşdüyünü və ondan niyə bikef olduğunu soruşduğunu, Əli əminin “oğlum hərbi xidmətdən gəldiyi vaxtdan işləmir, ona iş axtarıram, tapa bilmirəm” dediyini, Əli əmiyə “mənim yaxın tanışımın müəssisəsi var, ora mühafizəçi axtarırlar, maraqlanıb sənə bir saata xəbər edərəm” deyib oradan uzaqlaşdığını, təqribən bir saat keçdikdən sonra Əli əminin işlədiyi binanın yanına gəldiyini və Əli əmiyə “oğlunun işini danışmışam, düzələcək, amma 200 (iki yüz) manat pul istəyirlər” dediyini, Əli əminin onunla razılaşdığını və 200 (iki yüz) manat pulu ona verdiyini, ona “axşama qədər sizə xəbər edəcəm” deyərək oradan uzaqlaşdığını, axşama yaxın Əli əminin ona zəng etdiyini gördüyünü və mobil telefonunu bağladığını, Əli əmidən aldığı 200 (iki yüz) manat pulu başqa yerə borcu olduğu üçün ora aparıb verdiyini, 26 iyul 2022-ci il tarixdə, saat 10 radələrində mikrorayon ərazisində polis əməkdaşlarının yaxınlaşaraq barəsində şikayət olduğunu ona bildirərək Polis Bölməsinə apardıqlarını, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X3, 25 iyul 2022-ci il tarixdə, saat 10 radələrində işlədiyi binanın önündə oturduğunu, həmin vaxt ərazidə yaşayan Həsən adlı şəxsin ona yaxınlaşaraq niyə bikef olduğunu soruşduğunu, Həsənə “oğlum hərbi xidmətini başa vurub, onu hər hansı bir işə düzəldə bilmirəm” dediyini, Həsənin isə ona “kefini pozma, bir müəssisədə mühafizə işi var, mən danışım oğlunuzu həmin yerə işə düzəldək” dediyini, Həsənlə razılaşdığını və ona “tez vaxtda mənə xəbər edərsən” dediyini, təqribən bir saat keçdikdən sonra Həsənin onun işlədiyi binanın yanına gələrək ona “mühafizə işini danışmışam, amma 200 (iki yüz) manat pul istəyirlər” dediyini, Həsənlə razılaşdığını və istədiyi 200 manat pulu verdiyini, Həsən isə ona “axşama qədər oğlunun işini həll edəcəm” deyib getdiyini, axşam tərəfi Həsənə bir neçə dəfə zəng etdiyini və onun mobil nömrəsinə zəng çatmadığını, Həsənin yaşadığı binaya getdiyini, qonşulardan Həsəni soruşduğunu və ona “Həsənin pul borcu çox olduğu üçün bir neçə vaxt olar ki, buralara gəlmir” dediklərini, axsam olduğu üçün evə getdiyini, 26 iyul 2022-ci il tarixdə yenidən Həsənə zəng etdiyini və telefonunun bağlı olduğunu görüb bu barədə yaxınlıqdakı Polis Bölməsinə müraciət etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş 26 iyul 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 26 iyul 2022-ci il tarixdə, saat 10:45-də tutulmuşdur. İş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 25 iyul 2022-ci il tarixdə, saat 10 radələrində X2 aldadaraq oğlunu işə düzəltmək adı ilə ondan 200 (iki yüz) manat pul almışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 26 iyul 2022-ci il tarixdən, saat 10:45-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə, üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbeh tədbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.İnzibati həbsin əvvəli 26 iyul 2022-ci il tarixdən, saat 10:45-dən hesablansın. 3.Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. 4.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar