Məhkəmə qərarları › İş №3(078)-87/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-87/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-87/2021 09.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, 25.06.1987-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 09 iyul 2021-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində xırda xuliqanlıq etmiş, polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 08 iyul 2021-ci il tarixdə Grand Hotelin padvalında pivənoyda tək oturub pivə içdiyini, durub hesabı ödəyib gedərkən Qəhrəman və Coşqunun gəldiyini, onu yanlarına dəvət etdiklərini, onların yanında gedib oturduğunu, bir müddət sonra içəridə tanımadığı şəxslərin dava etmək istədiklərini, araya girib aralaşdıraraq yola saldıqlarını, sonra öz yerlərinə qayıdıb içməyə davam etdiklərini, bir neçə saatdan sonra adını bilmədiyi polis nəfərinin onlara yaxınlaşıb hesabı verib getməklərini istədiyini, ona burdakı digər müştərilərin getməyib də onları göndərmələrinin səbəbini soruşduqlarını, bunun qarşılığında mübahisə yarandığını, polis əməkdaşlarının gəlib onları polis bölməsinə apardıqlarını, səs-küy yaratmağın, ictimaiqaydanı pozmağın məsuliyyətə səbəb olduğunu bilmədiyini bildirməklə, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. X7 məhkəmədə şahid qismində verdiyi izahatında, Grand restoranında nəzarətçi vəzifəsində işlədiyini, 09 iyul 2021-ci il tarixdə gecə saatlarında zirzəmidə yerləşən restoranda müştərilər arasında mübahisə yarandığını müşahidə etdiklərini, restoranda mübahisənin böyüməməsi üçün mühafizə polisinin əməkdaşına məsələ ilə bağlı məlumat verdiyini, onun da restorana gələrək müştərilər arasında mübahisə və səs-küy edənlərdən sakitliyə riayət etmələrini və digər müştərilərin istirahətlərinə maneçilik törətməmələrini xahiş etdiyini, bu hal bir neçə dəfə baş verdiyi üçün polis əməkdaşının yenidən ora yaxınlaşıb 3 nəfər şəxsin əyləşdiyi masaya yaxınlaşaraq onlara xəbərdarlıq etdiyini, həmin şəxslərin onun xəbərdarlığına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiklərini, mübahisənin böyüyəcəyini görüb restoranı vaxtından əvvəl bağlamağa qərar verdiklərini, müştərilərə restoranın bağlandığını bildirdiyini, yuxarıda bildirdiyi masadakı şəxslərin bu qərarla razılaşmayıb “bizi burdan heç kim qaldıra bilməz, gedin müdirə Asimangil əyləşib deyin, özü biləcək” dediklərini, polis əməkdaşının və otelin mühafizəçisinin onları restorandan uzaqlaşdırmağa çalışdıqlarını, mühafizə polisi əməkdaşının kömək üçün növbədə olan polis əməkdaşlarının gəlməsini xahiş etdiyini, həmin şəxslərin restorandan çıxaraq restoranın qarşısında mübahisə etdiklərini, otelin mühafizəçisi Zamiqin içəriyə gəlib restoranda mübahisə edən şəxslərin çöldə də polis əməkdaşları ilə mübahisə etdiklərini və polisə tabe olmadığını bildirdiyini, restorandan çıxan zaman əlavə polis əməkdaşlarının gəldiyini gördüyünü, mübahisə edən şəxsləri Polis İdarəsinə dəvət etdiklərini, idarədə olan zaman həmin şəxslərin Naxçıvan şəhər sakinləri Qəhrəman Heydərov və Şəxs olduğunu bildiyini bildirdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, Babək rayonu, Şəkərabad kəndində yaşadığını, gününün çox hissəsini dostları ilə birgə Naxçıvan şəhərində keçirdiyini, 08 iyul 2021-ci il tarixdə əvvəldən tanıdığı Qəhrəman adlı tanışının ona zəng edərək “görüşək, gedək Grand Hotelin restoranında yeyib-içək” dediyini, razılaşdıqlarını, şəhərdə görüşüb Grand restoranına getdiklərini, içki içdiklərini, yan masada əyləşən Qəhrəmanın tanışı Asimanı da Qəhrəmanın onların masasına dəvət etdiyini, onun da onlara qoşulduğunu, əvvəlcə pivə içib sonra viski ilə davam etdiklərini, restoranda bir az mübahisə yarandığnı, Qəhrəmanın mübahisə edən şəxslərə yaxınlaşıb onları sakitləşdirmək istədiyini, bir az sonra mühafizə polisinin onlara yaxınlaşıb sakitçiliyə riayət etmələrini xahiş etdiyini, bir az sonra yenidən yaxınlaşıb restoranın bağlandığını, məclisi yekunlaşdırıb durmağı xahiş etdiyini, yan masadakıların durmadığını gördüklərini, Qəhrəmanın da “onlar dursun, biz də duraq” dediyini, özünün də dostlarına duraq gedək, məsələ böyüməsin dediyini, onları sakitləşdirməyə çalışdığını, masadan qalxdıqlarını, çölə çıxdıqlarını, şotu ödəmək üçün aşağı endiyini, çölə çıxanda Qəhrəmanla Asimanın polislə mübahisə etdiyini gördüyünü, onları sakitləşdirmək istədiyini, içkili olduqları üçün Qəhrəman və Asimanı sakitləşdirə bilmədiklərini, əlavə kömək üçün polis əməkdaşlarının da onların yanına gəldiyini, onları Polis İdarəsinə dəvət etdiklərini, əvvəl Asimanın nalayiq ifadələr işlədərək maşına minmək, polislərlə idarəyə gəlmək istəmədiklərini, sonra polis əməkdaşlarının onunla Asimanı bir maşına, Qəhrəmanı isə ayrı maşına əyləşdirərək Polis İdarəsinə gətirdiklərini, sonra onların sərxoşluqla bağlı müayinədən keçmələrini xahiş etdiklərini bildirdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, Naxçıvan MR DİN-də mühafizə Polis Şöbəsinin polis bölüyünün polis nəfəri vəzifəsində xidmət apardığını, 08.07.2021-ci il tarixdə Grand Hoteldə xidməti postuna təyin olunduğunu, 09.07.2021-ci tarixdə axşam saatlarında saat təxminən ----- radələrində müdriyyətin onu çağıraraq otelin zirzəmisində yerləşən restoranda mübahisə yarandığını bildirdiyini, restorana endiyini, orada bir masada əyləşən 3 nəfər şəxsin əyləşdiyi masada yüksək səslə mübahisə olduğunu və nalayiq ifadələr işlətdiyini müşahidə etdiyini, həmin masaya yaxınlaşdığını, onların ikisinin mübahisə etdiyini, bir nəfərin isə onları sakitləşdirdiyini gördüyünü, həmin iki şəxsə özünü təqdim edib onları nizam-intizama dəvət etdiyini, onların müştərilərin istirahətlərini pozduqlarını, sakit vəziyyətdə öz istirahətlərinə davam etməyini xahiş etdiyini, onların içərisində adının Coşqun olduğunu bildirən şəxsin də onun sözünü təsdiqlədiyini, digər iki nəfər şəxs- Qəhrəmanın və Asimanın ona qarşı kobudluq edərək öz hərəkətlərini davam etdirdiklərini, onları sakitləşdirə bilmədiyini görüb 102 xidmətinə zəng edərək polis əməkdaşlarını məsələnin aydınlaşdırılması üçün gəlmələrini xahiş etdiyini, növbədə olan polis zabitlərinin oraya yaxınlaşdıqlarını, onlar gəldiyi zaman da Qəhrəmanın və Asimanın da restorandan çıxmaq istəmədiklərini deyərək nalayiq ifadələr işlədib qəsdən polis əməkdaşlarına və ona tabe olmayaraq xidməti vəzifələrini icra etmələrinə maneçilik törətdiklərini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Naxçıvan şəhəri, Grand Hotelin padvalında ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbinə tabe olmamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 03/988 nömrəli arayışa əsasən, Nəsirov X4 şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqüd ödənilmir. İş üzrə Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 94 nömrəli icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş materiallarına əlavə olunmuş 09 iyul 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 09 iyul 2021-ci il tarixdə, saat 10:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 09 iyul 2021-ci il tarixdən, saat 10:20-dən hesablanmalıdır. Naxçıvan şəhər X10 publik hüquqi şəxsi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 2425 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs alkoqol sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 14 (on dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 09 iyul 2021-ci il tarixdən, saat 10:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar