Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-9/2021 29.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, xx.xx.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir uşaq atası, orta təhsilli, işsiz, Naxçıvan şəhəri, H.Əliyev prospekti ev-29, mənzil-11 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Vətəndaş Şəxs xx xxxxxx 2021-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində xidmət aparan Naxçıvan Şəhər Polisi İdarəsinin əməkdaşının qanuni tələbinə tabe olmayaraq ictimai yerdə ucadan səs-küy salmış, polis əməkdaşı onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında həqiqətən də, xx xxxxxx 2021-ci il tarixdə Naxçıvan şəhəri, səhər saatlarında yaşadığı Naxçıvan şəhər H.Əliyev prospekti, ev-29, mənzil-11 ünvanında olarkən atasının əvvəllər şəxsi münaqişəsi olduğu sahə müvəkkili Nuriyev Rəşadətin onu çağırdığını və qapıda gözlədiyini bildirmiş, ona polis idarəsinin rəisinin onu çağırdığını və gəlməsini bildirimişlər. Şəxs paltarlarını geyinib gəldikdə sahə müvəkkili onu digər şəxslərin yaşadığı bloka apararaq ciblərini axtarmağa başlamış etiraz etdikdə isə sinəsindən itələyərək yenidən axtarmağa başlımış və aralarında mübahisə yaranmış, əsəbi olduğu üçün ucadan səs-küy saldığını, polis əməkdaşlarının onu Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiyi zaman özünün polisin qanuni tələbinə məhəl qoymamış Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X2, Naxçıvan Şəhər 1 saylı Mənzil İstismar İdarəsində sahə rəisi vəzifəsində çalışdığını, bununla bağlı xx.xx.2020-ci il tarixdə H.Əliyev prospektində təmizlik işləri aparılan zaman, 29 saylı mənzilin qarşısında səs-küy eşitdiyini, ərazi sahə inspektoru Nuriyev Rəşadət və əlavə bir nəfər polis əməkdaşı ilə birlikdə binanın həyətində tanımadığı bir şəxsi sakitləşdirib polis idarəsinə dəvət etdiklərini gördüyünü, lakin həmin şəxsin polisin qanuni tələbinə məhəl qoymadığını səs-küy salmağa davam etdiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospektində xidmət aparan Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşının qanuni tələblərinə tabe olmayaraq ictimai yerdə ucadan səs-küy salaraq polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan şəhər polikilinikası publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 3885 nömrəli arayışa əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Naxçıvan şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 03/152 nömrəli arayışdan görünür ki, Əsədov X1 MR Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Naxçıvan şəhər Şöbəsi qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində cəz təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun.
2. Həbs olunmanın əvvəli xx xxxxxx 2021-ci il saat 14:30-dan hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Hakim Qabil Məmmədov