Məhkəmə qərarları › İş №3(078)-86/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-86/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-86/2021 09.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, Şəxs vəkili X2 iştirakı ilə, 01.08.1997-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 09 iyul 2021-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində xırda xuliqanlıq etmiş, polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 08 iyul 2021-ci il tarixdə içkili olduğunu, narahat olduğunu, əlində daşı oynada-oynada getdiyini, birdən daşı fırlatdığını, gedib bir evin pəncərəsinə dəydiyini, pəncərənin qırıldığını, qorxduğunu, qaçdığını, blokda oturduğunu, polislərin gəldiyini, onu tapdıqlarını, heç nə soruşmadan onu vurmağa, söyməyə başladıqlarını, şəxsiyyətini alçatdıqlarını, söyüşlər söydüklərini, 4-5 dənəsinin üstünə düşdüyünü, onu döyməyə başladığını, özünü müdafiə etmək üçün qarşılıq verdiyini, sonra onu şöbəyə gətirdiklərini, burda da eyni olaraq şiddət uyquladıqlarını, şöbənin kamerasında da olduğunu, çox peşman olduğunu, içkinin adamı özündən çıxartdığını, qırdığı pəncərəni də günü bu gün düzəltdirməyə razı olduğunu, ev sahibindən çox-çox üzr istədiyini, bilərəkdən olmadığını bildirməklə, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, hal-hazırda Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 13/15, ev 20-də kirayə yaşadığını, həmin məhəllədə 2 qızı ilə birlikdə yaşadığını, 09 iyul 2021-ci il tarixdə, saat təxminən 03:00 radələrində evində yatdığını, mənzilinin H.Əliyev prospektinə baxan pəncərələrinin açıq olduğunu, möhkəm səslə səs-küy gəldiyini eşitdiyini, yuxudan durub pəncərəyə yaxınlaşan zaman bir nəfər tanımadığı şəxsin çığır-bağır etdiyini və onların binasına daş atdığını gördüyünü, dərhal 102 xidmətinə zəng edərək polisə bu halla bağlı məlumat verdiyini, polis əməkdaşlarının oraya gələrək onun pasport məlumatları ilə bağlı qeydiyyat apardığını, həmin şəxsin tapılması ilə bağlı müvafiq işlər görəcəklərini ona bildirərək onun bu məsələ ilə bağlı şahidlik etməsini xahiş etdiklərini, qəbul etdiyini, Naxçıvan Şəhər Polis İdarəsinə gələn zaman həmin şəxsin Şəxs olduğunu öyrəndiyini, onu tanımadığını, 1-ci dəfədir gördüyünü bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində ictimai yerdə küçədə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbinə tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 03/989 nömrəli arayışa əsasən, Can X3 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqüd ödənilmir. İş üzrə Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 92 nömrəli icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş materiallarına əlavə olunmuş 09 iyul 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 09 iyul 2021-ci il tarixdə, saat 09:15-də inzibati qaydada tutulmuşdur. Naxçıvan şəhər X8 publik hüquqi şəxsi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 2424 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs alkoqol sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə törədilmiş inzibati xətanın xarakterini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar