Məhkəmə qərarları › İş №3(078)-84/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-84/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-84/2021 24.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 24 iyun 2021-ci il tarixli, 4/2437 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 24 iyun 2021-ci il tarixli, 009883 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 24 iyun 2021-ci il tarixli, 009883 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 24 iyun 2021-ci il tarixdə saat 09 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində ictimai yerdə yüksək səslə səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhərində yaşadığını, işsiz olduğunu, ara-sıra iş olduqda fəhləliklə məşğul olduğunu, uzun müddətdir işsiz olduğu üçün qardaşı Anardan ona iş tapmasını istədiyini, qardaşının da ona ayın 22-i 23-ü iş tapacağına söz verdiyini, bu gün, yəni 24 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər Nizami küçəsi ilə hərəkət edərkən birdən Anarın ona söz verdiyi vaxtdan ötdüyünün yadına düşdüyünü, Anara zəng etdiyini, işin nə yerdə olduğunu soruşduğunu, Anarın da ona acı-acı sözlə “nə olub ki, tapacam” deyib telefonu söndürdüyünü, Anarın bu hərəkətinin onu əsəbləşdirdiyini, böyük qardaşı olduğu üçün ona bir söz deyə bilmədiyini, telefonu yerə çırpıb özündən asılı olmayaraq yüksək səslə söyüş söydüyünü, bu zaman ona polis geyimində bir nəfərin yaxınlaşdığını, özünü təqdim edib polis sahə inspektoru olduğunu bildirdiyini, ona etdiyi əməlin inzibati xəta olduğunu bildirib mahiyyətini izah etdiyini, onu Naxçıvan şəhər Polis İdarəsinə dəvət etdiyini, onun da səhvini başa düşüb polis idarəsinə gəldiyini, etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini, 24 iyun 2021-ci il tarixdən inzibati qaydada tutulduğunu bildirərək məhkəmədən ona yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X2 məhkəməyə verdiyi izahatında tələbə olduğunu, Naxçıvan şəhərində kirayə yaşadığını, bu gün, yəni 24 iyun 2021-ci il tarixdə kirayə yaşadığı evə gedərkən Nizami küçəsində saat 09 radələrində bir nəfər şəxsin uca səslə səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini gördüyünü, həmin an polis əməkdaşının həmin şəxsə yaxınlaşdığını gördüyünü, bu məsələnin onun diqqətini çəkdiyi üçün o tərəfə getdiyini, polis əməkdaşının həmin şəxsi polis idarəsinə dəvət etdiyini, onun da gördüklərinə şahidlik etməyini xahiş etdiyini, xahişi qəbul etdiyini, sonradan səs-küy salan şəxsin adının Şəxs olduğunu öyrəndiyini bildirdi. İş materiallarına əlavə olunmuş Akademik Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası Publik Hüquqi şəxs tərəfindən verilmiş 24.06.2021-ci il tarixli, 91 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona sağlam diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 408 nömrəli arayışa əsasən Şəxs həmin qurumda qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X5 Şəxs Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 243 nömrəli arayışa əsasən Məmmədov X3 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümyəndəlik tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs bir azyaşlı övladı vardır. İş materiallarına əlavə olunmuş 24 iyun 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 24 iyun 2021-ci il tarixdə, saat 09:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını və bir azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, məsuliuyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 24 iyun 2021-ci il tarixdən saat 09:20-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 24 iyun 2021-ci il tarixdən, saat 09:20-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar