Məhkəmə qərarları › İş №3(078)-90/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-90/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-90/2021 14.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, iki uşaq atası, ali təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 14.07.2021-ci il tarixdə Naxçıvan şəhəri, 20 Yanvar küçəsində ictimai yerdə ucadan səs-küy salaraq mübahisə etdiyindən polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 14 iyul 2021-ci il tarixdə tezdən Əkbərə zəng vurduğunu, “hardasan” dediyini, Hüseyn Cavid məqbərəsinin arxasından keçdiyini dediyini, Əkbərin də “şəhərdəyəm, orda gözlə, gəlirəm” dediyini, təqribən 15-20 dəqiqə sonra Əkbərin yanına gəldiyini, ona “borcu niyə qaytarmırsan, 1 aydan çoxdur almısan, 1 həftəyə verəcəm demişdin” dediyini, Əkbərində ona kobud formada “işləmirəm, bilirsən, verəcəm” deyə cavab verdiyini, ona “borcu qaytar” dediyini, daha sonra Əkbərin ona nalayiq ifadə işlətdiyini, mübahisəyə başladıqlarını, bu zaman formada 1 nəfər polis əməkdaşının onlara yaxınlaşdığını, “bura parkdır, nalayiq sözlər işlətmək və səs-küy salmaq olmaz, xahiş edirəm qaydalara riayət edin” dediyini, lakin ona reaksiya vermədən Əkbərlə mübahisəyə davam etdiklərini, polis əməkdaşının onları təkrar ictimai qaydalara riayət etməyə dəvət etdiyini, bu səfər Əkbərin də, özünün də ona “get, işinlə məşğul ol, bizə qarışma” dediklərini, Əkbər Nağıyevin ona 65 manat borcunun olduğunu, bir neçə dəfə istədiyini, verəcəm dediyini bildirməklə, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. X4 məhkəmədə şahid qismində verdiyi izahatında, 14 iyul 2021-ci il tarixdə, təqribən saat 10:00 radələrində Hüseyn Cavid məqbərəsinin arxasında oturduğunu, sonra söyüşmə eşitdiyini, arxaya tərəf döndüyünü, arxa tərəfə dönəndə işıqlı divarın yanında 2 nəfərin mübahisəyə gördüyünü, təqribən 5-10 dəqiqə keçməmiş formada polis əməkdaşının yaxınlaşdığını, onlara “sakit olun, bura parkdır, ictimai qaydalara riayət edin” dediyini, onların isə polisə cavab vermədiklərini, aralarında mübahisəyə davam etdiklərini, polisin daha sonra təkrar onları ictimai qaydaya riayət etməyə dəvət etdiyini, onların isə “get, işinlə məşğul ol, bizə qarışma” deyib spora davam etdiklərini, həmin polis əməkdaşının onları Polis İdarəsinə dəvət etdiyini bildirdi. X5 məhkəmədə şahid qismində verdiyi izahatında, 14 iyul 2021-ci il tarixdə, təqribən saat 10:00 radələrində Hüseyn Cavid məqbərəsinin həyətindən keçib gedərkən arxa tərəfdən məhlədə iki nəfərin söyüşdüyünü eşitdiyini, marağa arxa tərəfə getdiyini, keçəndə məqbərənin arxa tərəfində işıqlı divarın yanında 2 nəfərin mübahisəyə gördüyünü, 1-2 dəqiqə keçməmiş formada polis əməkdaşının yaxınlaşdığını, onlara “sakit olun, bura parkdır, ictimai qaydalara riayət edin” dediyini, onların isə polisə cavab vermədiklərini, aralarında mübahisəyə davam etdiklərini, polisin daha sonra təkrar onları ictimai qaydaya riayət etməyə dəvət etdiyini, onların isə “get, işinlə məşğul ol, bizə qarışma” deyib spora davam etdiklərini, həmin polis əməkdaşının onları Polis İdarəsinə dəvət etdiyini bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 14.07.2021-ci il tarixdə Naxçıvan şəhəri, 20 Yanvar küçəsində ictimai yerdə küçədə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən 14 iyul 2021-ci il tarixdə verilmiş 1316 nömrəli arayışa əsasən, Mahmudov X2 Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Naxçıvan şəhər şöbəsində 27 noyabr 1996-cı il tarixdən qeydiyyatda durmaqla, müddətsiz üçüncü qrup əlilliyə görə hər ay 259 manat 78 qəpik məbləğində pensiya alır. İş üzrə Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən 14 iyul 2021-ci il tarixdə verilmiş 95 nömrəli icbari tibbi müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş materiallarına əlavə olunmuş 14 iyul 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 14 iyul 2021-ci il tarixdə, saat 10:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli 14 iyul 2021-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs üçüncü qrup əlil olması, səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 14 iyul 2021-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar