Məhkəmə qərarları › İş №3(078)-88/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-88/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-88/2020 24.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Babək rayon Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, müvəqqəti işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2020-ci il tarixdə Babək rayon Cəhri kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Qoçüstü məhəlləsi, 2/52 ünvanında yaşayan X1 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrindəŞəxs onu döymüşdür. X8 qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru F.Həsənov tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə 009740 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilərək izahatında zərərçəkmiş şəxslə sevgili olduğunu, aralarında hər hansı problem olmadığını, Arzuya zəng vursa da telefonunu açmadığından onların məhəlləsinə getdiyini, orada Arzunu başqa bir oğlanla gördüyünü, qolundan tutub maşına apardığını, orada söhbət etdiklərini, ondan niyə bu cür hərəkət etdiyini soruşduğunu, Arzunun telefonuna baxanda mesajları gördüyünü, qızla mesajlaşdığını, orada başqa bir nəfərin onunla tanış edəcəyini oxuduğunu, əsəbləşib Arzunu vurduğunu, həmin gün Arzunun polisə müraciət etdiyini, səhəri onu polis şöbəsinə dəvət etdiklərini, Arzu şikayətini geri götürdüyündən onu da evə göndərdiklərini, dünən isə Arzunun bir daha polisə müraciəti olduğundan onu polisə çağırdıqlarını, bir neçə gündür ki, hər gün polisə gedib gəldiyini, lakin onu polisdə saxlamadıqlarını, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X2 Kamran İlqar oğlunun onu döydüyünü, döyməsinə səbəb Kamranla ayrılmaq istədiyini ona bildirməsi, bunun qarşılığından Kamranın onu vurması olmuşdur. Beşinci gün noyabrın 20-də hadisə baş vermiş, həmin gün bacısı ilə birlikdə polisə müraciət etmişdir. Daha sonra Kamranın anası, bütün qohumları ona müraciət etmiş, şikayətini geri götürmələrini istəmişdir. O isə polisə gedərək sadəcə bu barədə fikirləşəcəyini bildirmiş, şikayətini geri götürməmişdir. 23 noyabrda onu müayinəyə aparan zaman xəsarətləri göstərilmişdir. Kamranı bağışlamır, qanuni şəkildə cəzalandırılmasını istəyir. Çünki Kamran onu döyən zaman dodağı partlamış, burnu qanamış, saçından bərk tutmuş, başından ağrı olmuşdur. Buna görə də qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən xx.xx.2020-ci il tarixli 89 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- üst dodağın sağ yarısındakı qançır küt əşyanın təsirindən törənmişdir. Müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş üzrə akademik Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası PHŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 3219 nömrəli məktuba əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 495 nömrəli arayışdan görünür ki, Həsənov X5 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:05-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti xx.xx.2020-ci il tarixdən hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar