Məhkəmə qərarları › İş №3(078)-94/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-94/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-94/2025 04.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, dərman firmasında analitik rəhbər işləyən, Naxçıvan şəhəri, 3-cü küçə, ev 48F qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əvvəl taksi sürücüsü kimi işlədiyini, zərərçəkmiş şəxsin qayınanası ilə tanış olduqlarını, onları harasa getmək lazım olanda özünün aparıb-gətirdiyini, zərərçəkmiş şəxslərin avtomobildə olduğunu, onları götürüb gəldiyi zaman özünün 30 km/saat sürətlə getməli olduğu yolda 50 km/saat sürətlə getdiyini, digər avtomobilin xətdən çıxaraq gəlib özünün avtomobilinin qarşısına çıxdığını, özünün də avtomobili saxlaya bilmədiyini, bu səbəbdən qəzanın baş verdiyini, özünün sürət həddini aşdığını qəbul etdiyini, ancaq belə olduğu halda özünün barəsində polis idarəsi tərəfindən protokol tərtib edilib cərimələnə biləcəyini, zərərçəkmiş şəxsləri xəstəxanaya apardıqlarını, onlara dəymiş ziyanı qarşıladıqlarını, evlərinə də getdiklərini, özünə vurulmuş ziyanın isə tam qarşılanmadığını, belə ki avtomobili təmir etdirdiklərini, ancaq yaxşı təmir etdirmədikləri üçün tez-tez avtomobildə problem yarandığını, özünün ustaya aparmalı olduğunu, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmamasını xahiş etdiyini, hal-hazırda analitik rəhbər olduğunu, avtomobil idarə etməli olduğunu, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasının onun üçün çətinlik törədəcəyini, işindən olacağını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmış, sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 318 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşağıdakı xəsarətlər: alnın ortasında kəsilmiş yara, ənsə nahiyyəsində şişkinlik, hər iki göz ətrafı nahiyyədə hematoma, üst çənədə sağdan İİ kəsici dişin tacının qırılması, diş diblərinə qansızına, sol diz oynağının qançırı, bərk küt əşyanın təsirindən törənmişdir, eləcədə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi xəsarətlərin yetrilmə müddəti tibbi arayışda qeyd olunan tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 319 nömrəli canlı şəxsin ekspertizası ekspert rəyindən görünür ki, Niyazov Aİparsian İbrahim oğlunun bədən səthi üzərində aşağıdakı xəsarət: burun yer dəyişməyən sınığı, sol diz oynağının əzilməsi və qançırı, bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, xəsarətin yetrilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığın qıssa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 1367 nömrəli ekspert rəyindən görünür ki, verilmiş məlumatlara əsasən, TOYOTA PRİUS markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını aimağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən; - «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsi (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı) mövcud yol şəraitində sürücüyə nəqliyyat vasitəsini 30 km/saat sürətdən yüksək sürətlə idarə etməyi qadağan edir. Qərarda hadisənin baş verdiyi yerin yaşayış məntəqəsi, TOYOTA PRİUS markalı avtomobilin hərəkətdə olduğu yolda 3.24 yol nişanı ilə sürət həddinin 30 km/saat olması və TOYOTA PRİUS markalı avtomobilin 50 km/saat sürətlə hərəkətdə olması göstərilmişdir. Ona görə də TOYOTA PRİUS markalı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 11 noyabr 2024-cü il tarixli qanuni nümayəndəsinin təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə X1 qanuni nümayəndəsi qismində anası Zərərçəkmiş şəxs təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar