Məhkəmə qərarları › İş №3(078)-83/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-83/2021

19.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-83/2021 19.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi-Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Şahbuz rayonu Yuxarı Remeşin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, müvəqqəti işsiz, evli, bir uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 18 iyun 2021-ci il tarixdə Şahbuz rayon Güney Qışlaq kənd sakini Zərərçəkmiş şəxs1 Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 17 iyun 2021-ci il tarixdə qızı Aysunun kirayə yaşadığı yerdən çıxıb Qoşqar adlı oğlanla başqa bir yerə köçdüyünü öyrənmiş, oğlu Hüseynlə birlikdə qızını geri qaytarmaq üçün köçdüyü İstiqlal 106 ünvanına gedən zaman Qoşqar adlı oğlan maşını üstlərinə sürmüş, sonra maşından düşüb onu və oğlunu döyərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin baş polis sahə inspektoru X8 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 19 iyun 2021-ci il tarixdə 009882 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında 17 iyun 2021-ci il tarixdə Aysun Məmmədovla ərzaq almağa gedərkən birdən binanın qabağında üstünə hücum çəkdiklərini, maşını sürərək tez oradan uzaqlaşdıqlarını, bir müddət sonra Aysun Məmmədovanın atası və qardaşının ona zəng vurub nalayiq söyüşlərlə söyməyə başladıqlarını, Aysunla geri qayıtdığını, aşağı düşəndə atası nalayiq söyüş söyərək üstünə hücum etdiyini, özündən asılı olmayaraq bir anlığa onu vurduğunu, qardaşının sinəsindən yapışıb itələdiyini, qardaşının əlində daş olduğunu, söyüş söyməklərini dayandırmadıqlarını, Aysuna görə neçə vaxtdır evində narahatçılıq olduğunu, dəfələrlə qızlarını gəlib aparmaları üçün sifariş göndərdiklərini, lakin aparmadıqlarını, ailəsinin hazırda qayınatası evində olduğunu, Təbriz otelə gecə saat 2-də yox, 12-də çay içməyə getdiklərini, Aysunun atası və qardaşı onun üstünə gəldikləri üçün onları vurduğunu, onları vurduğuna görə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs-eyni zamanda digər Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 izahatında Aysun adlı qızı olduğunu, onu İlqar adlı bir oğlanın istədiyini, 8 mart 2021-ci il tarixdə həmin oğlanın qızının yaşadığı mənzilə hədiyyə apardığını, qızı ilə mübahisə yarandığını, Günel adından qız öz xalası oğlu Qoşqarı çağırdığını və həmin oğlanı Qoşqarın döydüyünü, həmin oğlanın ona zəng vurduğunu, “qızınızı mən düz yola çəkirəm, ancaq Qoşqar onu pis yola çəkir” dediyini, kənddən qayıdaraq şəhərə gəldiyini, İlqara zəng vurub məsələnin əslini soruşduğunu, İlqarın gəldiyini, ona niyə qızının saçından tutduğunu soruşduğunu, bu vaxt Qoşqarın da gəldiyini, İlqarın qulağına pıçıltı ilə nəsə dediyini, həmin vaxt qızının Qoşqarla münasibəti barədə məlumatı olmadığını, ona görə də Qoşqara “biz qohumuq, arada qızlara nəzarət et” dediyini, onun xəyanətkar insan olduğunu bilmədiyini, həmin vaxtdan Qoşqarın qızı Aysunla münasibətinin olduğunu, qızını pis yola çəkdiyini, vasitəçilik edən şəxsin Günel adlı şəxs olduğunu, 18 mart 2021-ci ildə Təbriz oteldə işləyən qardaşının kürəkəni qardaşının oğluna zəng edərək Aysunu bir oğlanın gecə saat 2-də otelə gətirdiyini dediyini, ertəsi gün şəhərə gəlib məsələnin nədən ibarət olduğunu araşdırdığını, həmin vaxt Qoşqarın dostu ilə otelə gedərək həmin şəxsi təhdid etdiyini, bunu bildikdən sonra Qoşqara uşağından uzaq gəzməsini dediyini, hətta ata-anasına bu barədə məlumat verdiyini, lakin hər vasitə ilə Qoşqarın qızını aldatdığını, dəfələrlə məlumat verməyinə baxmayaraq ona məhəl verməyib nalayiq hərəkətlər etdiyini, bütün cəhdlərinə baxmayaraq onlara məhəl verməyib qızının nalayiq şəkillərinin olması ilə hədələdiyini, şəkilləri maşınlara vuracağını bildirdiyini, yaxın qohumlarından qızının yaşadığı yerə nəzarət etməsini xahiş etdiyini, lakin hər dəfə getdikdə Qoşqarın orada olduğunu ona bildirdiklərini, 2 dəfə polis orqanına da müraciət etdiyini. İyun ayının 15-də oğlunu və bacanağının oğlunu nəzarətə göndərdiyini, saat 12-də Qoşqarın Aysunla görüşdüyünü dediklərini, insan kimi onu başa salmalarını uşaqlara dediyini, ayın 16da bacısı qızı İlkindən evə nəzarət etməsini xahiş etdiyini, gecə birin yarısı yenə də Qoşqarın Aysunla görüşdüyünü ona deyildiyini, 17 iyun tarixində oğlu ilə özünün şəhərə gəldiyini, otaq yoldaşlarının Aysunun başqa yerə köçdüyünü dediklərini, oğlu ilə həmin ünvana getdiyini, biraz keçdikdən sonra saat 12 radələrində Qoşqarın Aysunla birlikdə maşınla gəldiyini, onları görüb qaçdıqlarını, binanın qabağına keçəndə Qoşqarın maşını onların üstünə südüyünü, geri çəkildiklərini, onun maşından düşüb kiçik yaşlı oğlunun boğazından yapışıb yerə yıxdığını, yumruqlamağa başladığını, uşağı onun əlindən almaq istəyəndə onun başına, üzünə zərbələr endirdiyini, bacısı oğlu İlkinin də orada olduğunu, gözündən əməliyyat keçirdiyi üçün onu yaxına qoymadığını, 102 zəng vurmasını dediyini, İlkinin polisə zəng vurduğunu, polis əməkdaşlarının gəlib onları şöbəyə apardığını, orada şəkillərini çəkib kitaba saldığını, evə buraxdığını, səhəri günü Qoşqardan şikayət edərək ərizə verdiyini, onu və oğlunu döydüyünə və xəsarət yetirdiyinə görə qanuni şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında atası-qanuni nümayəndəsi ilə birlikdə iştirakç edən Zərərçəkmiş şəxs2 izahatından bacısı Aysunun bu şəxsə görə hər kəsdən imtina etdiyini, onların telefon nömrəsini bloka saldığını, bacısı ilə neçə gündür əlaqə saxlaya bilmədiklərini, hamısının səbəbkarı Qoşqar olduğunu bildirib onun qanuni şəkildə cəzalandırılmasını məhkəmədən xhaiş etdi. X2 izahatında Bəhlulun onun dayısı və Hüseynin dayısı oğlu olduğunu, dayısını binanın qarşısında gözlədiyini, Qoşqarın onu vurduğunu, iki dəfə 102 xidmətinə zəng vurduğunu, daha sonra binada olan başqa şəxsin də 102 xidmətinə zəng vurduğunu, polis əməkdaşlarının gəldiyini, onu da Polis İdarəsinə dəvət etdiklərini bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən 18.06.2021-ci il tarixli 48 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alnın sol yarısında qançır üzərində dörd ədəd sıyrıq, sol gözünün üst qapağındakı qançır, sol almacıq nahiyyəsindəki qançır, sol gicgah nahiyyəsindəki şişkinlik, sol bazudakı qançırlar, sağ dirsək büküşü nahiyyəsindəki qançır, sol saidindəki sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən 18.06.2021-ci il tarixli 49 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol çiyin qurşağı, döş qəfəsinin ön səthindəki sifətin sağ yarısındakı, boynun sağ yan səthindəki və sağ əlindəki sıyrıqlar küt küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan şəhər Poliklinkası publik hüquqi şəxs tərəfindən 19 iyun 2021-ci il tarixdə verilmiş 90 nömrəli icbari tibbi müayinə vərəqəsindən aydın olur ki, Şəxs “sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 19 iyun 2021-ci il tarixli 399 nömrəli arayışdan görünür ki, Məmmədov X5 MR Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş 19 oktyabr 2020-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 19 iyun 2021-ci il tarixdə saat 09:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta əməlinin Zərərçəkmiş şəxs2 qarşı törədilməsini-yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini, məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 45 (qırx beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 iyun 2021-ci il tarixdən saat 09:10-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar