Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-88/2021 09.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 18 fevral 1986-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod-1QTEGZ0), ali təhsilli, evli, 1 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 09 iyul 2021-ci il tarixli, 009887 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin polis sahə inspektoru X4 tərəfindən tərtib olunmuş 09 iyul 2021-ci il tarixli, 009887 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 iyul 2021-ci il tarixdə Naxçıvan şəhər, C,M.Quluzadə küçəsində X15 barında xırda xuliqanlıq edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bildiyini, 09 iyul 2021-ci il tarixdə Grand Hotelin klubunda Zaur və Coşqun adlı tanışları ilə oturub pivə içdiyini, sonra Asiman adlı tanışının gəldiyini, olduqları ortamda başqa şəxslərin də olduğunu, səs-küy yarandığını, tanımadığı şəxsin oranın işçiləri ilə mübahisə etdiklərini, onları aralaşdırıb sakitləşdirdikdən sonra yerinə əyləşdiyini, sonra onlara obyektin bağlandığının deyildiyini və qalxmaqlarının tələb olunduğunu, onların da masada “bizdən başqa insanlar var” dediklərini, "onlar qalxanda biz də qalxarıq" dediklərini, sonra mübahisə yarandığını və polis əməkdaşlarının gəldiyini, onu və yanında olan iki tanışını da Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini tutduğu əməldən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X5 izahatında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 Polis Bölməsində polis nəfəri vəzifəsində xidmət apardığını, 08 iyul 2021-ci il tarixdə Grand Hoteldə xidmət postuna təyin olunduğunu, 09 iyul 2021-ci il tarixdə axşam saatlarında saat təxminən 02 radələrində müdiriyyətin onu çağıraraq otelin zirzəmisində yerləşən restoranda mübahisə yarandığını bildirdiklərini, özünün restorana endiyini, orada bir masada əyləşən 3 nəfər şəxsin əyləşdiyi masadan yüksək səslə mübahisə etdiklərini və nalayiq ifadələr işlətdiklərini müşahidə etdiyini, həmin masaya yaxınlaşdığını, onların ikisinin mübahisə etdiyini, bir nəfərin isə onları sakitləşdirdiyini gördüyünü, həmin o iki şəxsə özünü təqdim etdiyini, onları nizam-intizama dəvət etdiyini, onların müştərilərin istirahətlərini pozduqlarını bildirib sakit vəziyyətdə öz istirahətlərini davam etdirmələrini xahiş etdiyini, onların içərisində adının Coşqun olduğunu bildirən şəxsin də onun sözünü təsdiqlədiyini, digər iki nəfər şəxsin, yəni Qəhrəman və Asimanın ona qarşı kobudluq edərək öz hərəkətlərini davam etdirdiklərini, özünün də onları sakitləşdirə bilmədiyini görüb 102 xidmətinə zəng edərək polis əməkdaşlarının məsələnin aydınlaşdırması üçün gəlmələrini xahiş etdiyini, növbədə olan polis zabitlərinin oraya yaxınlaşdıqlarını, onlar gəldiyi zaman da Qəhrəman və Asimanın restorandan çıxmaq istəmədiklərini dediklərini, nalayiq ifadələr işlədib qəsdən polis əməkdaşlarına və ona tabe olmayaraq onların xidməti vəzifələrini icra etmələrinə maneçilik törətdiklərini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X9 izahatında Grand restoranında nəzarətçi işlədiyini, bu gün yəni 09 iyul 2021-ci il tarixdə gecə saatlarında zirzəmidə yerləşən restoranda müştərilər arasında mübahisə yarandığını müşahidə etdiklərini, restoranda mübahisənin böyüməməsi üçün Holding mühafizəsinə cavabdeh mühafizə polisinin əməkdaşına məsələ ilə bağlı məlumat verdiyini, onun da restorana gələrək müştərilər arasında mübahisə və səs-küy edənlərdən sakitliyə riayət etmələrinə, normal şəkildə öz istirahətlərini davam etdirmələrini, digər müştərilərin istirahətlərinə maneçilik törətməmələrini onlardan xahiş etdiyini, bu halın bir neçə dəfə təkrarlandığını, polis əməkdaşının da buna görə yenidən oraya, yəni üç nəfər şəxsin oturduğu masaya yaxınlaşaraq onlara xəbərdarlıq etdiyini, həmin şəxslərin isə polis əməkdaşının xəbərdarlığına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiklərini, mübahisənin böyüyəcəyini görüb restoranı vaxtından əvvəl bağlamağa qərar verdiklərini, müştərilərə restoranın bağlandığını bildirdiklərini, həmin masadakı şəxslərin bu qərarla razılaşmayıb, "bizi burdan heç kim qaldıra bilməz, gedin müdirə deyin Asimangil əyləşib özləri bilər" dediklərini, polis əməkdaşının və otelin mühafizəsinin onları restorandan uzaqlaşdırmağa çalışdıqlarını, mühafizə polisinin əməkdaşının kömək üçün növbədə olan polis əməkdaşlarının gəlməsini xahiş etdiyini, həmin şəxslərin restorandan çıxaraq restoranın qarşısında mübahisə etdiklərini, otelin mühafizəçisi Zamiqin içəriyə gəlib restoranda mübahisə edən şəxslərin çöldə də polis əməkdaşları ilə mübahisə etdiklərini və polisə tabe olmadıqlarını bidirdiyini, onun restorandan çıxarkən əlavə polis əmkdaşlarının gəldiklərini gördüyünü, polis əməkdaşlarının mübahisə edən şəxsləri polis idarəsinə dəvət etdiklərini, polis əməkdaşlarının ondan da gördükləri ilə bağlı şahidlik etməyini istədiklərini, onun da qəbul etdiyini, polis idarəsində olan vaxt həmin şəxslərin Naxçıvan şəhər sakinləri Şəxs və Asiman Nəsirov olduqlarını öyrəndiyini bildirdi. Məhkəmə iclasında izahat verən şahid X1 izahatında gününün çox hissəsini dostları ilə birgə Naxçıvan şəhərində keçirtdiyini, 08 iyul 2021-ci il tarixdə əvvəldən tanıdığı Qəhrəman adlı tanışının ona zəng edərək "görüşək gedək Grand Hotelin restoranında yeyib içək" dediyini, razılaşıb şəhərdə görüşdüyünü, Grand restoranına getdiyini, içki içdiklərini, yan masada əyləşən Qəhrəmanın tanışı Asimanı da onların masasına dəvət etdiyini, Asimanın da onlara qoşulduğunu, əvvəlcə pivə içib sonra viski ilə davam etdiklərini, restoranda biraz mübahisə yarandığını, Qəhramanın mübahisə edən şəxslərə yaxınlaşıb onları sakitləşdirmək istədiyini, bir az sonra mühafizə polisinin onlara yaxınlaşıb sakitçiliyə riayət etmələrini xahiş etdiyini, bir az sonra yenidən yaxınlaşıb restoranın bağlandığını, yekunlaşdırıb məclisdən durmaqlarını xahiş etdiyini, bir də yan masadakıların durmadığını gördüklərini, Qəhramanın "onlar dursun bizdə duraq" dediyini, onun dostlarına "duraq gedək məsələ böyüməsin" dediyini, onları sakitləşdirməyə çalışdığını, masadan qalxdıqlarını, çölə çıxdıqlarını, şotu kəsmək üçün aşağı endiyini, çölə çıxanda Qəhrəmanla Asimanın polislə mübahisə etdiyini, onları sakitləşdirmək istədiyini, içkili olduqları üçün Qəhrəman və Asimanı sakitləşdirə bilmədiklərini, əlavə kömək üçün polis əməkdaşlarının onların yanına gəldiklərini, onları polis idarəsinə dəvət etdiklərini, əvvəl Asimanın nalayiq ifadələr işlədərək maşına mindiyini, polislərlə idarəyə getmək istəmədiyini, sonra polis əməkdaşları onla Asimanı bir maşında, Qəhrəmanı isə bir maşında əyləşdirərək polis idarəsinə gətirdiklərini bildirdi. İş materiallarında olan 10.03.2021-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin polis sahə inspektoru Elnur Muradov tərəfindən verilən raportdan görünür ki, Şəxs 09 iyul 2021-ci il tarixdə 102 qaynar xidmətinə daxil olmuş zəng əsasında C.M.Quluzadə keçəsində yerləşən X15 barında mübahisə yaratmış, Elnur Muradov da həmin yerə getmiş, həmin yerdə Naxçıvan şəhər sakinləri 1986-cı il təvəllüdlü Şəxs və 1987-ci il təvəllüdlü X3 xırda xuliqanlıq hərəkətləri etdiyini müşahidə etmiş, həmin yerdə xidmət aparan polis əməkdaşının da həmin şəxslərə xırda xuliqanlıq hərəkətləri etdikləri üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun sözlərinə məhəl qoymayaraq onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. İş materiallarına əlavə olunmuş Akademik Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası Publik Hüquqi şəxs tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 93 nömrəli icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona sağlam diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 03/987 nömrəli arayışa əsasən Şəxs həmin qurumda qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X10 Şəxs Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 246 nömrəli arayışa əsasən Heydərov X2 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 09 iyul 2021-ci il tarixdə saat 10:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin inzibati xətaların törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün izahatı və şahidlərin izahatları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən halı nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində 12 gün müddətinə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 09 iyul 2021-ci il tarixdən saat 10:20-dən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 14 (on dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 09 iyul 2021-ci il tarixdən saat 10:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-88/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-88/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver