Məhkəmə qərarları › İş №3(078)-82/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-82/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-82/2025 11.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1982-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: 11 fevral 2025-ci ildə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin 8i-1255 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 285000/2021 nömrəli məktub və ona əlavə edilmiş sənədlərlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokola görə borclu Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1103/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin 8i-1255 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə, əsasən, icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələri vaxtında və tam aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə Şəxs işləmədiyi və maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Lakin hazırda borcunun çox hissəsini ödəyib. Bu illər ərzində vaxtlı-vaxtında ödəməyə çalışıb. Dünən 1500 manat borc aliment öhdəliyindən icra edib, 278 manat isə bank kartını ödəyibdir. Borclarını ödəmək üçün əlindən gələni edir. Taksi fəaliyyəti ilə məşğul olur, işləri zəif olduğundan tam ödəniş apara bilməmişdir. Ancaq bütün borclarını tezliklə ödəyəcəkdir. 2000 manat alacağı vardır, iki həftə ərzində pulunu alacaq. 3 aydır ki, ödəniş apara bilmirdi. Ondan əvvəl alimentini vaxtında ödəyibdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında bildirmişdir ki, borclu haqqında 5400 manat borcu olduğunu, İXM-nin 528.1-ci maddə ilə təqsirli bilinərək 9 gün həbs edildiyini, borcunun çox olduğunu, alimenti neçə aydır ki, ödəmədiyini, 3 uşağı olduğunu, 3 aydır ki, aliment ödəmədiyini qeyd etmişdir. Qərar qəbul edilərkən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 saylı qətnaməsi ilə 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 23 yanvar 2008-ci il tarixdə anadan olmuş X1, 05 fevral 2009-cu il tarixdə anadan olmuş X4 və 11 mart 2015-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay 1 uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə isə üç uşaq üçün 330 (üç yüz otuz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq, uşaqların anası X3 ödənilməsi, müvəqqəti aliment tutulması barədə qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi, yəni 24 noyabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınması, Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(078)-884/2021 nömrəli müvəqqəti aliment tutulması barədə qərardadı ilə müəyyən edilmiş müvəqqəti alimentin tutulması ləğv edilməsi qət edilmiş və icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1103/2022 saylı qətnaməsi ilə X5 ilə Şəxs birgə nikah dövründə X2 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürmüş olduqları kreditə görə Naxçıvan Şəhər Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 2(078)- 949/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş 5532.62 (beş min beş yüz otuz iki manat altmış iki qəpik) manat pulun yarısı- 2766.31 (iki min yeddi yüz altmış altı manat otuz bir qəpik) manat məbləğində pul Şəxs alınaraq X3 qaytarılması qət edilmiş və icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər 2 saylı Notariat Ofisinin 8i-1255 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə Şəxs 25 manat dövlət rüsumu olmaqla 1032.03 manat məbləğində pul tutulması qeyd edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(078)-413/2023 saylı qətnaməsi ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 9 gün həbs edilmişdir. xx.xx.2025-ci il tarixdə X8 ərizə ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs 3130 manat borcu olduğunu qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə X8 ərizə ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-884/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs 1500 manat borcu ödəyərək 1266.31 mant borcu qaldığını qeyd etmişdir. Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam və vaxtında icra etməməsi borclunun mülkiyyətində borcun icrasına yönəldə biləcəyi əmlakının və gəlirinin olmaması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən Şəxs məlumatları üzrə çıxarışdan pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı icra işində olan ödəniş qəbzlərindən, borclunun və icra məmurunun məhkəməyə verdiyi izahatlarından borclu tərəfindən tələbkara hər ay ödənişlər edildiyi, borclunun hərəkətsiz qalmadığı müəyyən olunmuşdur. 10 fevral 2025-ci il tarixdə borclunun 1500 manat aliment öhdəliyi və 270 manat bank öhdəliyi üzrə ümumilikdə 1770 manat borcunu ödəməsi borclu və icra məmuru tərəfindən təsdiq edilmişdir. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. İş materiallarına əlavə edilmiş qəbzlərdən və borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatlarından görünür ki, Şəxs tərəfindən aylıq ödənişlər həyata keçirilmişdir. Protokol tərtib edilən gündən əvvəl isə borcun təxminən yarı hissəsi birdəfəlik ödənilmişdir. Bütün bunlara baxmayaraq icra məmuru tərəfindən onun inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin araşdırılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin qərəzli olaraq icra edilməməsi halı aşkar edilməmiş, onun tərəfindən aylıq ödənişlər ödənildiyi müəyyən edilmiş, onun tələbin yönəldilə biləcəyi əmlakı və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar