Məhkəmə qərarları › İş №3(078)-91/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-91/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-91/2023 27.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1980-ci il tarixdə Babək rayonu, Tumbul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 3 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, polis sahə inspektoru 26 fevral 2023-cü il tarixdə, saat 17:30 radələrində Naxçıvan şəhəri, Tumbul kəndində xidməti vəzifəsini yerinə yetirən zaman bir nəfər şəxsin kənd mağazasında ictimai yerdə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri törətməsini müşahidə etmiş, həmin vaxt həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və hərəkətlərinə son qoymasını tələb etmiş, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, 26 fevral 2023-cü il tarixdə kənd mərkəzində yerləşən ərzaq mağazasına evə ərzaq almaq üçün girdiyini, mağazaya daxil olduğunu, orada olan kəndlisinə alver etmisən çıx çölə başqalarına mane olma dediyini, orda 2 nəfər polis əməkdaşının olduğunu onlarada çölə çıxmalarını dediyini, içkili vəziyyətdə olduğu üçün nə etdiyini bilmədiyini, nə etdiyini xatırlamadığını, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 26 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində Naxçıvan şəhəri, Tumbul kəndində xidməti vəzifəsini yerinə yetirən zaman hava soyuq olduğu üçün kənd mərkəzində yerləşən ərzaq mağazasına isinmək üçün girdiyini, həmin vaxt bir nəfər şəxsin ərzaq mağazasına gəldiyini, sərxoş halda nalayiq hərəkətlər etməyə başladığını, onlara çölə çıxmalarını dediyini, onu nizamintizama dəvət etdiyini, hərəkətlərinə son qoymasını tələb etdiyini, həmin şəxsin də onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyini, onu polisin qanuni tələbinə tabe olmadığı üçün Polis Bölməsinə dəvət etdiyini bildirdi. X3 məhkəmədə şahid qismində verdiyi izahatında, 26 fevral 2023-cü il tarixdə kənd mərkəzində yerləşən ərzaq mağazasına evə ərzaq almaq üçün getdiyini, orda 2 nəfər polis əməkdaşının olduğunu, Şəxs da orada olduğunu, onun polis əməkdaşları ilə mübahisə etdiyini, polis əməkdaşlarının onu sakitləşdirməyə çalışdıqlarını, içkili olduğu üçün öz hərəkətlərini davam etdirdiyini, söyüşlər söyməyə başladığını, polis əməkdaşlarının onu Polis Bölməsinə apardıqlarını bildirdi. İş üzrə: 27 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 27 fevral 2023-cü il tarixdə, saat 12:20-də inzibati qaydada tutulmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 27 fevral 2023-cü il tarixdə verilmiş 120 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə tibbi müayinədən keçirilmiş və onda praktik sağlam diaqnozu müəyyən olunmuşdur. 26 fevral 2023-cü il tarixli, 360 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, Şəxs sərxoşluq müəyyən edilmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, polis sahə inspektoru 26 fevral 2023-cü il tarixdə, saat 17:30 radələrində Naxçıvan şəhəri, Tumbul kəndində xidməti vəzifəsini yerinə yetirən zaman bir nəfər şəxsin kənd mağazasında ictimai yerdə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri törətməsini müşahidə etmiş, həmin vaxt həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və hərəkətlərinə son qoymasını tələb etmiş, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirməyə başlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində 3 uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 27 fevral 2023-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar