Məhkəmə qərarları › İş №3(078)-92/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-92/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-92/2020 09.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, Mustafayev Xeyrulla Süleyman oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Babək rayon Qoşadizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Araz kafedə ofisiant işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon, Babək qəsəbəsi, Qoşadizə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Şəxs onu döymüşdür. Zərərçəkmiş şəxs qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin baş polis sahə inspektoru T.Qasımov tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə 009746 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Babək rayon, Qoşadizə kəndində qeydiyyatda olduğunu və haliyədə həmin ünvanda yaşadığını, 7 aydır ki, Araz kafedə ofisiant və sürücü işlədiyini, Zərərçəkmiş şəxs 15 gün olar ki tanıdığını, xx.xx.2020-ci tarixdə saat 01:00 radələrində kafedə zalda oturduğunu Rəfiqənin ona gedirəm bliyarda Elnurun yanına ki, Xatirəniu niyə işə götürüb dediyini, Rəfiqənin ora getdiyini, onlarında Rəfiqə içkili olduğuna görə işçilərlə birlikdə Rəfiqənin arxasınca getdiklərini, o, içəri Elnurun yanına girəndə onun kəndçisi Yaqubun başqa bir stolda oturanla mübahisəsi olduğunu gördüyünü, onlarla bir az söhbət edib yoluna qoyduqlarını, daha sonra Xatirənin gəldiyini, Rəfiqə ilə ferma söhbəti elədiklərini, Rəfiqənin Xatirəyə niyə fermaya getmisən dediyini, ondan sonra onun Xatirəyə işin yoxdu Rəfiqə içkilidi nə desə dinmə dediyini, mübahisə daha çox böyüsə başqa problemlər ola bilər deyə fikirləşdiyini, sonra Xatirə ilə mübahisələrinin başladığını, ona sən kimsən bu söhbətə qarışırsan dediyini, bir az sözləri olduğunu, içkili olduğu üçün ağzından Xatirəyə qarşı nalayiq söz çıxdığını, amma onu vurmadığını bildirib qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs 1 aya yaxındır Araz bliyard kafedə ofisiant işlədiyini, xx.xx.2020-ci il tarixdə saat 01 radələrində işlədiyi bliyard kafedə iş vaxtı bitdiyi üçün içəridə təmizlik işləri apardığını, bu zaman qonşuluqdakı kafeni işlədən əsl adı Rəfiqə olan Seva kimi tanıdığı və onun yanında işləyən Elvin adlı şəxsin içəri daxil olduqlarını, hərəkətlərindən spirtli içki qəbul etdiklərinin göründüyünü, Sevanın ondan çölə çıxmağını istədiyini, onun isə buna etiraz edib çölə çıxmadığını, onun ona nəyə görə orada işlədiyini, onun sənə burda işləməyəcəksən dediyini, onun isə müdirimlə məsələni həll etməklərini onlara dediyini, onların müdiri Elnuru da yaxına qoymadıqlarını, Sevanın ortalıqda olan kül qabını ona çırpdığını, həmin zaman yana çəkildiyi üçün ona dəymədiyini, bu zaman Sevanın yanında olan Elvin adlı şəxsin əli ilə onun paltarlarını cığrdığını, yanındakı stolu ona vurmaq istəyəndə yana çəkildiyini, orada qab yuyan işləyən Əsmərin onu həmin davadan Elvinin əlindən alıb kafenin mətbəxinə apardığını, polislərə zəng edib onu kafedə döydüklərini bildirdiyini sonra polis əməkdaşlarının gəldiyini bildirdi. Buna görə də qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən xx.xx.2020-ci il tarixli 96 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- döş qəfəsindəki qançır küt əşyanın təsirindən törənmişdir. Müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş üzrə akademik Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası PHŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 556 nömrəli məktuba əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 225 nömrəli arayışdan görünür ki, Məmmədov X3 MR Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Təcili X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 1230 nömrəli xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0.186 promil sərxoşluq müəyyən olunmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirilir. İzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti xx.xx.2020-ci il tarixdən hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar