Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-96/2021 09.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, ailəli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: 06 avqust 2021-ci il tarixdə Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla, Babək rayonu, Şıxmahmud kəndində yaşayan Seyidov X2 Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 05 avqust 2021-ci il tarixdə saat 22:00 radələrində Qədim Dünya adlanan kafedə İlkin adlı şəxs onun əyləşdiyi masada olan dolu bakalla onun baş nahiyyəsinin sağ tərəfindən vurmuşdur. Baş nahiyyəsində ağrılar var. Zərərçəkmiş şəxs İlkin adlı şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən araşdırma aparılmış və Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 09 avqust 2021-ci il tarixdə 009816 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, 05 avqust 2021-ci il tarixdə saat 10:00 radələrində dostu Ramin ilə birgə Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən Qədim Dünya kafesinə pivə (spirtli içki) içmək üçün getdiklərini, içəri girəndə kafedə oturmaq üçün boş stol olmadığını, kafedə olan ofisiantlardan birinin stollardan birində bir nəfər şəxs olduğu üçün onunla bir stolda oturmaqlarını təklif etdiyini, təkliflə razılaşdıqlarını, stola yaxınlaşdıqdan sonra həmin şəxsin də etiraz etmədiyini, dostu ilə həmin stolda oturduqlarını, oturduqdan sonra pivə sifariş etdiklərini, dostu ilə öz aralarında söyüşlə zarafat edən zaman stolda oturan digər şəxsin buna etiraz etdiyini, söyüş söydüklərini, bu zaman həmin şəxslə aralarında mübahisə olduğunu, mübahisə edən zaman həmin şəxsin yumruqla onun başından vurduğunu, sonra ayağa durduğunu, həmin şəxs onu pivə bakalı ilə vurmaq istəyəndə özünü müdafiə etmək üçün sol əlini pivə bakalına tərəf tutduğunu, pivə bakalının onun əlinə dəydiyini, sol əlinin barmağının zədə aldığını, bu zaman şəxsin əlində olan pivə bakalını arxa tərəfə itələdiyini, bakalın şəxsin başına dəydiyini, kafedə olan digər şəxslərin bunu görəndə onları ayırmaq üçün gəldiklərini, onu çölə çıxardıqlarını, sərxoş olduğunu bildirdi. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs, 05 avqust 2021-ci il tarixdə saat 22:00 radələrində Ordubad rayonundan qohumugildən Naxçıvan şəhərinə gəldiyini, Qədim Dünya adlanan kafedə özü üçün əyləşdiyini, bir-iki bakal spirtli içki, yəni pivə içdiyini, həmin vaxt ofisiantın ona yaxınlaşdığını, ona “içəridə masalarmız doludur, imkan varsa iki nəfər sizin masanızda əyləşsin” dediyini, ofisianta “tanımadığım insanları mənim masama dəvət etmə” dediyini, ofisiantın da “nə mübahisə olsa, mən yoluna qoyacam” dediyini, sonra tanımadığı iki nəfərin onun masasına əyləşdiklərini, özləri üçün pivə içdiklərini, aralarında bir-biri ilə ləyaqətsiz ifadələr işlədərək zarafat etdiklərini, bunların zarafatlarını qəbul etməyərək iradını bildirdiyini, həmin iki nəfərdən birinin ona qayıdaraq “elə mən səni də söyürəm” dediyini, onun sözünə görə həmin şəxsin sinəsindən itələdiyini, onun da onu masanın üzərində olan dolu pivə bakalı ilə baş nahiyyəsinin sağ tərəfindən vurduğunu, sonra onun başından qan gəldiyini, həmin iki nəfərdən biri- adı Ramin olan şəxsin onu xəstəxanaya apardığını, baş nahiyyəsinə 4 tikiş vurduqlarını, özünün də spirtli içki qəbul etdiyini bildirdi. İşə əlavə edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 08 avqust 2021-ci il tarixli, 60 nömrəli canlı şəxsin müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət-təpə nahiyyəsinin sağ yarısında çəp istiqamətdə yerləşmiş yara müəyyən olunmuşdur. Yara küt əşyanın təsirindən törənə bilərdi və eləcə də, münaqişə zamanı dediyi şəraitdə yaranmağa xarakterikdir. Xəsarətin müddəti müayinədən bir gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. 09 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 09 avqust 2021-ci il tarixdə, saat 09:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatları ilə, tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 09 avqust 2021-ci il, saat 09:15-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-96/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-96/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver